Ermənistan mətbuatının biabırçı yalanı - VİDEOXƏBƏR (FOTOFAKT)

Ermənistan mətbuatının biabırçı yalanı - VİDEOXƏBƏR (FOTOFAKT)
  30 Dekabr 2016    Oxunub:20747
Ermənistan silahlı qüvvələrinin ötən gün Azərbaycanla sərhəddə törətdiyi təxribatdan sonra düşmən KİV-ləri yalan maşınını işə salıb. Dünəndən başlayaraq sosial şəbəkələrin Ermənistan seqmentində və KİV-lərdə həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Ermənilərin rus, ingilis dillərində tirajladığı xəbərlər beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. Məqsəd təxribatın Azərbaycan tərəfindən edilməsinə dünyanı inandırmaqdır. Kampaniyanın əvvəlcədən planlaşdırıldı gedişatdan açıq-aşkar hiss olunur.

Ermənistanın tanınmış xəbər saytı “news.am”da bugün saat 14:03-də dərc edilən xəbərdə düşmən öz yalanını ifşa edib. Xəbərdə qeyd edilib ki, yanvarın 30-da guya sərhəd xəttində Azərbaycan tərəfinin təxribatına cavab olaraq Ermənistan qoşunları əməliyyat keçirib və nəticədə dörd hərbçimiz həlak olub.

Burada bir məqama diqqət yetirək. Erməni saytı hadisənin yanvarın 30-da, yəni 2017-ci ildə baş verdiyini qeyd edib. Yanvarın 30-u? 2017-ci il?



Nəzərə alaq ki, hələ 2016-cı ildən çıxmamışıq və dekabrın son günlərini yaşayırıq. Hadisə yanvarın 30-da necə baş verə bilər? Bəlkə bizim xəbərimiz yoxdur, ermənilər 2017-ci ilə - Xoruz ilinə bütün dünyadan tez keçiblər?

Yazı saytda çıxandan 2 saat sonra səhvini başa düşən erməni KİV tarixi dəyişərək 30 dekabr qeyd edib.

Tamamilə gülünc mənzərədir. Ermənilər bununla bir daha təsdiq edirlər ki, ötən günkü təxribat və indi silsilə şəkildə dərc olunan xəbərlər qabaqcaqan hazırlanıb.

Azərbaycanın Müdafiə Nazirliyi dərhal açıqlama yayaraq erməni tərəfinin dezinformasiya yaydığını bəyan edib: "Erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb".

Ermənilərin digər bir yalanına diqqət yetirək: Çinarlıda baş verən təxribat zamanı şəhid olan əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikə rəsmi qaydada müraciət edib.

Ermənistan rəsmiləri isə həyasızcasına hələ də əsgərin kimliyinin müəyyənləşdirilmədiyini bildirir.

Erməni tərəfi əvvəlcə cəsədin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyitinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb. Ermənistan tərəfi növbəti dəfə beynəlxalq qurumların nümayəndələrini aldadaraq bu hadisədən yenidən öz çirkin əməlləri üçün istifadə etməklə Azərbaycan xalqına qarşı qeyri-insani simasını nümayiş etdirir.

Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti