İlham Əliyev: `Bizə qələbələr lazımdır` (VİDEOXƏBƏR)

İlham Əliyev: `Bizə qələbələr lazımdır` (VİDEOXƏBƏR)
  23 Dekabr 2016    Oxunub:8212
"Milli maraqlarımızın müdafiəsində həmişə bir yerdəyik və bu ictimai dəstək mənim işimi asanlaşdırır".

Bunu Prezident İlham Əliyev bu gün Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunları ilə bağlı keçirilən mərasimdə deyib. Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Bakıda Ümumdünya Şahmat Olimpiadası keçirilib və bu da Yay Olimpiya Oyunlarından sonra ölkələrin sayına görə ikinci mötəbər tədbirdir: "Biz artıq dünyada bir idman mərkəzi kimi tanınırıq. Eyni zamanda, bəzi hallarda hansısa səbəblər üzündən əgər bir ölkədə çempionat, dünya çempionatı keçirə bilmirlərsə, Bakıya müraciət edirlər, - bu yaxınlarda belə bir hal olub, - və biz çox operativ şəkildə, heç bir əlavə hazırlıq görmədən o çempionatı Azərbaycanda keçirə bilərik. Yəni, bu beynəlxalq idman qurumları, beynəlxalq federasiyalar üçün də artıq bir real faktdır, bunu bilirlər. Əgər hər hansı bir yerdə problem varsa, onlar bilirlər ki, bizə müraciət edə bilərlər və biz əlbəttə ki, istənilən yarışı qısa müddət ərzində ən yüksək səviyyədə keçirə bilərik. Bu, reallıqdır və bu reallığı biz özümüz yaratmışıq, heç kim bizə kömək etməyib. Əksinə, bütün bu illər ərzində bəzi anti-azərbaycan dairələri çalışırdılar ki, bizim uğurlarımıza kölgə salsınlar, bizi ləkələsinlər, bizə şər, böhtan atsınlar. Ancaq bunun heç bir təsiri olmamışdır. Çünki nəticə göz qabağındadır və Azərbaycan xalqı həmişə həmrəylik göstərib. Milli maraqlarımızın müdafiə edilməsində biz həmişə bir yerdəyik və bu ictimai dəstək əlbəttə ki, mənim işimi də asanlaşdırır. Biz istənilən məsələ ilə bağlı prinsipial mövqeyimizi həmişə ifadə edirik, deyirik. Biz haqq yolundayıq. İdman uğurlarımız, digər sahələrdəki uğurlar bunu göstərir.

Əlbəttə, bu uğurların əsasında idmançılarımızın peşəkarlığı, fədakarlığı, məşqçilərin peşəkarlığı dayanır. Eyni zamanda, dövlət siyasəti aparılır. İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Bölgələrdə 40-dan çox müasir olimpiya idman kompleksi yaradılıbdır. Gələn il Abşeron və Ağcabədi rayonlarında iki olimpiya idman kompleksi açılmalıdır. Bir neçə idman kompleksinin tikintisi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın. İndi əksər şəhərlərimizdə bu imkanlar var, harada ki, yoxdur, orada da olacaq".



Azərbaycan Prezidenti vurğulayıb ki, biz idmanın kütləviliyini daim diqqət mərkəzində saxlamalıyıq: "Çünki bizə, əlbəttə, idman nəticələri, qələbələr lazımdır. Eyni zamanda, bizə sağlam gənclər lazımdır. Hər bir gənc idmanla məşğul olmalıdır. Çalışmaq lazımdır ki, idmanla məşğul olmayan gənc qalmasın. Çünki idmanla məşğul olan hər bir insan öz həyatında, fiziki vəziyyətində, mənəvi-psixoloji durumunda bunun gözəl nəticələrini görür. İdmançılar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlamdırlar, vətənpərvərdirlər. Onlar Vətəni təbliğ edirlər. Onlar bizim səfirlərimizdir. Onlar Azərbaycan bayrağı altında çıxış edirlər. Ona görə onlarda vətənpərvərlik ruhu çox yüksəkdir, fiziki güc də var və bütün bölmələrdə uşaqların, yeniyetmələrin idmanla məşğul olması üçün tədbirlər görülür. Biz coğrafiyanı genişləndiririk və çalışmalıyıq ki, idmanla məşğul olmaq vərdişi kütləvi xarakter alsın".

Ölkə başçısı vurğulayıb ki, Azərbaycan dünyada təhlükəsizlik təmin olunan ölkə kimi tanınır. Dövlətimizin başçısı qeyd edib: "Avropa Oyunları əlbəttə ki, ölkəmizin təbliğinə də müsbət xidmət göstərmişdir və biz bundan sonra da Bakıda beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi addımlar atmışıq. Bu il ilk dəfə olaraq Formula-1 yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərdi. Çünki Formula-1 yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik. Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb".

İlham Əliyevin sözlərinə görə, elə ölkələr var ki, bu il o ölkələrdən Azərbaycana gələn turistlərin sayı 30-40 dəfə artıb və bu proses davam edir: "Çünki bu gün Azərbaycan dünyada həm qüdrətli, eyni zamanda, ən müasir infrastruktura, ən gözəl xidmət sahələrinə malik, təhlükəsizlik təmin olunan ölkə kimi tanınır. Bax, bütün bu amillərin sintezi Azərbaycanı xarici turistlər üçün çox cəlbedici ölkəyə çevirib. Əgər biz gözəl iqlimimizi, gözəl mətbəximizi, tarixi abidələrimizi, 9 iqlim qurşağını əlavə etsək, bir daha görərik ki, biz doğrudan da xoşbəxt insanlarıq, belə gözəl ölkədə yaşayırıq və belə gözəl ölkəni daha da gözəlləşdiririk. Ona görə Formula-1 yarışının əhəmiyyəti bundan sonra da illərlə özünü göstərəcək".

Azərbaycan Prezidenti bildirib ki, turizmdən gələn gəlir ölkə iqtisadiyyatını gücləndirir, yeni iş yerlərinin açılmasına xidmət göstərir və iqtisadi şaxələndirməni təmin edir: "Biz gələn il İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da çox rəmzi məna daşıyır. Bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa, həm İslam oyunları keçirilir. Bu, bizim niyyətimizi göstərir. Çünki idman yarışları, o cümlədən Avropa Oyunları sadəcə olaraq idman tədbiri deyildi, bu, bir dostluq bayramı, həmrəylik təzahürü idi.

Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir və il ərzində bir çox mötəbər tədbir keçirilmişdir. İslam Oyunlarının, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha multikulturalizm ideyalarını təbliğ və tərənnüm edir. Əminəm ki, biz İslam Oyunlarını da ən yüksək səviyyədə keçirəcəyik, bizim təcrübəmiz var və Oyunların başlamasına təqribən 6 ay vaxt qalır. Demək olar ki, bütün əsas hazırlıq işləri görülübdür. Əlbəttə ki, bu Oyunlara sərf olunan xərclər çox aşağı səviyyədədir. Çünki bizim bütün infrastrukturumuz var, təşkilatçılıq qabiliyyətimiz yüksək səviyyədədir. Əminəm ki, bu yarışlarda iştirak edəcək idmançılar Bakıdan ən xoş təəssüratlarla ayrılacaqlar".

AzVision.az


Teqlər:  





Xəbər lenti