Susuz Bakı: Şəhəri əsrlərlə böyüməyə qoymayan səbəb – Tarixi Araşdırma (I yazı)

Susuz Bakı: Şəhəri əsrlərlə böyüməyə qoymayan səbəb – Tarixi Araşdırma (I yazı)
  02 Fevral 2017    Oxunub:18974
Yeganə Kamal Cabbarlı
AzVision.az üçün

Tarixi kökləri qədim daş dövrü - paleolitin tunc dövrünə keçid mərhələsinə gedib çıxan Bakı dünyanın ən qədim şəhərlərindən biridir. Tarixi o qədər dərindir ki, hələ də tamamilə araşdırılmasında elm üçün qaranlıq məqamlar qalmaqdadır. Lakin bununla belə, mövcud mənbələrdə bu gözəl şəhərin yaranması tarixi və adının ətrafında aparılan mühakimələr onun müqəddəsliyindən xəbər verir.

Hələ şumer dövründən başlayaraq bütün qədim, müqəddəs yazılarda Bakı haqqında məlumatlar var. İngilis misirşünası Vilyam (Flinders) Petri yazırdı ki, Bakının mövcudluğu eramızdan əvvəl 3-cü minilliyə gedib çıxır. Misirlilərin “Ölülər kitabı”nda “müqəddəs Bahau” kimi, o cümlədən, Avesta, Tövrat və İncildə də Bakının adı çəkilir.

Ən qədim dünya dini olan Zərdüştlüyün mərkəzi məhz Bakı olub. Zərdüştlüyün 4 sakral ünsürünün – od, su, torpaq və küləyin (hava) birləşdiyi, elmə məlum olan çoxsaylı adlarında Allahı xatırladan və buna görə də müqəddəslik qazanan çox nadir şəhərlərdəndir Bakı: “Atəşi (Atşi) Baquan” (“Odlu Göy Allahı” və yaxud “Allah şəhəri”), “Aq-Kür” (“İlahi başlanğıc”), “Baqhkuh” (“Allah dağı”) və s. Dillərdə daha çox yayğın olanı isə sonradan təhrif edilərək yazılışca yeni şəkil almış, tarixi araşdırması Əhməd Kəsrəvi Təbriziyə aid olan və farscadan tərcümədə “külək döyən” və ya “küləklər şəhəri” mənasını verən “Badi-Kubə”-dir.

Müqəddəsliyi, zəngin təbii sərvətləri, əlverişli strateji mövqeyi ilə bütün zamanlarda cazibə mərkəzi olan Azərbaycanın baş tacı – Xəzərin mirvarisi, dünyanın ən isti, ən mötəbər və ən sirli şəhəri - Bakı. VIII əsrdən ərəblərin müstəmləkəçiliyində olsa da, sonradan XVI əsrədək Şirvan xanlarının, XVI əsrdən XVIII əsrədək farsların hakimiyyətinə keçib.

1723–cü ildən bu qala şəhər uzun sürən mühasirədən sonra rusların əlinə keçərək, 1735-ci ilədək Rusiyaya birləşdirilib, lakin həmin ildən etibarən 1796-cı ilədək yenidən farslar Bakını ələ alıb, sonradan yenə Bakı xanı Hüseynqulu Xanın hakimliyinə qayıdıb, 1806–cı ildən isə yenidən Rusiya tərəfindən işğal edilib. İşğaldan sonra Bakı əvvəlcə qəza şəhəri, sonra isə quberniya məkəzinə çevirilib.

Zaman-zaman əldən-ələ keçən şəhər mədəni və iqtisadi cəhətdən xeyli zəifləyib, sosial mənzərəsi əhəmiyyətli dərəcədə iflas edib.1860-cı ilə olan məlumata görə Bakının əhalisi cəmi 13830 nəfərdən ibarət idi və şəhər çox cüzi ticarət imkanlarına malik idi.

Lakin rus hökuməti Bakı ətrafı sənaye rayonlarındakı zəngin neft yataqlarından bəhrələnərək Rusiya iqtisadiyyatını dirçəltmək istəyirdi. Bu məqsədlə neft sənayesini inkişaf etdirmək üçün , şəhərdə çoxlu sayda neft emalı zavodlarının yaradılması, mərkəzi Bakı olan Xəzər gəmiçiliyinin inkişaf etdirilməsi, Qara dənizə qədər uzanan dəmiryol xəttinin çəkilməsi – bütün bunlar Bakının simasının tez bir zamanda, inanılmaz şəkildə dəyişməsinə səbəb oldu. Bakı qısa zaman kəsdiyində, XIX əsrin son 25 ili ərzində dünyəvi bir şəhərə – o dövrün avropa miqyasında kommersiya fəaliyyəti ilə qaynayan nəhəng tıcarət – sənaye mərkəzinə çevirilmişdi.

Bakının əhalisi və onun mədən sənayesi elə sürətlə inkişaf edərək böyüyürdü ki, hətta məşhur Amerika şəhərlərini də geridə qoyurdu. 1913-cü il siyahıyaalmasına görə Bakıda əhalinin illik artımı şəhər üzrə 5,16%, sənaye–zavod rayonlarında 5.78% idi, halbuki, bu rəqəm Nyu-Yorkda 3,7%, Çikaqoda 3,53%, Rusiyanın ən böyük şəhərləri olan Petroqradda 2,5%, Moskvada isə 3,5% idi.



XIX əsrin sonlarına doğru işğalçı Rusiyanın heç bir şəhəri Bakı qədər inkişaf etməmişdi. Şəhər böyüdükcə urbanizasiya ilə əlaqədar əhali də artırdı və 50 il (1863–1913) müddətində şəhər əhalisinin sayı 202488 nəfərə çatmışdı.

XIX əsr Bakısının şəhər mənzərəsinə gəlincə: Şəhərin cənub hissəsində, sahil boyu 2 verst uzunluğunda dənizkənarı boyu əsrarəngiz sahil küçəsi uzanırdı. Həmin sahil küçəsində “Qafqaz və Merkuri” cəmiyyətinin böyük sığınacağı, qubernatorun evi, onun yanında keçmiş Xan bağı, sıralanmış mağazalar və s. yerləşirdi. Dənizkənarı küçənin arxasında isə yaxşı döşənmiş və avropa üsulu tikilmiş evləri olan küçələr salınmışdı.

Təpələrin yamacı boyu, artırmalarla tikilmiş, yastı damları, nazik qır lövhəli evləri və dar küçələri olan asiya tipli şəhər görünürdü. Burada XV əsr gözəl müsəlman arxitekturasına aid Xan sarayının qalıqları, onun yanında 1078–ci ildə tikilmiş Şah məsçidi yerləşirdi. Dənizin sahilində, köhnə şəhərin qala divarlarının yanında isə çoxlu sayda şərq əfsanələrinin mövzusu olan Qız qalası ucalırdı. Rus istilası dövründə Qız qalasından mayak kimi istifadə olunurdu...

Əslində bir çox tədqiqtçılar tərəfindən tarixi subyekt kimi araşdırılan Bakinin tarixinə bu qısa səyahətin məqsədi XIX əsr Bakısının abadlaşdırılması ilə bağlı şəhər həyatının inkişafına yönəlik işlərə aydınlıq gətirməkdir. Xüsusilə, şəhər həyatının yaxşılaşdırılmasına xıdmət edən su təchızatı və onunla birbaşa bağlı olan kanalizasiya məsələsinə. Şəhər təsərrüfatının bu vacib sahəsinin o zamankı inkişaf tempi necə idi?

Azərbaycan şəhərlərinin su təchizatı tarixi araşdırılması vacib sahələrdəndir və bu baxımdan, paytaxt Bakının məişət tarixi problemləri xüsusi maraq oyadır. Araşdırılan mövzu isə təkcə inzibati mərkəz kimi Bakının su təminatı məsələsini deyil, eyni zamanda XIX əsr Bakısında suya tələbatın necə idarə olunduğunu, su kommunikasiya sistemlərinin, suyun keyfiyyət dərəcəsini və onun epidemioloji şəraitə təsiri vəziyyətini öyrənməyi tələb edir.

Bəndəniz araşdırılan problemlə bağlı bütün məsələləri, xüsusilə, yenicə qədəm qoyduğumuz 2017–ci ildə 100 yaşını tamamlayacaq “Bakı–Şollar” su kəmərinin çəkilişi tarixini ən xırda detalına qədər incələməklə günümüzədək mühafizə olunmuş sənədlərə istinadən bütün məlumatları diqqətinizə çatdırmağa çalışacaq.

Bakı öz coğrafi mövqeyinə görə çay, göl və s. bu kimi təbii su ehtiyatlarından məhrum bir şəhər idi. Bu baxımdan, şəhər tarixən həmişə su qıtlığından əziyyət çəkmişdi. Təbii ki, mövzudan uzaqlaşmamaq üçün çox uzaq tarixə nəzər salmaq niyyətində deyilik. Məqsəd XIX əsrdə Bakımızın keyfiyyətli və içməli su təchızatı ilə bağlı o zamankı işğalçı rus hökumətinin fəaliyyətini aydınlatmaqdır.



1806-cı ildə Rusiya Bakı xanlığını da öz tərkibinə keçirməklə işğal edir. Bakı Rusiyanın uzaq cənub – şərqində, Avropanın Asiyaya keçdiyi ərazidə, Xəzər dənizinin sahilində qərarlaşmışdı. Müəyyən mənada Bakı xoşbəxt bir şəhər idi: dəniz sahilində yerləşdiyinə, dəniz yolu vasitəsilə dünyaya çıxa bilmək imkanlarına, daimi isti iqliminə görə. Bakı həm də çox zəngin maddi ehtiyatlara, nəhəng yeraltı sərvətlərinə - neftinə görə xoşbəxt şəhər idi. Neft sənayesinin inkişafıyla Bakı 20–30 illik qısa bir müddət ərzində balaca, kasıb bir şəhərdən gözəl, varlı, onlarla milyonçusu olan bir şəhərə çevirildi. Böyüdükcə, varlandıqca bu bənzərsiz şəhərin əhalisi də artaraq, artıq 1894-cü ildə 110.000 nəfərə çatmışdı. Lakin getdikcə böyüyən və dövlətlənən bu şəhərin özü ilə bərabər problemləri də böyüyürdü.

Bakı və onun ətrafını əhatə edən çöl-biyaban, quru düzəngah mühit su ehtiyatından o qədər kasad idi ki, hətta içməli su kimi istifadə oluna biləcək bir dənə də olsun axar su mənbəyi belə, yox idi. Şoran zəmin isə qrunt sularını o qədər duzlu edirdi ki, içmək mümkünsüz olurdu. Yağıntısız keçən fəsillər səbəbindən quru iqlim meteor sularından istifadəni də çətinləşdirirdi, çünki Bakıda meteor su nohurları yox idi. Bunun üçün hökmən nəhəng hovuzlar, sistern anbarlar qurulmalı idi.

Belə bir vəziyyət böyük əhaliyə malik Bakı və onun rayonlarının su təchizatı məsələsinin fövqəladə üsulla qəti həllini qaçılmaz edirdi. Bu isə yalnız Şollar su kəməri layihəsinin həyata keçirilməsi ilə mümkün görünürdü.

Beləliklə, o zamankı dünyanın bu nəhəng su kəməri vasitəsilə suyu 175 verst məsafədən – Şollardan Bakıya qovmaq lazım gələcəkdi. Lakin Şollar su kəməri çəkilişi baş tutana qədər ətraf sənaye rayonlarının su ehtiyacını ödəmək lazım idi. Bu məqsədlə də kəşfiyyat işləri aparılırdı. Bakının sənaye–zavod rayonlarının, xüsusilə, köhnə Balaxanı–Sabunçu–Ramana–Zabrat və yeni Bibi-Heybət sənaye rayonları, həmçinin, Qara şəhər və Ağ şəhər zavod rayonlarının su təchizatı tarixinə nəzər salsaq görərik ki, hələ 1897–ci ilə qədər bu iş yalnız quyu suları hesabına həyata keçirilirdi.

Ən acınacaqlı məsələ isə əsas həyat mənbəyi olan içməli suyun yoxluğu idi. Bakı və onun ətraf ərazisi elə torpaqda yerləşirdi ki, quruluşca ən aşağı laylarda belə, su izləri demək olar ki, yox səviyyəsində idi və əgər rast gəlinirdisə də, kifayət qədər az miqdarda olurdu. Belə sular isə dəniz törəmələrindən keçdiyinə görə özündə çoxlu miqdarda natrium xlor toplayırdı ki, bu da onu həddindən artıq duzlu edirdi.

Mövcud vəziyyətdən irəli gələrək Bakı şəhəri quyu suları ilə kifayətlənmək məcburiyyətində qalmışdı. Su o qədər duzlu olurdu ki, Bakıya gələn qonaqlar fiziki olaraq bu suyu qəbul edə bilmirdilər. Hətta 1892–ci ildə baş verən vəba “partlayışı”nda demək olar ki, bütün əhali Bakını tərk elədi və şəhər tamamilə boşaldı: yüz minlik əhalidən şəhərdə cəmi 10 – 15 min nəfər qalmışdı. Şəhərin sanitar vəziyyəti olduqca pərişan idi və Şəhər Upravası buna görə vəziyyəti nəzərə almaya bilmədi.



Belə çıxılmaz vəziyyətin aradan qaldırılması üçün Uprava tədbir görməli olduğunu dərk edirdi. Şəhərə yaxşı keyfiyyətə malik içməli su gətirilməli idi. Bu məqsədlə hökumət ilk mənbə kimi Bakıdan 80 km. uzaqlıqda yerləşən Dübrar yüksəkliyindəki gur bulaqdan su gətirilməsinə cəhd edir. Lakin həmin ərazidə yaşayan çoxsaylı əhalinin də mənbədən yararlandığını nəzərə alaraq, hökumət oradan su çəkilməsindən imtina edir və Bakı Şəhər İdarəsinə tapşırılır ki, şəhəri su ilə təchiz etmək üçün başqa mənbələrə müraciət etsin.

