`Hərə öz zurnasını üfləməyə yer axtarır` - Xalq artisti (VİDEO)

`Hərə öz zurnasını üfləməyə yer axtarır` - Xalq artisti (VİDEO)
  29 Dekabr 2016    Oxunub:6587
`Bizim seriallarda professionallıq hiss olunmur. Mövzular, ssenari bəsitdir”
Xalq artisti Ramiz Məmmədov AzVision.az -ın suallarını cavablandırıb. Tanınmış aktyorla qısa müsahibəni təqdim edirik:

-Ramiz müəllim necəsiniz?

-Çox sağ olun, yaxşıyam. Daha doğrusu yaxşı olmağa çalışıram.

-Deyəsən, bir az nasazsınız.

-İnsan niyə xəstələnir? Soyuq olanda. İnsanın bədəni dəmirdən, betondan deyil, ətdəndir. Hava, iqlim təsir edir. Tamaşdan tərli-tərli çıxanda soyuq olur.

-Tamaşalar demişkən hansı rollar üzərində işləyirsiniz?

-Bu yaxınlarda Micəlala Paşayevin əsərini ekranlaşdırıblar. Orada çəkilmişəm. Məhərrəm Bədirzadə çəkib. SSenarisini Arif Alışanov yazıb. Mircəlal Paşayevin yubileyi ərəfəsində təqdim olunacaq. Eyni zamanda “Baladadaşın toy hamamı” tamaşasında oynayıram.

- Əvəllər sizi Afaq Bəşirıqızı ilə birgə komik səhnələrdə görürdük . İndi nədənsə elə çəkilişlər gözə dəymir.

-Onunla “Subaylarınızdan görəsiniz” tamaşasında bir yerdə oynamışıq. “O olmasın, bu olsun” tamaşasında mən Məşədibadı , Afaq Bəşirqızı ilə Sənəmi oynayıb. “Aldın payını, çağır dayını” , “ Lotereya” tamaşalarında da tərəfmüqabili olmuşuq.



-Seriallara, filmlərə dəvət alırsınızmı?

-Seriala çəkilmək üçün bir dəfə təklif olub, imtina etmişəm. Bizim seriallara meyilli deyiləm. Demirəm hamısı zəifdir. Ancaq hələki profesionallıq hiss olunmur. Mövzular, ssenari bəsitdir. Aktyor oyunlarında profesionallıq yoxdur, rejissor işi zəifdir. Yaxşı, profesional ssenari olarsa, hansı aktyor çəkilmək istəməz ki?!

-Nəsibə Zeynalova həsr olunmuş tədbirdə etirazınızı bildirdiniz. Dediniz ki, böyük sənətkarlar haqqında dəxlisiz adamlar danışır.

- Tendensiya bundan ibarətdir ki, özlərini göstərmək, “mən də varam” demək üçün öz ambisiyalarından çıxış edirlər. Hərə öz zurnasını üfləməyə yer axtarır. O cür insanlar çoxalıb.

-Konkret deyə bilərsiniz, onlar kimlərdir?

-Onların arasında rejissor, aktyor, aparıcı , müğənni də var. Elə adam çıxıb danışır ki, təccübümü gizlədə bilmirəm. Halbuki, həmin sənətkarları cəmi bir dəfə görüb, bir dəfə salam verib.

-Tədbirdə məxsusi olaraq İlham Namiq Kamal çıxış edəndə siz yerinizdən etiraz etdiniz.

-Yox, İlham Nəsibə Zeynalova ilə işləyib. Onunla, oğlu ilə dost olub. Elə adamlar var ki, onun haqqı yoxdur. Amma danışır. Bax, bunu qəbul edə bilmirəm.

-Siz də Nəsibə Zeynalova ilə birgə işləmisiniz. Onu necə xatırlayırsınız?

- Onun haqqında xatirələrim çoxdur. O, elə bir sənətkar, elə bir qadın idi ki, ondan çox nümunələr, ibrətlər götürmək olar. Aktrisa o demək deyil ki, çıxıb camaatı güldüməli, qışqırmalıdır. Komik vəziyyət varsa, camaat güləcək. Nəsibə xanım öz hislərini yığıb cilovlaya bilirdi. İmpravizasiya onda güclü idi. Əndazədən çıxmamaq şərti ilə. İndi əndazədən də çıxırlar, söyüş də söyürlər. Biri Gəncə, biri Masallı ləhcəsi ilə danışır. Bununla guya komediya gətirirlər. Sənət belə şeyləri sevmir.

Nəsibə xanımla bir dəfə Qusarda qastrol səfərində idik. Tamaşalardan parçalar oynayırdıq. Konsertə “Qaynana” tamaşasından başladıq. Bütün Qusar camaatı tamaşaya baxmağa gəlmişdi.

Təsəvvüd edin, içəridə yer yoxdur, bayırda da kalonkolar qoyulub. O vaxt çıxışlar lentə yazılırdı. ent də o qədər işlənirdi ki, sürtülürdü. Deməli, mən çıxıb deyirəm “Salam bibi”. Ardınca da mahnı çalınır, oxumağa başlayırıq. “Salam bibi” dedim, fonoqram gəlmədi . Sən demə lent qırılıb, arxada onu bərpa edirlər.

Özümü itirmədim, bu an ləzgi dilində Nəsibə xanıma “Mən səni sevirəm” dedim. Camaat gülməkdən uğunub getdi. O qədər əl çaldılar ki, Nəsibə xanım mənə tərəf çevrilib dedi: “Ədə, sən nə dedin ki, bunlar əl qatdılar bir-birinə”. Azərbayacan dilində izah elədim, xeyli güldük.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti