135 yaşlı Azərbaycan rabitəsi

135 yaşlı Azərbaycan rabitəsi
  07 Noyabr 2016    Oxunub:6953
Çox qədim dövrlərdən rabitənin inkişafı bir-birindən təcrid edilmiş xalqların ünsiyyətə girməsindən başladı.
Orta əsrlərdə dünyanın müxtəlif bölgələrində yaşayan xalqların bir-biriləri haqqında çox səthi və bəzən də fantastik təsəvvürləri vardı. Çox az insan bir qitədən digərinə səyahət edirdi. Bu səfərlər nəinki uzun zaman tələb edirdi, həm də bir çox hallarda insan həyatı üçün təhlükəli idi. Məsələn, Venesiyalı səyyah Marko Poloya öz ölkəsindən Uzaq Şərqə səyahət edib qayıtması üçün 24 il vaxt lazım olmuşdu. İndiki zamanda Yer kürəsini tam dövr etməyə sadəcə bir neçə gün vaxt, dünyanın ən ucqar iki nöqtəsi arasında informasiya və maliyyə əməliyyatlarını həyata keçirmək üçün isə cəmi bir neçə saniyə vaxt lazımdır.

Rabitə yeni fenomen deyil, lakin müasir dövrümüzdə o fərqli xarakter alıb. Bu imkanlardan nəinki dövlətlər və hüquqi şəxslər öz iş fəaliyyətlərində istifadə edir, adi insanlar da sosial şəbəkələr və internetin irəli sürdüyü digər imkanlardan istifadə edərək əlaqə saxlayır, müxtəlif xarakterli informasiya mübadiləsi aparırlar. Başqa sözlə, dünyamız həqiqətən də “kiçik bir kəndə” çevrilməkdədir. Bu prosesdə heç şübhəsiz Rabitə sahəsində elmi-texniki tərəqqinin irəli sürdüyü imkanlar mühüm rol oynayır və gələcəkdə də bu imkanlar artdıqca, qloballaşma prosesi daha da dərinləşəcəkdir. 1945-ci ildə atom bombasının partladılmasından sonra Albert Eynşteyn demişdi ki, dünya XX əsrin sonlarında əhəmiyyəti heç də az olmayacaq informasiya partlayışı ilə üzləşəcək. 50 il bundan əvvəl 30 səhifəlik mətni 5 min kilometr məsafəyə göndərmək üçün ən azı 3 gün və 30 dollar xərc lazım idi. 20 il bundan əvvəl həmin həcmdə məlumatı faksla göndərmək üçün bir neçə saat və 50 dollar vəsait lazım idi. Bu gün İnternetin köməyi ilə həmin həcmdə məlumatı ötürmək üçün bir neçə saniyə və 3 sent lazımdır. Beləliklə, informasiyanın ötürülmə sürəti 300 min dəfə artmış, bunun üçün lazım olan xərclər isə min dəfə azalmışdır. Təsadüfi deyil ki, bu gün dünyanın ən zəngin insanı qızıl və neft sahibi deyil, məhz informasiya texnologiyalarını inkişaf etdirmiş Bill Qeytsdir.

Rabitənin Azərbaycandakı yeri

XXI əsrin üzümüzə gələn onilliklərində rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) dünya iqtisadiyyatının və siyasətinin əsas müəyyənedici amili olması ilə yanaşı, beynəlxalq siyasi və iqtisadi münasibətlərinin yeni sisteminin formalaşmasında əsas təkanverici qüvvə olacaqdır. 1881-ci ildə ölkəmizdə ilk telefon xəttinin Bakıda “Nobel qardaşları Cəmiyyəti” tərəfindən çəkilməsilə tarixə düşən Azərbaycan rabitəsi yarandığı gündən 135 il ərzində özünəməxsus inkişaf yolu keçərək bugünkü dövrə çatıb. Bu gün telekommunikasiya vasitəsi kimi internet adi həyat tərzinə çevrilib və ölkədə telekommunikasiya sahəsində aparılan islahatlar onun gələcək inkişafına xidmət göstərəir. 135 yaşlı nazirlik hazırda bu istiqamətdə çox vacib işlər görüb, bunun sayəsində respublikada texnoloji mühit qabaqcıl texnologiyaların tətbiqi ilə tamamilə rəqəmsallaşdırılıb. Sovet dövründə Azərbaycan rabitəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə ittifaqın digər respublikalarından geri qalırdı. Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər rabitə də güclü inkişaf yoluna qədəm qoydu. Üzərindən illər keçdikdən sonra müstəqil Azəraycanı fəlakətdən qurtarıb iqtasdi inkişafa yönəldən H. Əliyev rabitənin inkişafına öz diqqətini əsirgəmədi. Ölkəmizdə İKT sektorunun inkişafının ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 - 2012-ci illər)” qəbul edilməsi bu sahənin inkişafının başlanğıcı oldu. Rabitə sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son dövrlər isə ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı yeni mərhələyə qədəm qoyub. Təsadüfi deyil ki, İKT-nin ölkə iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu prezident İlham Əliyev dəfələrlə bəyan edib. Müasir dövrdə məlumat almaq imkanı güclü olan vətəndaş cəmiyyətinin qurulması gələcək bəşər sivilizasiyasına doğru mühüm addımdır. Rabitə strukturları tərəfindən ölkə əhalisi, müəssisə və təşkilatlara milyonlarla manat həcmində xidmət göstərilib.

Digər tərəfdən Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peykinin buraxlması daha bir yenilik oldu. Öncə bu iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafına, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsinə xüsusəndə Azərbaycanın İKT üzrə regional mərkəzə çevrilməsi ilə nəticələndi. Bu isə ölkə iqtisadiyyatının telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsini təmin etdi. Bundan əlavə, Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace-2” layihəsi üzərində də iş gedir. Proqnozlara əsasən, peykin müvafiq olaraq gələn il orbitə buraxılacağı gözlənilir. Azərbaycanın “Azerspace-1” kosmik peykini orbitə çıxarmaqla peyk operatoru kimi uğurunu təsbit etmiş “Azərkosmos” ASC aşağıorbitli peykin orbitə buraxılması ilə kosmik müşahidə xidmətləri bazarına daxil olmağı planlaşdırır. Digər tərəfdən peykin olması ərazisi işğal altnda olan ölkə mühüm əhəmiyyət kəsb edir. Çünki, düşmən mövqeyinin dəyişməsi, döyüş şəraitində əməliyyatların düzgün qiymətləndirilməsi üçün peykimizin əvəzsiz rolu vardır. Aprel döyüşləridə bunu bariz nümunə oldu.

Neftin bitdiyi yerdə İKT başlayır

İKT sektoru neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə sayılır. Son dövrlərdə ölkədə anti-böhran tədbirlərinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Manatın devalvasiyası və neftin qiymətinin kəskin enməsindən sonra ölkə iqtisadiyyatında yaranan böhranın aradan qaldırılması üçün hökumət tərəfindən bir sıra islahatlara başlanıb. Son bir neçə gündə ardıcıl olaraq hökumət üzvləri ilə keçirilən toplantılarda Prezident tərəfindən islahatların aparılması istiqamətində mühüm açıqlamalar verilib. Milli Məclis investisiya və vergi mühitinin yaxşılaşdırılması, valyuta nəzarətinin gücləndirilməsi ilə bağlı qanunlar qəbul edib.

Neft-qaz sektorundan asılılıqdan qurtulmaq üçün Azərbaycanda 3 böyük sahənin - kənd təsərrüfatı, informasiya-kommunikasiya texnolologiyaları (İKT) və turizmin inkişafına xüsusi önəm verilir. Lakin bir nüansı diqqətə çatdırmaq istərdim ki, İKT-nin digər iki sahəyə təsiri və inkişafında verdiyi töhvə çoxdur.
Dövlət başçısının tapşırığına əsasən, “Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanıb. Həmin konsepsiyadakı əsas istiqamətlərdən birini “İKT-nin inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi” təşkil edir. Burada əsas məqsəd 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. 2020-ci ilə qədər “Elektron hökumət” xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali hökumət orqanları tərəfindən göstərilən daha asan, qısa zaman ərzində, keyfiyyətli xidmətlərlə təmin olunacaq.

2020-ci ilə qədər ölkənin regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr də gerçəkləşdiriləcək. Azərbaycan region ölkələri üçün informasiya xidmətlərini ixrac edən bir mərkəzə çevrilməkdədir və artıq bu istiqamətdə də işlər aparılır. Belə ki, bu gün ölkəmizdən Gürcüstana, İrana, Orta Asiyaya internet xidmətləri ötürülməkdədir. “Azərbaycan 2020: İnkişaf Konsepsiyası”na əsasən, nazirliyin qarşısında duran əsas məqsədlərdən biri də İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı 8 ildə bu sektorun gəlirlərini 8-9 milyard dollara çatdırmaqdır. Apardığımız araşdırmalar göstərir ki, ümumi inkişafa öz töhfələrimizi vermək üçün qarşıdakı 8 ildə İKT sektorunun həcmini təxminən 4,5-5 dəfə artırmalacaq. Çünki, hədəflər müəyyənləşib, məqsəd bəllidirr. Rabitə və informasiya texnologiyaları sektorundan gözlənilən inkişafın həcmi kifayət qədər böyükdür və bu gözləntilərə nail olmaq üçün hazırda nazirlik tam gücü ilə çalışır.
Proqnozlara görə, Azərbaycan hökuməti İKT sahəsinə investisiya yatırmaqla, eyni zamanda, İKT sahəsinin inkişafına xüsusi şərait yaratmaqla, bu istiqamətdə islahatları davam etdirərsə, 2025-ci ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindən əldə olunan gəlirlər neft sektorundan gələn gəlirlərə bərabər olacaq və daha sonra bu gəlirləri üstələyəcək.

İnformasiya texnologiyalarına tələbat artır

Müasir şəraitdə İKT-nin iqtisadiyyatın bütün sahələrində geniş tətbiqi artıq günün ən vacib tələbinə çevrilib. Elmi nailiyyətlər artdıqca, yeni-yeni informasiya kommunikasiya texnologiya məhsulları ortaya çıxdıqca dünya iqtisadiyyatının tələbləri də dəyişikliyə məruz qalır. İKT-nin iqtisadiyyatda tətbiqi yeni iqtisadiyyatın yaranmasına, onun qloballaşmasına, təsiredici faktorların tərkibinin dəyişməsinə, iqtisadiyyatın inkişaf amillərinin daha müasir, geniş müstəvini əhatə etməsinə səbəb olub. Eyni zamanda müasir dövrdə İKT-nin tətbiqi hər bir müəssisə rəhbərinin qarşısında vəsaitlərin istehsalın artırılmasına və ya informasiya sistemlərinin yaradılmasına qoyulması problemini meydana çıxarır. Çünki bu gün istənilən müəssisə bazarda öz yerini saxlamaq üçün effektiv işləyən informasiya sisteminə malik olmalıdır. Eləcə də bütün bunlar onu göstərir ki, İKT-nin iqtisadiyyatda mühüm rolu var, onun iqtisadiyyatda tətbiqindən faydalanmaq lazımdır. Bəyaq qeyd etdiyim kimi İKT və İT-nin istənilən sahəyə tətbiq olunması bu sahədə inqilabi dəyişikliklərlə müşahidə olunur. Kənd təsərrüfatı iqtisadiyyatın vacib sahələrindən biridir.

Dünyanın inkişaf etmiş bir çox ölkələri artıq innovativ kənd təsərrüfatına keçiblər. Son illərdə kənd təsərrüfatı məhsullarının yeni üsullarla istehsalında, istehsal olunmuş məhsulların saxlanması və qablaşdırılmasında, yeni toxum və becərmə texnologiyalarının işlənib hazırlanmasında informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Bu da nəticə etibarilə həmən məhsulların maya dəyərinin aşağı, keyfiyyətinin isə daha yüksək olmasını təmin edir.Bu da istər istehsal prosesinin təkmilləşməsi, az insan əməyi sərf etməklə daha çox məhsul əldə etmək, gəlirin qısa zamanda daha da artması baxımından olduqca əlverişlidir. Bunun üçün əlbbəttə, peşəkar kadrların olması çox vacibdir. Hazırda Azərbaycan postneft dövrü yaşayır. Bu da o deməkdir ki, biz daha çox qeyri-neft sektoruna diqqət ayırmalıyıq. Fermer təsərrüfatlarında İKT-nin tətbiqi, bu sahədə müəyyən proseslərin avtomatlaşdırılması, yaxud əkin sahələrinin şumlanmasında, suvarılmasında proqram təminatı ilə idarə olunan avadanlıqlardan istifadə yüksək nəticələr verə bilər.

Təcrübə göstərir ki, o ölkələrin iqtisadiyyatı daha çox inkişaf edir ki, onlar təbii sərvətlərlə yanaşı, elm tutumlu məhsullar istehsal edə bilirlər. Bu baxımdan hazırda dünya iqtisadiyyatında İKT-nin rolu danılmazdır. Hazırda, demək olar ki, dünyanın əksər ölkələrində informasiya texnologiyaları və sistemləri iqtisadiyyatın idarəetmə, maliyyə və bank işlərində daha çox istifadə olunur. Sənaye, kənd təsərrüfatı məhsullarının istehsalında da İKT-dən istifadə günü-gündən artmaqdadır. Yəni informasiya texnologiyalarının tətbiqi nəqliyyat infrastrukturnun daha optimal idarə olunmasına şərait yaradıb. Bütün hallarda rabitəsiz nə cəmiyyətin nə də dövlətin inkişafı mümkünsüzdür. Bunu zamanda tələb edir.


İlkin Nəcəfzadə

Yazı Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi- informasiya cəmiyyətinə keçid” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur


AzVision.az


Teqlər:





Xəbər lenti