`Qafqaz`ın tələbələrinə yeni universitetin diplomları veriləcək

`Qafqaz`ın tələbələrinə yeni universitetin diplomları veriləcək
  31 Yanvar 2017    Oxunub:7318
“Qafqaz Universitetinin fəaliyyəti, tələbələri və müəllimləri ilə bağlı qəbul olunmuş qərara əsasən, bütün tələbələr, o cümlədən müəllimlik ixtisası üzrə təhsil alanlar öz təhsillərini Bakı Mühəndislik Universitetində davam etdirəcək”.

Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlova həvalə edilib.

“Bütün tələbələr Bakı Mühəndislik Univesitetində yerləşdirildiyindən pedaqoji heyət də bu universitetdə öz fəaliyyətini davam etdirəcək. Burada təhsil alan tələbələr isə Bakı Mühəndislik Universitetinin diplomlarını alacaqlar”.

Qeyd edək ki, qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib. Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır. Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb. Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti