`ASAN qatar` sabahdan fəaliyyətə başlayır (VİDEOXƏBƏR)

`ASAN qatar` sabahdan fəaliyyətə başlayır (VİDEOXƏBƏR)
  31 Yanvar 2017    Oxunub:10080
Səyyar ASAN xidmət 1 – 15 fevral Cəlilabad, Göygöl, Hacıqabul, Oğuz şəhərlərində, 1 – 10 fevral Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində, 1 – 20 fevral Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, 1 fevral – 1 mart Mingəçevir və Quba şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən AzVision.az-a verilən xəbərə görə, Səyyar “ASAN qatar” 1 fevral tarixindən etibarən 15 gün müddətində Qazax şəhərində vətəndaşların xidmətində olacaq. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.



AzVision.az


Teqlər:  





Xəbər lenti