“Fransa dərhal cavab verməlidir”

“Fransa dərhal cavab verməlidir”
  27 Fevral 2013    Oxunub:1589
“Çox üzücü hadisədir. Bu, Fransada olan demokratiyanı, insan haqlarının vəziyyətini göstərir və bu, bir növ, vəhşilikdir”.
Bu sözləri ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvi, millət vəkili Azay Quliyev Fransada iki azərbaycanlı tələbənin ermənilər tərəfindən döyülməsi faktına münasibət bildirərkən deyib. O, qeyd edib ki, Fransa parlamentinin üzvinin iştirakı ilə keçirilən tədbirdə operativ fikir söyləyən şəxs döyülürsə, deməli, orada insan haqlarına hörmət edilmir və bu insanlar üçün irqçilik hələ də mövcuddur. “Həm də bu insanlar görünür həqiqəti eşitməkdən qorxurlar və Xocalı həqiqətini eşitməmək üçün bu insanlara fiziki güc tətbiq edirlər. Bunları qəti şəkildə pisləyirəm və düşünürəm ki, bu hal ciddi şəkildə araşdırılmalıdır. Azərbaycan da dövlət olaraq buna yəqin ki, münasibət bildirəcək və həmin şəxslər ciddi şəkildə cəzalandırılmalıdır. Hüquq müdafiə təşkilatlarımız da tam şəkildə nəzarətdə saxlanmalıdır”.

A. Quliyev bildirib ki, lazım gələrsə, bu məsələ ilə bağlı Avropa Parlamentində və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilməlidir. “İkinci tərəfdən, bundan əvvəl Ankarada Xocalı soyqırımı ilə bağlı düzəldilən stendlərə basqın edilmişdi. Bu artıq ikinci faktdır ki, Fransada Xocalı soyqırımı ilə bağlı həqiqətləri dilə gətirən şəxslərə qarşı fiziki güc tətbiq edilir. Onlar belə hesab edirlər ki, bu cür yolla azərbaycanlıları susdurmaq mümkün olacaq. Bu özü də absurd, ifrata yanaşmadır. Heç bir halda azərbaycanlıları susdurmaq mümkün deyil”.

Millət vəkili vurğulayıb ki, qeyri-hökumət təşkilatları, hüquq müdafiə təşkilatları dərhal bu məsələni araşdırmalı, qanun pozuntusuna, vəhşiliyə, dözümsüzlüyə, ən azı insan haqları və demokratik düşüncəyə qarşı çıxan bu insanlara öz etirazlarını bildirməlidir. “Bu gün QHT-lər yazılı müraciət hazırlamalı, Fransa parlamenti, Avropa Şurası və Avropa Parlamentinə göndərməlidir. Çünki Fransa Avropa Şurası, Avropa Parlamenti qarşısında insan haqları ilə bağlı öhdəlik götürüb. O, insidentlə bağlı dərhal cavab verilməli və təqsirkarlar cəzalarını almalıdır”.
Qeyd edək ki, Fransa Milli Assambleyasının binasında “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” mövzusunda yığıncaq keçirilib. Yığıncaqda “Sumqayıt hadisələri” zamanı “həlak” olan ermənilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən orada iştirak edən Parisdəki “Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov ayağa qalxmayıblar. M. Fətəliyeva və V. Hüseynovun əsl genosidin – Xocalı faciəsinin məhz bu gün baş verdiyini bəyan etmələri erməniləri qəzəbləndirib və onlar hər iki azərbaycanlını möhkəm döyərək ağır bədən xəsarəti yetiriblər.
(modern.az)



Teqlər:  





Xəbər lenti