`Azərbaycanda quş qripi var` iddiasına rəsmi cavab (VİDEOXƏBƏR)

`Azərbaycanda quş qripi var` iddiasına rəsmi cavab (VİDEOXƏBƏR)
  30 Noyabr 2016    Oxunub:3817
“Ölkəmizdə “quş qripi” və digər yoluxucu xəstəliklərə görə epizodik vəziyyət sabitdir”.
Bunu AzVision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli İran Baytarlıq Təşkilatının Azərbaycanda “quş qripi”nin olması haqqında məlumatını şərh edərkən bildirib.

O qeyd edib ki, İran Baytarlıq Təşkilatı tərəfindən yayılan məlumatlar əsassızdır: “Məlumdur ki, bir dəfə “quş qripi” monitorinqini keçirmişik, hazırda ikinci monitorinq gedir. Monitorinqləri biz aparırıq, bunun nəticəsini İran hardan bilər ki, Azərbaycanda vəziyyət necədir və s. Bu, tamamilə əsassız fikirlərdir. Özlərinı sığortalamaq üçün belə deyirlər. Əgər belə hal olsaydı, bu qədər insandan, KİV-dən necə gizlədərdik? Həmçinin onlar məlumat verərdi ki, filan təsərrüfatda xəstəlik var və biz də araşdırardıq. Bu baxımdan “quş qripi” xəstəliyi olmayan halda belə şayiə, ajiotaj yaratmağın mənası yoxdur”.

Y.Xanvəlinin sözlərinə görə, bununla bağlı İran Baytarlıq Təşkilatı tərəfindən onlara rəsmi müraciət daxil olmayıb. “Əgər bizə rəsmi müraciət olarsa, biz onlara rəsmi cavab verərik. Mütəmadi olaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına məlumatlar veririk”.

Qeyd edək ki, İran Baytarlıq Təşkilatı elan edib ki, “quş qripi” xəstəliyi qonşu ölkələr - Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və İraqda da yayılıb, lakin bu ölkələr Dünya Səhiyyə Təşkilatına hesabat verməyiblər. Məlumatda qeyd edilib ki, İranın paytaxtı Tehranın Malard bölgəsindəki 4 quşçuluq təsərrüfatında 513 mindən çox ev quşları “quş qripi” xəstəliyinə görə məhv edilib.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti