Funtu məhv edən gizli plan: `Bernhard Əməliyyatı` – DOSYE

Funtu məhv edən gizli plan: `Bernhard Əməliyyatı` – DOSYE
  13 Yanvar 2017    Oxunub:8921
İkinci Dünya müharibəsi təkcə hərb meydanında deyil, mədəni, siyasi, ideoloji, iqtisadi istiqamətlərdə də gedirdi. Xüsusilə iqtisadi sferada ciddi və təhlükəli əməliyyatlar reallaşdırılırdı. Onlardan biri də "Bernhard Planı" idi. Məhz bu plan funtu çökdürdü, savaşdan sonra dolların yüksəlməsi üçün meydanı təmizlədi.

Adolf Hitlerin rəhbərlik etdiyi Almaniyanın II Dünya Müharibəsi zamanı tətbiq etdiyi "Bernhard planı" ilk növbədə özünün ağlasığmazlığı ilə tarixdə qalıb. Həmin strateji planın müəllifi SS zabiti Bernhard Krueqer. Əməliyyatın başlıca hədəf milyonlarla saxta ingilis funtu çap edib, müttəfiqlərin iqtisadiyyatını çökdürmək idi. Saxta pulların bir qismi də III Reyx üçün casusluq edən kəşfiyyatçıların maddi ehtiyaclarının qarşılanmasına sərf olunurdu.

Yəhudi işi

1942-ci ildə, İkinci Dünya müharibəsinin ən ağır döyüşlərinin getdiyi vaxtda almanlar saxta pul düzəltməyi bacaran ən istedadlı yəhudiləri ölüm düşərgələrindən bir-bir toplamağa başladılar. Onlara qarşı davranış, insani rəftar digər yəhudilərə olan münasibətdən qat-qat yaxşı idi. Gigiyenik təmizlik, gündəlik yemək, yatıb-durduqları yer, o cümlədən geyimləri yüksək səviyyədə təmin olunurdu.



Saxta pul ustalarından tələb olunan yalnız bir iş vardı: funt-sterlinqlər hazırlamaq. Plana rəhbərlik edənlər bu yolla Britaniya və ABŞ iqtisadiyyatına ciddi ziyan vuracaqlarına inanırdılar. Saxta pullarla Britaniya və ABŞ iqtisadiyyatında, eləcə də maliyyə bazarında ciddi infliyasiya yaradılacaqdı.

Saxta əskinasların hazırlanması üçün Hitler Almaniyası ən son texnologiyaya uyğun gizli mətbəə qurmuşdu. Öncə böyük həcmdə funt əskinasları çap olundu. Nəticə inanılmaz idi, hazırlanmış pulların saxtalığını İngiltərənin Mərkəzi Bankı belə, müəyyən edə bilməmişdi.

Dünyanın ən böyük saxta pul hazırlayan şəbəkəsinin gördüyü bu iş sayəsində təqribən 134 milyon funt çap olunmuşdu. Nəticədə Britaniyada doğrudan da böyük infliyasiya baş verdi. Maliyyə bazarına çıxarılmış saxta pullar hətta İkinci Dünya müharibəsi bitdikdən sonra belə, illərlə əldən-ələ gəzərək, dövriyyədə qaldı.

“Krueger’s Men: The Secret Nazi Counterfeit Plot and the Prisoners of Block 19” adlı kitabın müəllifi Lavrens Malkin "Bernhard Planı" haqqında yazır ki, böyük ehtimalla, almanların nəzarətində olan saxta pul ustaları 1943 və 1944-cü illər ərzində hər ay 6-7 milyon dollar civarında (dolların hazırkı dəyəri ilə hesablanarsa) kağız pullar çap ediblər.



Növbəti hədəf sözsüz ki, ABŞ idi. Bir gün də olsa, artıq yaşamaq üçün əllərindən gələn işin ən yaxşısını görən yəhudilərdən ibarət saxta pul hazırlayan qrup nasistlərin istədikləri kimi, 1945-ci ildə Amerika dollarını çap etməyə başladılar. Lakin Sovet Ordusunun yaxınlaşdığını bilən yəhudi qrupu dolların hazırlanmasını qəsdən yubatdı, geçikmənin nəticəsində dövriyyəyə buraxılması üçün kifayət qədər dollar hazırlanmadı. Sovet ordusunun yaxınlaşması səbəbindən saxta pul kəsən qrup nasistlər tərəfindən Mathauzen, oradan da "Redl-Zipf" düşərgəsinə köçürüldülər.

Bəzi tarixiçilər saxta pul kəsən yəhudi qrupun fəaliyyətinin çox ciddi təsiri olduğunu hesab edirlər. Məhz "Bernhard Əməliyyatı" Böyük Britaniyanın dünyadakı geoiqtisadi gücünə, siyasi hegemonluğuna, valyutasının nüfuzuna zərbə vurdu, funtun dünya çapında dəyər itirməsinə təkan verdi. Sterlinqin hegemonluq yerini isə dollar tutdu və beləliklə, yeni qlobal valyutanın yüksəlişi başladı.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti