`Vəziyyət qənaətbəxş deyil` - Akif Əlizadə təkliflər verdi

`Vəziyyət qənaətbəxş deyil` - Akif Əlizadə təkliflər verdi
  21 Dekabr 2016    Oxunub:4088
Azərbaycan Milli Elmlər Akademiyasında və təhsil sistemində çalışan istedadlı gənclərin məlumat bazası yaradılmalıdır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə AMEA-nın ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, həmin gənclərin sosial vəziyyətlərindən tutmuş elmi nailiyyətləri, iş yerləri, vəzifələri, ailə vəziyyəti, mənzil şəraiti yoxlanmalı və təhlil edilmədir.

AMEA prezidentinin sözlərinə görə, gənclərlə bağlı bütün məlumatlar analitik təhlillər əsasında qurulmalıdır: “Elm və təhsilin inteqrasiyası ümumi ictimai məna daşıyır. Məqsəd yalnız elm və təhsilin inkişafı deyil, hər iki sahədə qarşılıqlı əlaqələrin gücləndirilməsi, ölkənin intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf modelini hazırlamaqdır. Son 4 ildə AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyasını təşkil edir. Akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumu imzalanıb. Elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır”.

A.Əlizadə qeyd edib ki, AMEA-da illərlə formalaşmış elmi potensialın ölkə səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin inteqrasiyasının yeni, müasir modellərinin tətbiqinə ehtiyac var: “Alimlərimiz təhsil prosesində yaxından iştirak etməli, auditoriyalara üz tutmalı, tələbələrin isə elmi təhlil və təcrübələrin aparıldığı laboratoriyalara gəlməlidir. Təhsilin tələbləri elmi araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə yetişməkdə olan gənc nəsildə formalaşmalıdır”.

A.Əlizadə bildirib ki, bu gün elmin koordinasiyası istiqamətində vəziyyət qənaetbəxş deyil. “Burada iştirak edən alimlərin əskəriyyəti müəyyən elm sahələrində məşğul olan şəxslərdir. Elmi araşdırmalarda təkrarçılıq mövcuddur. Ölkə və beynəlxalq səviyyədədə təhlillərin və müvafiq təkliflərin aparılması vacibdir. Elm və Texnologiya üzrə Ali Şuranın yaradılmasını təklif edirəm. Bu şuranın qərarı bütün elmi təşkilatlar üçün icbari xarakter daşımalıdır”.

Onun sözlərinə görə, şuranın tərkibində AMEA, təhsil, biznes, patent və gənc alimlərin nümayəndələri olmalıdır: “Elm haqqında qanunun əsas vəzifələrdən biri də “tədqiqat universiteti statusu”nun müəyyənləşdirilməsidir. Elm və təhsil sahəsində mühüm məqamlardan biri də elmin koordinasiyasıdır. Bu istiqamətdə vəziyyət qənaətbəxş deyil. Elmi araşdırmalarda təkrarçılıq, dünya elmində səsləşməyən problemlərin mövcudluğu var. Bununla bağlı müvafiq təkliflərin hazırlanması olduqca vacibdir”.

AMEA prezidenti qeyd edib ki, bu sahədə mühüm məqamlardan biri də elmi fəaliyyətin akkreditasiyasının yaradılmasıdır. Onun sözlərinə görə, bununla bağlı müvafiq mexanizmlər hazırlanır. Məqsəd dünya standartlarının Azərbaycan elmində tətbiq olunmasıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti