Beynin daha bir sirri açıldı: Niyə bizdə inkişaf edib, meymunlarda yox? – ELM

Beynin daha bir sirri açıldı: Niyə bizdə inkişaf edib, meymunlarda yox? – ELM
  26 Yanvar 2017    Oxunub:15163
“İnsan beyninin başqa canlılarla müqayisədə müstəsna olması fikrindən uzaqlaşmaq lazımdır”. Bu sözləri Vanderbilt Universitetinin alimi, beyinlə bağlı keçirilən araşdırmaya rəhbərlik edən Suzana Herculano-Houzel deyib.

O, bildirib ki, bizim beynimiz adi primat beynidir. Amma ən böyük primat beyni olduğu üçün, onun kortikal (yəni beyin qabığında yerləşən) neyronlarının sayı digər primatlardan daha çoxdur. 9 milyon neyrona malik qorilla və oranqutanlarla, 6-7 milyon neyronu olan şimpanzelərlə müqayisədə insanlarda 16 milyon neyron var. Bu, üstünlük olsa da, insanı müstəsna hesab etmək üçün əsas ola bilməz.

Herculano-Houzel özünün “İnsanın üstünlüyü: Beynimiz necə fərqli oldu” adlı məşhur elmi kitabında (`MİT Press`, mart, 2016) insan beyninin niyə bədəncə bizdən daha yekəpər olan qorilla və oranqutanların beyinindən daha böyük olduğunu izah edir: Bu, yemək bişirmənin kəşfi ilə bağlıdır.

Tədqiqatçılar digər primatların beyni ilə insan beynini müqayisə ediblər. Bəlli olub ki, həm insanlar, həm də digər primatlar öz neyronlarının 8 faizini korteksin (beyin qabığının) prefrontal (alın) sahəsinə verirlər. Böyük beyin bizə çox baha başa gəlir: o, hər gün bədənin aldığı bütün enerjinin 25 faizini istifadə edir. Amma qidanı bişirib yemək imkan verib ki, insan digər primatların beyinlərinin ölçüsünü məhdudlaşdıran enerji baryerini aşa bilsin.

Bir qorilla öz bədənini və beynini saxlamaq üçün gündə ən azı 8 saatı qidalanmağa sərf etməlidir. İnsanın beyni qorillanın beynindən üç dəfə böyükdür. Əgər qorillanın beyni insan beyni boyda olsaydı, o, qidalanmaq üçün gündə daha saat yarım əlavə vaxt sərf etməli olardı. Yəni yeməyi hazırlamadan yeyən qorillanın daha böyük bir beyni saxlaması üçün sadəcə olaraq, kifayət qədər vaxtı yoxdur. Müvafiq olaraq, əgər insanlar digər primatlar kimi qidalansaydılar, biz gündə 9 saat yarımı yeməyə sərf edərdik.

Bu məqamda yeməyin bişirilməsi önə çıxır. “Məsələn, adi kökü götürün. Onu çiy yesəniz, tam çeynəmək üçün 10-15 dəqiqə vaxtınızı sərf edəcəksiniz. Nəticədə həzm sisteminiz kökdəki kalorinin yalnız üçdə birini əldə edəcək. Amma siz kökü doğrasanız və azca bişirsəniz, onu yemək cəmi bir neçə dəqiqənizi alacaq, bədəniniz isə kalorinin100%–ni əldə edəcək”,- deyə Herculano-Houzel bildirib.

Yemək hazırlamaq deyəndə qidanın təkcə termik emalı yox, doğranması, əzilməsi – yəni fiziki emalı da nəzərdə tutulur. Herculano-Houzel müəyyən edib ki, yemək hazırlanması 2.5 milyon il öncəyə, ilk daş alətlərin yarandığı dövrə təsadüf edir. Daş alətlər ibtidai insanın qidanı doğramasına, əzməsinə imkan yaradıb. Oddan müntəzəm istifadə haqqında ilk faktlar isə 400.000 il əvvələ aiddir.

- Həmin ilk alətləri düzəldənlərin beyni qorillalarınkı ilə eyni ölçüdə idi. Lakin 1.8 milyon il bundan öncə əcdadlarımızın beyinləri davamlı şəkildə böyüməyə başladı, növbəti 1.5 milyon il ərzində ölçüsü üç qat artıq oldu. Qidanı olduğu kimi yox, emal edib yeməyimizi bizi yüksək şüurlu canlıya çevirən bir inkişaf prosesinin başlanğıcını qoydu,- deyə alim vurğulayır.
(Mənbə: Sciencedaily)

Taryel Abdullayev
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti