Azərbaycanda bu il qış sərt keçəcək - VİDEO XƏBƏR

Azərbaycanda bu il qış sərt keçəcək - VİDEO XƏBƏR
  22 Noyabr 2016    Oxunub:16880
“Azərbaycanda bu il qış sərt keçəcək və bu tendensiya növbəti illərdə artmağa doğru davam edəcək”.

Bunu AzVision.az-a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib. O qeyd edib ki, 2002-ci ildən başlayaraq ölkədə hava tədricən soyumağa başlayıb.

“Bu, o deməkdir ki, artıq 2030-2040-ci illərdə buzlaşma dövrü olacaq. Buzlaşma dövründən qabaq hava tədricən soyuyur. Artıq rayonlarda qar yağıb və Bakıya da yağmağa başlayır. Oktyabr və noyabr aylarında Aran rayonları və Bakıya qar yağması möcüzədir. Belə hadisələrə ən çox 1941-ci ildən 1972-ci ilə qədərki dövrdə rast gəlmişik”.

Müsahibin sözlərinə görə, havanın kəskin soyuması iqlim dəyişikliyindən asılı deyil: “Hər 40-50 ildən bir havalar gah isti, gah da soyuq olur. Bu, buzların əriməsi ilə əlaqədardır və günəşin fəaliyyətindən asılıdır. Son dövrdə günəş qızdırmır, ancaq işıqlandırır. Günəşin üzərində ləkələr minuma enib və demək olar ki, yoxdur. Əgər ləkələr yoxdursa, demək günəş yatıb və ona görə qızdırmır”.

T.Zeynalov vurğulayıb ki, bu il qış mövzumu ötən illə müqayisədə sərt keçəcək. “İnsanlar buna hazır olmalıdırlar. Unutmamalıyıq ki, qış sərt keçəndə yay fəsli çox quraq və isti olur”.

Qeyd edək ki, bu gün paytaxt Bakıya ilk qar yağıb. Anoloji hava şəraitinn bir neçə gün davam edəcəyi gözlənilir.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti