Moskva: “Müvəqqəti barışıq olmayacaq” - VİDEO

      Moskva:    “Müvəqqəti barışıq olmayacaq”   - VİDEO
  13 Mart 2025    Oxunub:443
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uoltla söhbətində Rusiyanın Ukrayna ilə münaqişənin həlli ilə bağlı mövqeyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Uşakovun dediyinə görə, Moskva barışıqda deyil, uzunmüddətli nizamlanmada maraqlıdır. Vaşinqtonun təklif etdiyi 30 günlük atəşkəs isə Ukrayna hərbçilərinin nəfəslərini dərmək üçün müvəqqəti möhlətdir.

“Mən özüm də son vaxtlar Mayk Uoltsla kifayət qədər müntəzəm telefon əlaqəsi saxlayıram. Dünən o, mənə zəng edərək Ciddədə Ukrayna nümayəndə heyəti ilə danışıqların əsas nəticələri barədə məlumat verdi”, - Yuri Uşakov “Rossiya-1” telekanalının efirində bildirib.

Rusiyalı yüksək vəzifəli məmur ABŞ-nin bu məsələ ilə bağlı gələcək birgə işdə Rusiyanın mövqeyini nəzərə alacağına ümid deyib. Onun sözlərinə görə, Donald Tramp administrasiyası başqa məqamlarla yanaşı, Ukraynanın NATO-ya üzvlüyündən söhbət gedə bilməyəcəyini başa düşür.

WSJ: “Rusiya atəşkəsdən imtina edir”
- Təbii ki, mən müvəqqəti atəşkəs haqqında əldə olunan razılaşmaları şərh etdim, mövqeyimizi açıqladım ki, bu, Ukrayna hərbçiləri üçün müvəqqəti möhlətdən başqa bir şey deyil, vəssəlam. Hesab edirik ki, məqsədimiz uzunmüddətli sülh yolu ilə nizamlanmadır. Biz buna çalışırıq, tərəfimizin qanuni maraqlarını nəzərə alan sülh yolu ilə nizamlanmaya çalışırıq, narahatlıqlarımız bəllidir”, - Rusiya prezidentinin köməkçisi vurğulayıb.

Uşakovun fikrincə, indiki vəziyyətdə dinc hərəkətləri imitasiya edən bu addımlar heç kimə lazım deyil.

Xatırladaq ki, Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelindən müsahibə götürən “Wall Street Journal (WSJ)” nəşri, onun dedikləri əsasında Rusiyanın atəşkəs barədə ABŞ-nin təklifindən imtina etməsi qənaətinə gəlib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Moskva   atəşkəs   imtina  





Xəbər lenti