Pensiyalar gecikir? - Nazirlikdən açıqlama (VİDEOXƏBƏR)

Pensiyalar gecikir? - Nazirlikdən açıqlama (VİDEOXƏBƏR)
  12 Yanvar 2017    Oxunub:7672
“Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaqdır”.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib. Onun sözlərinə görə, Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil:

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən dövrdə ölkəmizdə pensiyaların maliyyələşdirilməsi prosesi bütün aylarda heç bir gecikmə olmadan, normal qaydada həyata keçirilib. Vətəndaşlara hər ay vaxtlı-vaxtında, bir sıra hallarda vaxtından daha əvvəl pensiyaların ödənilməsi təmin edilib.




Cari ayda da pensiyaların maliyyə təminatında heç bir problem yoxdur. Yeni təqvim ilinin ilk ayı, həmçinin bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. Ona görə də bunun maliyyə çatışmamazlığı kimi qiymətləndirilməsi doğru deyil”.

“Bildiririk ki, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq qrafik əsasında pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaqdır” – deyə nazirlik rəsmisi açıqlayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti