Deputatların siqaret müzakirəsi: `53 il çəkmişəm...`

Deputatların siqaret müzakirəsi: `53 il çəkmişəm...`
  03 Noyabr 2016    Oxunub:2672
“İlk növbədə siqaretlərin qutularının cəlbedici olmasının qarşısı alınmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında millət vəkili Novruzəli Aslanov deyib.

Deputat bildirib ki, siqaret qutularının cəlbedici olması bəzən insanları siqaret çəkməyə həvəsləndirir:“Mən oturduğum otaqda bir yoldaş siqaret açdı və ortaya qoydu. O siqaretin qutusu o qədər gözəl idi ki, onun açılıb-bağlanması belə adamı cəlbedirdi. Bu baxımdan siqaretlərin qutularının cəlbedici olmasının qarşısı alınmalıdır”.

Millət vəkili Aydın Hüseynov isə çıxışı zamanı Milli Məclisin 1992-ci illərdəki dövrünü xatırladaraq, o zaman parlamentin plenar iclasında deputatların siqaret çəkdiyini deyib: “1992-ci ildə parlamentin plenar iclaslarında deputatlar siqaret çəkirdilər. Bu gün nə yaxşı ki, belə hal yoxdur”.

Deputat Mahir Aslanov həmkarlarına dəstək olaraq bildirib ki, siqaretin reklamı qəti qadağan olmalıdır. Millət vəkilinin sözlərinə görə, xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağ ciyərlərinin şəklini siqaret qutusunun üzərinə vururlar.

“Adam siqaret qutusunun üz qabığındakı ciyərə baxanda qutunu belə açmaq istəmir”.

Deputat 53 il siqaret çəkdiyini deyib: “Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım. Siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti