Bakı yenidən `Formula 1`ə hazırlaşır - (VİDEOXƏBƏR)

Bakı yenidən `Formula 1`ə hazırlaşır - (VİDEOXƏBƏR)
  02 Dekabr 2016    Oxunub:3840
2017-ci il Formula 1 Azərbaycan Qran Prisinin biletləri bu gündən onlayn qaydada satışa çıxarılıb.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bugün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ilk 2 ay müddətində bilet alan Formula 1 azarkeşləri üçün qiymətlərdə 30 faizədək endirim olacaq.

N.Arpadarai, həmçinin bildirib ki, Beynəlxalq Avtomobil Federasiyanın elan etdiyi 2017-ci il Formula 1 dünya çempionatının təqviminə görə Azərbaycan paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışı gələn il 23-25 iyunda keçiriləcək. Nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsində məqsəd ötən Qran Prinin 24 saat davam edən "Le Man" yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır.

Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib ki, 4 günlük endirimli biletlərin qiyməti 150-550 manat arasında dəyişir.

B.Özerdim bildirib ki, yarış üçün ayaqüstü biletlər də satılır. Yarış trekin çeşidli yerlərində, ayaqüstü zona və platformalarda izləmək istəyənlərə satılan bu bir günlük biletlər həftənin 5, 6 və 7-ci günləri üçün olacaq. Bu yerlərin qiymətləri 60-150 manat arasında dəyişir. Ən ucuz qiymət 5-ci gün, ən bahalı qiymətlər isə bazar günü üçün olan biletlərdə olacaq.



Şöbə rəhbəri qeyd edib ki, endirim üçün təyin olunmuş müddət bitdikdən sonra hazırkı qədər böyük endirim olmayacaq: "Dolların məzənnəsinin dəyişməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşları üçün qiymətlər dəyişməyəcək. Ancaq xarici ölkələrin vətəndaşları üçün dolların məzənnəsinə uyğun olaraq qiymət dəyişə bilər. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiymətləri həmin günün məzənnəsinə görə hesablanacaq".

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti "Nielsen Sport" vasitəsilə azarkeşlərin Formula 1-in ən yeni treki ilə bağlı yarışdan əvvəl və sonrakı düşüncələri ilə bağlı sorğu keçirib.

B.Özərdim deyib ki, 16 ölkədə keçirilən sorğuda beynəlxalq auditoriyanın 2016 Avropa Qran Prisi haqqında məlumatlılığı, tanışlığı və marağı öyrənilib: "Ölkələrin hamısından, xüsusilə Braziliya, İspaniya və Finlandiyadan olan iştirakçılar Bakının Formula 1 təqviminə əlavə olunmasını böyük məmnuniyyətlə qarşılayıblar. Bu ölkələrin əksəriyyətindən, xüsusilə Macarıstan, Rusiya və Finlandiyadan olan sorğu iştirakçıları 2017-ci ildə keçiriləcək növbəti Formula 1 yarışını yerində canlı izləmək üçün Bakıya gəlmək istədiklərini bildiriblər".

B.Özərdim deyib ki, bundan başqa, Bakıda ilk dəfə keçirilmiş Formula 1 yarışı ABŞ, Macarıstan və İspaniya vətəndaşları arasında məlumatlılığı xeyli dərəcədə artırıb və Bakı haqqında məlumatı olanların sayı çoxalıb: "Xüsusən də Almaniya, İspaniya və Fransada iştirakçılar arasında Formula 1-in yarış obyektlərindən Bakı treki haqqında məlumatlılıq səviyyəsi yüksək dərəcədə artıb".

Nigar Arpadarai daha sonra bildirib ki, ötən yay Formula 1 xərclərimiz iki istiqamət üzrə olub. Bunlar infrastruktur xərcləri idi, müəyyən tikinti işləri aparılırdı, beton tribunalar quraşdırılırdı, beton lövhələr var idi, asfalt qatı yenidən salınmışdı.

Onun sözlərin görə, bütün bu işlər bu il daha az olacaq: "Asfalt qatı salınmayacaq, sadəcə Niyazi küçəsində qəmbər daşları ilə örtürülən hissənə yenidən asfalt qatı çəkiləcək. Digər infrastruktur işlərimiz isə daha az miqyaslı olacaq. Çünki alınan bütün avadanlıqlar var. Həmin avadanlıqlar - tribunalar, baryerlər, təhlükəsizlik qurğuları yarışdan öncə gətirilib quraşdırılacaq. Lakin marketinqə ayrılan xərclər, məsələn konsertlərin təşkili olacaq, çünki əsas məqsədimiz Bakıya daha çox insanı cəlb etməkdir. Biz buraya daha çox əyləncə sevən insanları cəlb etmək istəyirik. Ona görə daha maraqlı əyləncə proqramımız olacaq, dünya ulduzları iştirak edəcək. Buna görə əminəm ki, daha çox insan gələcək".

Nigar Arpadarai vurğulayıb ki, 2017-ci il Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıqlar plana uyğun şəkildə davam edir. Tikinti işlərinə gələn ildən start veriləcək.

Yanvar ayının sonundan qarajların yerləşdiyi Pit binasında müəyyən tikinti işlərinə başlanacağını bildirən Nigar Arpadarai bütünlükdə əsaslı hazırlıqların may ayına təsadüf edəcəyini bildirib: “Tribunalar və təhlükəsizlik baryerləri ötən ildəkilər istifadə olunacaq. Niyazi küçəsindəki qənbər daşları mart ayında yeni asfalt qatı ilə örtüləcək”.

Şirkət rəsmisi artıq könüllülər proqramının başladığını söyləyib: “Bu il 3 minə yaxın könüllü olacaq. Könüllü olmaq istəyənlər müttləq dil bilməli və yaşları 16-dan yuxarı olmalıdır. Marşal klubumuz da fəaliyyət göstərir. Marşallar dekabrın 5-dən dəvət olunacaq. Yarışda 1200-ə yaxın marşal olacaq”.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti