Ukrayna PUA-larının Moskvaya yeni hücumu olub

   Ukrayna PUA-larının Moskvaya yeni hücumu olub
  14 Mart 2025    Oxunub:501
Bu gün səhər saatlarında Ukraynanın pilotsuz təyyarələri həftə ərzində ikinci dəfə Moskvaya hücum edib.
AzVision.az xəbər veirr ki, Rusiya paytaxtının meri Sergey Sobyanin Müdafiə nazirliyinin hava hücumundan müdafiə (HHM) qüvvələrinin 4 PUA-nın hücumunu dəf etdiyini bildirib. Onun szölərinə görə, dronların qalıqlarının düşdüyü yerdə fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir.

“Moskvaya hücum edən PUA-lardan biri şəhərin qərbində çoxmərtəbəli yaşayış binasının damına düşüb. Dron yaşayış binasının dam örtüyünün asılmış hissəsinə dəyib. Hadisə yerinə xilasedicilər göndərilib. İlkin məlumatlara görə, itki yoxdur”, - fövqəladə hallar xidmətinin nümayəndəsi mediaya açıqlamasında deyib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, səhər saatlarında bölgə səmasında - bütün Balaşixa üzərində üç pilotsuz təyyarə vurulub.

- İlkin məlumata görə, ölən yoxdur. PUA-nın qəzaya uğradığı yerlərdə əməliyyat xidmətləri işləyir”, - Vorobyev deyib.

Mənbənin “Shot” portalına verdiyi məlumata görə, bu dəfə Moskvaya hücum əldəqayırma dronlarla həyata keçirilib. Onların qalıqlarına ilkin baxış zamanı ekspertlər belə qənaətə gəliblər ki, bu dronlar digər PUA-ların bir neçə hissəsindən yığılıb.

Filippo: "Moskvanı vuran Kiyev sülh prosesini pozmaq istəyir"
Hücum zamanı Moskvanın Vnukovo və Kaluqa vilayətinin hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu müddət ərzində Vnukovoya uçan yeddi təyyarə alternativ aerodromlara yola düşüb.

Bundan əlavə, Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa HHM sistemlərinin Obninsk şəhərinin kənarında pilotsuz təyyarəni vurduğunu bildirib.

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, öz növbəsində, Ukraynanın PUA-larının Qara dəniz sahilindəki Krasnodar diyarının Tuapse şəhərinə hücumu nəticəsində yerli neft anbarında yanğın baş verdiyini açıqlayıb.

Qeyd edək ki, bu Ukrayna PUA-larının həftə ərzində Moskvaya ikinci hücumudur. Belə ki, martın 10-dan 11-nə keçən gecə Ukrayna Rusiyaya qarşı ən böyük PUA hücumu həyata keçirib. Həmin gün Rusiyanın Müdafiə nazirliyi HHM sistemlərinin ölkə səmasında 337 PUA-nı məhv etdiyini açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Moskva   PUA-lar   hücum  





Xəbər lenti