O zamankı şəhər əhalisi əsasən Qala divarlarının arxasında - indi İçəri Şəhər adlandırdığımız ərazidə məskunlaşmışdı. Qalanın su təminatı isə “Xan” su kəməri adlandırılan quyu suyu vasitəsilə ödənilirdi. “Xan” su kəmərinin 1882–ci ilə qədər salamat qalan 12 quyusundan 3-ü küçədə, yeni sahibkarların ixtiyarında olan 7 quyu içəri həyətdə, bir quyu bir sahibkarın evinin altında, bir quyu isə şəhər sakini Kərbəlayı Ələkbər Fərzəli oğlunun həyətində idi. Bu su xəttindən dənizkənarı fəvvarəyə və Xan sarayına su gedirdi.

Lakin “Xan” su dəhlizinin yaxşı basdırılmamış su ötürücüləri və etibarlı örtülməmiş süngər ləyəni leysan nəticəsində sıradan çıxdığından əhali suyu yalnız quyulardan sudaşıyanlar vasitəsi ilə apararaq, istifadə edə bilirdi. 12 quyunu birləşdirən “Xan” su kəmərinin vəziyyətinin öyrənilməsi Sokolovski adlı mühəndisə tapşırılmışdı.

Zaman keçdikcə şəhər böyüyür, əhalisi isə artırdı. Şəhər əvvəllər “Bazar”, sonralar isə “Baş küçə” adlandırılan rayon üzrə qərbə doğru, simal qərbdən isə köhnə Karantin binası istiqamətində və nəhayət, qalanın cənubundan dəniz sahılı boyunca yavaş–yavaş böyüyür və divarları aşaraq, qaladan uzaqlaşırdı.

30 may 1859–cu ildə Şamaxıda baş vermiş qorxulu zəlzələdən sonra həmin ilin dekabr ayında bütün quberniya idarələri Şamaxıdan Bakıya köçürüldü və eyni zamanda Şamaxı quberniyasının adı dəyişdirilərək, Bakı quberniyası adlandırıldı. Şübhəsiz, Bakının inzibatı mərkəz kimi tanınması təbii olaraq əhalisinin artımına da təsir edirdi. Şəhərin əhalisi isə ilk növbədə Şamaxı şəhərindən gələn əhalinin hesabına artırdı.



Beləliklə, Bakı quberniya mərkəzinə çevirildi və sürətlə inkişaf etməyə başladı. Daha sonra isə neft sənayesinin inkişafı fonunda şəhər iqtisadi baxımdan yeni dövrə qədəm qoydu. Amma təbii ki, Bakının həyatında həlledici rolu onun dünyada ən zəngin neft yataqlarına malik olmas, həmçinin, Xəzərin sahilindəki olduqca əlverişli coğrafi mövqeyi oynadı. Lakin təəssüflər olsun ki, o dövrdə Azərbaycan adına belə bir əlverişli məqam və üstünlüklərdən istifadə etmək mümkün olmadı. Heç torpaqlarımızı işğal edən Rusiya özü də çox uzun zamanlar geridə qalmış, köhnə sosial-iqtisadi münasibətlər zəminində bu sahədə heç bir tərpəniş edib, əlverişli vəziyyətdən yararlana bilmədi. Yalnız natural təsrrüfat sistemi dağılıb yerini kapitalist istehsal münasibətlərinə verdikdən sonra Rusiya texniki tərəqqi yoluna qədəm qoydu və təhkimçilik hüququnun ləğvi ilə ölkəyə azad kapital axını başladı.

Bakı və onu ətrafı isə çox qədim bir neft məskəni idi. Doğrudur, neftin istismarı hələ qədim zamanlardan əl üsulu ilə aparılırdı və XIX əsrin 70–ci illərinədək bu sahədə heç bir dəyişiklik və inkişaf yox idi. Hətta əsrin birinci yarısında belə Bakı neftinin orta illik hasilatı artaraq, cəmi 20.662 pud olmuşdu.Lakin sonradan Bakının üfüqlərində sərbəst kapitalın görünməsi neftin əldə edilməsində əl əməyinin mexaniki qazma ilə əvəzlənməsinə və beləliklə, Bakı neft sənayesi tarixində yeni inkişaf mərhələsinə gətirib çıxardı. Sürətli inkişafa və əzəmətli nəaliyyətlərə isə Bakı nefti ilk növbədə xarici kapital, zəngin xarici təcrübə və təkmilləşdirilmiş texnika sahəsində çata bildi.

Bakı neftinin dünyaya cıxarılmasına əngəl olan əsas məsələlərdən biri Bakını digər yaşayış məntəqələri ilə birləşdirə biləcək dəmir yol xəttinin olmaması idi. Bu məqsədlə imperiya hökuməti 1883 – cü ildə Bakını Batumla, 1899 – cu ildə isə Rostovla birləşdirən ilk dəmir yolu xətlərini çəkir. Lakin bundan xeyli əvvəl isə Bakıda strateji əhəmiyyətinə görə dəmir yolundan heç də geri qalmayan ilk su əlaqəsi yaradılır. Bu Nobel qardaşlarının suya buraxdıqları Xəzər dənizində maye daşıyan “Zoroastr” adlı ilk paroxod vasitəsilə həyata keçirilir.



Beləliklə, Bakı neft sənayesinin sürətli və vüsətli inkişafı təbii olaraq şəhərin inkişafına və şəhər əhalisinin artmasına təsir göstərirdi.Bununla da işçi qüvvələri və urbanizasiya nəticəsində əhalinin artımı yeni bir vüsət alırdı.

Şəhərin iqtisadi boyu böyüdükcə onun ərazisi də genişlənirdi. Əsrin son 50 ili ərzində Qala şəhər sərhədlərini xeyli aşaraq yeni məskunlaşdırılan Bayır şəhəri - forştatı özünə qatdı. Bayır şəhər isə qərbə, şimala və şərqə doğru, başlıca olaraq isə şərqə və şimal – şərqə doğru böyüyürdü. Məhz şəhərin bu ərazilərində fotogen zavodlar (kerosin) tikilirdi.Lakin sonralar bu zavodlar əhaliyə böyük narahatlıq yaratdığından 1872–ci ildə şəhərdən şərqə doğru daha uzaq məsafələrə köçürülür və həmin il Qara şəhər,bir neçə ildən sonra isə bunun davamı kimi Ağ şəhər salınır.

1883–cü ildə Dəmiryolunun çəkilişi ilə Vağzalarxası sahə, bunun ardınca Primorsk rayonu və Kanıtəpə əraziləri yaranır. Şəhərin böyüməsi isə öz növbəsində ictimai həyatı mürəkkəbləşdirir: xeyli yeni tələbatlar və ehtiyaclar yaranır ki, bunlarında yerinə yetirilməsində çətinliklərlə üzləşilirdi.Bir mədəniyyət mərkəzi kimi yeni – yeni inkişafa başlamış şəhərin qayğıları isə təkcə şəhər təsərrüfatının və şəhər əhalisinin ehtiyaclarını ödəməklə məhtudlaşmırdı. Burada həm də azərbaycanlılar, ermənilər və ruslardan ibarət şəhər əhalisinin maraqları toqquşurdu. Xüsusilə, ermənilərin azərbaycanlılara, o cümlədən, digər müsəlman əhaliyə qarşı törətdikləri və düz 12 il davam edən qanlı hadisələr də şəhər təsərrüfatının idarə olunmasında problemlər yaratmışdı.Belə bir sosial – iqtisadi şəraitdə isə şəhərin büdcəsi qismən də olsa artır və şəhər ictimai idarəsinin fəaliyyəti də genişlənirdi.

1878–ci ildən etibarən şəhər təsərrüfatı və bütünlükdə şəhərin idarə edilməsi şəhər ictimai idarəsinin əlinə keçir. Şəhərin öz nəhəng təsərrüfatını və əhalisinin ildən–ilə artan ehtiyaclarını ödəmək üçün Şəhər Duması və Şəhər Upravası simasında öz seçkili orqanları mövcud idi. Doğrudur, şəhər inkişafa başlamışdı, lakin başı pozuq təsərrüfatın tezliklə idarə edilə biləcəyinə inanmaq bir qədər real deyildi və bütün çətinliklər, o cümlədən, təcrübə qıtlığı bələdiyyənin təsərrüfat maşınının işə düşməsini ləngidirdi. Bu isə öz növbəsində şəhər təsərrüfatının ən əsas qolu olan su təchizatı məsələsinin inkişafının vacibliyini ön plana çəkirdi.



Şəhər artıq bir neçə dəfə böyümüşdü və “Xan” su kəməri şəhərin su tələbatını ödəmək iqtidarında deyildi. Kəskin su çatışmazlığı yerli hakimiyyəti dəfələrlə bu məsələ ilə bağlı tədbirlər görməyə vadar edirdi. Bu isə ikinci bir su xəttinin –“Sisianov” su kəmərinin çəkilişi ilə nəticələndi.

Həmin su kəməri də əhalini quyu suyu ilə təchiz edirdi və keyfiyyətinə görə “Xan” su kəmərindən əhəmiyyətli dərəcədə geri qalırdı. Bakı qubernatoru general Kolyubakin olduqca ciddi şəkil almış su çatışmazlığını həll etmək üçün mühəndis–hidravlik Şibanova “Sisianov” su kəmərinin genişləndirilməsi və bu su xətti hovuzunu yenidən qurmağı tapşırır. Bunun yekunu olaraq su xəttində suyun həcmi üç dəfə artdı və yonulmuş daşdan düzəldilmiş yeni hovuz isə artıq suyu 10 su kranının köməyi ilə verirdi. Lakin qubernator bunun tələbatı onsuz da ödəməyəcəyini bildiyindən Şibanova şəhər kənarlarından yeni şirin su mənbəyi axtarşına başlamağı tapşırır.

1869 – cu ildə Abşeron yarımadasının su qaynaqları araşdırılır və Şibanov Buzovna kəndi yaxınlığında Zuğulba mənbəyini aşkarlayır. O, müəyyən edir ki, Zuğulba suyu qayalardan bir neçə qoldan axaraq çıxır, sonra sahilboyu 20 sajen yol keçərək, dənizə tökülür. Zuğulba suyunun gündəlik həcmi 26.849 vedrə idi. Lakin suyun şəhərdən uzaq məsafədə və münasib yerdə olmaması onun şəhərə gətirilməsini çətinləşdirirdi.

Bunun ardınca şəhər ətrafı digər ərazilərdə də içməli su ehtiyatları tapılsa da, Abşeron yarımadasından su xətti çəkilməklə şəhərin su təminatının mümkünsüzlüyü qərarı alan Şibanov şəhərdə əvvəlki kimi sadə artezian quyuları vasitəsilə su çıxarmağın ən optimal variant olduğunu təklif edir. Həmin müddət ərzində şəhərdə artıq üç hovuz mövcud idi: “Xan”, “Sisianov” və “Komendant bağı” su xətləri (quyular). Lakin durmadan böyüyən şəhərin yeni su ehtiyatlarına tələbatı artırdı. Bu isə Sahil küçəsində və Bayır şəhərin Malakan adlı ərazisində daha iki hovuzun tikilməsini qaçılmaz edir.

Beləliklə, 1878-ci il Şəhər Nizamnaməsi qəbul edilənədək, Bakının su təchizatı belə vəziyyətdə qalır. Yalnız Nizamnamə qəbul edildikdən sonra butunlüklə şəhər təsərrüfatı və abadlıq işləri ictimai idarəetməyə verilir. Ticarətin, xüsusilə neft sənayesinin inkişafı isə şəhərin və əhalinin sayının artması ilə, bərabərində həm də suya olan tələbatı da durmadan yüksəldir. Köhnə su xətləri isə getdikcə yararsız vəziyyətə düşür və quyuların böyük əksəriyyətinin isə, xüsusilə, Sisianov quyularının suyu şor, cod və bu baxımdan da zərərli olduğundan Bakı şəhər (ictimai) idarəsi elə fəaliyyətinin ilk ilindən təbii olaraq şəhərin su təchizatı məsələsini gündəmdə saxlayır.



11 fevral 1879 – cu ildə Bakı Şəhər Duması Bakı ətrafından şirin su ehtiyatlarının axtarışını həyata keçirmək məqsədilə vəsait ayırır. Həmin ilin yayında isə şəhərin başçısı S.İ.Despot–Zenoviç şəhər torpaqlarının və mövcud su xəttlərinin planını almaq üçün quberniya idarəsi ilə yazışmalar aparır, eyni zamanda Həştərxan şəhər su xətti çəkilişi ilə bağlı Həştərxan şəhər başçısından məlumatlar istəyir. Növbəti ildə isə 20 may 1880–ci il tarixdə Bakı Şəhər Duması su ehtiyatlarının axtarılması yollarını həyata keçirəcək birinci komissiyanı seçir.

Zuğulba su mənbələrini araşdırmaq üçün təyin edilən birinci komissiyanın tərkibinə deputatlar – H.Z.A.Tağıyev və P.T.Nikitin, şəhərin texnik və mütəxəssisləri – geoloq və dağ mühəndisləri Semennikov, Uspenski və Batseviç, kimyaçı Eyxler və şəhərə su çəkilişini həyata keçirməyi təklif edən fransız şirkətinin - biri komissioneri baron fon - Mertsenfeld olmaqla iki nümayəndəsi daxil edilmişdi. Komissiya 2 avqust 1881 – ci ildə su mənbələrinə baxışı həyata keçirir. Komissiyanın geoloq və mühəndisləri maraqlı bir yekun rəyə gəlir. Belə ki, onlar Zuğulba qaynaqlarından çıxan suyun şəhərə aparılmasının lüzumsuz olduğunu və şəhərin lap yaxınlığında da belə su mənbələrinin olduğu qənaətinə gəlirlər.

Komissioner baron fon Mertsenfeld ısə şəhər idarəsindən çəkiləcək suyun müqabilində suyun vedrəsi üçün yüksək məbləğ (2.56 qəp.) müəyyən edir. Və beləcə Zuğulba suyunun Bakıya gətirilməsi məsələsi həllini tapmır. Yalnız 20 ildən sonra Zuğulba mənbəyindən Bakıya su kəmərinin çəkilişi “ Zuğulba su kəməri” adlı şərik şirkət tərəfindən həyata keçirilir. Doğrudur, suyun qiyməti ucuz (0.75 qəp.) başa gəlsə də, su olduqca cod olduğundan şəhər idarəsi onun alınmasından imtina edir, yalnız Balaxanı–Sabunçu sənaye rayonlarına suyun verilməsi davam etdirilir, Bakı şəhərində isə Zuğulba suyundan çox nadir hallarda istifadəyə icazə verilir. 12 may 1882 – ci ildə isə Zuğulba suyundan tamamilə imtina edilir.

Bakı şəhəri ərazisində isə su mənbələri axtarışını həyata keçirmək üçün dağ – mədən mühəndisi Uspenski öz xidmətini təklif edir və 20 oktyabr 1881–ci ildə Duma onun təklifini qəbul edərək 1000 rubl məbləğində pul ayıraraq, həm də köhnə komissiyanı ləğv edir. Yeni komissiya üzvləri isə deputatlar – Şıx–Əlı Dadaşov, Hacı Baba Aşummov, H.Z.A.Tağıyev və Y.İ.Apresov seçilir.Lakin çox keçmədən Uspenski bu işə rəhbərlikdən imtina edir və yerinə dağ mühəndisləri Batseviç və Sokolovskini təklif edir.

12 may 1882 – ci ildə Bakı Şəhər Duması Zuğulba layihəsini ləğv etməklə, həm də yeni komissiya yaradır. Üçuncü komissiyanın tərkibi isə belə olur: deputatlar – Şıx Əlı Dadaşov, Debur, İretski, Abramoviç, Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Aşumov, Apresov, Məlik Məmməd Əliyev və Hacı Əli Dadaşov. Duma komissiyadan aparılan işlər barədə bütün yığıncaqlarda məlumat verməsini tələb edir.Elə həmin ilin 1 noyabrında fəaliyyətə başlayan komissiya 17 noyabrda Duma qarşısında “Kəşfiyyatların hesabatı” adlı hesabatla çıxış edir.



Hesabatda Batseviç və Sokolovski ümumiyyətlə Bakı şəhəri və onun yaxın ətrafında şirin su qaynaqlarının olmaması barədə ümumi fikrə gəlir və bu axtarışlara tamamilə mənfi rəy verilir. Bakı şəhərində 307 quyuda analiz və ölçmə işləri aparan Eyxlerin nəticələri bütün quyuların suyunun tam kimyəvi tərkibini müəyyənləşdirir. Bütün işlərin yekununa əsasən, Batseviç Bakı şəhəri və onun ətraf zonalarında olan bütün şor və şirin suları müəyyən edir və göstərir ki, şəhərin şərq hissəsində - Şamaxinkanın və Çəmbərəkəndin arxasındakı Xan su kəmərinin ilk 9 quyusunun suyu şirin sudur. Sisianov quyuları isə zərərli olduğundan ləğv edilməlidir.

Yüksək mütəxəssis dəqiqliyi ilə hazırlanan həmin hesabat da 32 ildən artıq bir dövrdə arxivlərdə yatır, şəhərin su təchızatı problemi isə uzanırdı, ta o vaxta qədər ki, 175 kilometr uzaqlıqdan, Altıağac yüksəkliklərindən–Şollar qəsəbəsindən Bakı- Şollar su xətti çəkilişinə icazə veriləcəkdi. 1891–ci ildə isə hələ ki, Altıağacdan su kəməri çəkilişi ilə bağlı layihə rədd edilmiş və yeni komissiya birmənalı şəkildə yeganə etibarlı su mənbəyi olaraq Kür çayından su xətti çəkilməsi üzərində dayanmışdı. Kür su borusu ilə Bakıya gətiriləcək suyun istehsal gücü günlük 1.000.000. vedrə hesablanmışdı.

Kür su xətti üçün 3 layihə təqdim edilmişdi: Moskva su xəttini tikən mühəndis M.İ.Altuxov, Paris su kəmərinin müəllifi mühəndis Dümon və Tiflisli mühəndis Roytun layihələri. Altuxovun layihəsi 10 000, Dümonun 5000 və Roytun layihəsi isə 3000 rubl dəyərində idi.Lakin hər üç layihədəki çatışmazlıqlar və maliyyə xarakterli səbəblər onların reallaşmasını imkansız etdi.

Bunu nəzərə alan Şəhər İdarəsi qərara alır ki, yeganə keyfiyyətli suyu olan əlverişli su mənbəyi Kür çayıdır. Şəhər İdarəsi bu məsələnin həllini dəqiqləşdirməzdən əvvəl yerli və Tiflisdəki elm adamlarının gücündən istifadə edərək Kür suyunun kimyəvi və bakterioloji analizlərini həyata keçirir. Məlum olur ki, Kür çayının suyu bu baxımdan yaxşı su hesab olunsa da, fiziki çəhətdən o qədər də qənaətbəxş deyil. Belə ki, çayın suyu ilin müxtəlif fəsillərində müxtəlif mineral qarışıqları ilə güclü çirklənməyə məruz qalır. Məsələ burasında idi ki, Kür dağ çayı olmaq etibarilə axıntı yolunda ona birləşən digər dağ çaylarının suyunu da özü ilə apardığından, güclü yağışlar sonrası dağlardan yuyulan çoxlu qum və gil də onun suyuna qarışırdı. Bu səbəbdən Kurun suyu fiziki cəhətdən çox vaxt qənaətbəxş olmur və yaz aylarında isə xüsusilə sarı – qonur rəng alırdu. Bu nöqteyi–nəzərdən Kür suyunun Bakıya gətirilməsini həyata keçirmək üçün ilk növbədə suyun təmizlənməsi üsulları tapılmalıydı.

Kür su xətti layihələrindən birinin müəllifi M.İ.Altuxov da belə fikirləşirdi ki, bir halda ki, kimyəvi və bakterioloji analizlər Kür suyunun yetərincə qənaətbəxş olduğunu göstərir, bu halda təmizləndiyi zaman o, fiziki cəhətdən də əlverişli olacaqdır.

Beləliklə, Şəhər İdarəsi 1892–ci ildə Altuxovu Bakıya dəvət edir. Kürün yaz daşqınları zamanı özünəməxsus mənzərəsinə yaxşı bələd olan Altuxov da məhz 1892–ci ilin aprel ayında Bakıya gəlir, Kür ərazisinə baxış keçirir, Kürdən Bakıya qədər su xətlərinin keçə biləcəyi bütün yolu öyrənir və Kür – Bakı su xətti layihəsini hazırlamazdan əvvəl görüləcək işlər barədə təkliflərini verir. Bundan sora o, Peterburqa qayıdır və burada iki kəşfiyatçı-mühəndis dəstəsi yaradır. Hər iki dəstənin rəhbərləri – S.İ.Nestyuşko və D.İ.Ozon xüsusi hazırlanmış proqram üzrə axtarış və tədqiqat işlərinə başlamaq uçun Bakıya gəlməli olsalar da, həmin ilin iyul ayında Bakıda tüğyan edən vəba ucbatından bu səfər oktyabr ayınadək təxirə salınır.

Layihənin həyata keçirilməsi ilə bağlı axtarış və tədqiqatlar 1892–ci ilin oktyabr ayından 1893–cü ilin fevralınadək davam edir. Bu işi həyata keçirən kəşfiyyatçı–mühəndis dəstələrindən hər biri 60 verst ərazidə, yəni bir dəstə Kür çayından Ələt stansiyasınadək olan ərazini, digəri isə Ələt stansiyasından Bakıya qədər olan ərazini öyrənir.

Beləliklə, hər 60 verst ərazinin öyrənilməsinə 5 ay və ya 125 iş günü sərf edilir. Həmin müddət ərzində həm də daha əlverişli yolun tapılması məqsədilə ərazinin çəkilişi aparılır və həm eninə, həm də uzununa niverilləmə işləri də görülür. Fevral ayında axtarışlar yekunlaşdıqdan sonra hər iki dəstə Peterburqa qayıdır və bundan sonra nəticələrlə tanış olan Altuxov layihəni hazırlamağa başlayır ki, bu da təqribən bir il vaxt aparır.

1893 – cü ilin dekabrında mühəndis Altuxov layihəsi ilə birlikdə Bakıya gəlir. 12 fevral 1894 – cü ildə İmperator Rus Texniki Cəmiyyətinin III Şöbəsinin iclası olur və M.İ.Altuxov şəhərdən 120 km uzaqlıqda yerləşən Kür çayından su xətti çəkməklə Bakı şəhərinin su təchizatı layihəsinə dair məruzə ilə çıxış edir. Çox uzun sürən müzakirələr sonrası iclasın sədri hazırladığı layihəyə görə Altuxova minnətdarlığını bildirir, lakin layihənin qəbul edilməsi məsələsi qapalı qalır. Səbəb isə müzakirələr zamanı qaranlıq qalan məqamlar və layihənin olduqca yüksək maliyyə vəsaiti tələb etməsi olur.

(Ardı var)


Teqlər:  





Xəbər lenti