Azərbaycanda bu il zəhərlənənlərin statistikası - (VİDEOXƏBƏR)

Azərbaycanda bu il zəhərlənənlərin statistikası - (VİDEOXƏBƏR)
  07 Dekabr 2016    Oxunub:5885
2016-ci ilin əvvəlindən bu günə qədər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 454 xəstə müraciət edib. Onların 332-si qəbul olunub. Həmin xəstələrin 15 faizi ağır, 70 faizi orta ağır, qalanları isə yüngül dərəcədə olub. Ölüm hadisəsi qeydə alınmayıb.
AzVision.az xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. O qeyd edib ki, keçən il Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 402 xəstə qəbul olub. Onlardan 70 faizi orta ağır dərəcəsində, 10 faizi ağır dərəcəsində, qalanları isə yüngül dərəcədə olub. 1 ölüm hadisəsi baş verib.

“Gündəlik müraciətlər davam edir və dəm qazı ilə zəhərlənənlərin sayında keçən illə müqayisədə azalma var. Dəm qazı ilə zəhərlənənlər əsasən cavan və orta yaşlı, təxminən 20-40 yaş arası insanlardır. Dəm qazı ilə zəhərlənmə ən çox qapalı mühitdə, hamam otağında baş verir. Çox vaxtı gənc qızlar və oğlanlar təcili yardım hadisə yerinə tez çatmasına baxmayaraq, həyatlarını itirirlər. Bu baxımdan heç bir tədbir görə bilmirik. Ümumiyyətlə, ölüm hallarının əksəriyyəti təcili yardımda və hadisə yerində olur”.

Baş toksikoloq vətəndaşlara diqqətli olmağı məsləhət bilib: “Vətəndaşlar ayıq olsunlar, hamam otaqlarında nəfəslik açıq olmalıdır, ventilyasiya işləməlidir. Hadisə olarkən mütləq ilkin kömək etmək və qapalı mühitdən xəstəni çıxartmaq lazımdır. Huşu üstündədirsə xəstə təmiz havaya çıxardılmalı, sonra üst-başını örtüb, isti içki vermək lazımdır və mütləq həkim çağırılmalıdır. Huşu üstündə deyilsə, orda vaxt yoxdur və ağız boşluğu selikdən mütləq təmizlənməli, suni nəfəs verilməli və vaxt itirmədən təcili yardım çağırılmalıdır”.

A.Maqsudov qeyd edib ki, rayonlardan zəhərlənmə ilə əlaqədar hər həftə 10-12 müraciət olur: “Dəm qazı ilə zəhərlənmələr zamanı əsas fəsadlar sinir mərkəzləri ilə bağlı olur. Zəhərlənmə zamanı sinir mərkəzlərinin funksiyasını itirməsi halları baş verir və onların bərpası uzun müddət tələb edir. Nə qədər tez xəstə mütəxəssisin nəzarətinə çatdırılsa, o qədər tez keyfiyyətli nəticə olur”.



Bundan əlavə, baş toksikoloq işləyən cihazlarda hər zaman dəm qazı təhlükəsi olduğunu vurğulayıb: “Cihaz benzin və ya qazla işləyirsə, zəhərlənmə ola bilər. Qapalı şəraitdə kondisioner işləyərsə, mütləq dəm qazı ilə zəhər maşın daxilinə keçə bilər. Maşınların içərisində həm maşını işlək vəziyyətə salayarkən, həm də kondisioner işləyəndə diqqət edilməlidir. Bu il belə zəhərlənmə faktı olub. Keçən il isə iki nəfər, cavan qız və cavan oğlan maşında kondisioner işləyərkən zəhərlənmişdi. Qız hadisə yerində ölmüş, oğlanın isə müalicəsi uzun zaman davam etmişdi”.

Azər Maqsudov bildirib ki, bu il sirkə turşusu ilə zəhərlənmə ilə bağlı 8 nəfər dünyasını dəyişib. O qeyd edib ki, sirkə turşusundan zəhərlənmə ilə əlaqədar hər ay 5-7 müraciət daxil olur: “Həyatını itirən xəstələr xəstəxanaya çox ağır vəziyyətdə gətirilib və bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yay mövsümündə zəhərli göbələkdən zəhərlənmə ilə bağlı 26 xəstə müraciət edib və onlar arasında heç bir ölüm hadisəsi olmayıb. İlan sancması ilə bağlı isə bu il 114 xəstə müraciət edib”.

Baş toksikoloq bildirib ki, intihar məqsədilə sirkə turşusu və dərman preparatları ilə zəhərlənmə ümumi toksikoloji müraciətlərin 3%-ni təşkil edir. Onun sözlərinə görə, bu rəqəm bütün illər ərzində 3-4% olur.

Sirkə turşusundan zəhərlənmə ən çox ailə-məişət münaqişə zəminində baş verir. İl ərzində 68 uşaq zəhərlənmə ilə müraciət edib ki, onlardan 42 nəfəri dərman, qalanları isə dəm qazından zəhərlənmələrdir.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti