Əli Kərimlinin unudulmayan ləkəli keçmişi - I yazı: xəyanət və rəzalət necə başladı

Əli Kərimlinin unudulmayan ləkəli keçmişi - I yazı: xəyanət və rəzalət necə başladı
  06 Fevral 2017    Oxunub:36075
Nəsimi Şərəfxanlı
(Müəllifin qoyduğu şərtə əsasən, yazılar dəyişiklik edilmədən veriləcək – AzVision.az)

Azərbaycanın siyasi sistemində, xüsusilə də sosial şəbəkədə zombiləşmiş bir tayfa əmələ gəlib. Həmin zombiləşmiş qaragüruhçu dəstə öz tayfa başçılarından qeyri hər kəsi ittiham etməyə, adıçəkilən şəxsə azacıq tənqidi yanaşanı isə xəyanətdə suçlamağa vərdiş ediblər. Özlərini ictimai rəyə demokratik düşərgənin əsas güc mərkəzi kimi sırımağa çalışan bu qaragüruhçu dəstə hər cür yalan danışmaqdan, iftira atmaqdan çəkinmir.

Amma ən yaxın tariximizə nəzər saldığımız zaman bu insanların bütə çevirdikləri şəxsin - ictimai-siyasi fəaliyyətə komsomolçu kimi başlayan Kərimov Əli Əmirhüseyn oğlunun gerçək siması ortaya çıxar. Bu ləkəli keçmişi təmizləmək, yaddaşdan silmək mümkünsüzdür. Tarix unudulmur və yaxın tariximizin canlı şahidi olan insanlar hələ həyatdadırlar.

Amma yeni faktlara keçməzdən öncə bir məqamın üzərində dayanmaq istərdik. Kərimlinin yaxın tariximizdə müxalif düşərgəyə xəyanət və separatizm töhfələrinə keçməzdən öncə bir suala cavab verək:

Niyə Əli Kərimli?

Əli Kərimli, onun yaxın siyasi tariximizdəki separatizm və xəyanətləri yenə siyasi gündəmin mövzusudur. Son 20 ildə müxalif düşərgədəki siyasi durumdan asılı olmayaraq, Əli Kərimlinin mənfi reputasiyası zaman-zaman gündəmə gəlib. Bu şəxsin adı müxalif düşərgədən hakimiyyətlə gizli danışıqlara girən ilk siyasətçidən tutmuş, Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyin zəhərlənməsinə qədər ən ilginc olaylarda hallanıb.

Maraq doğuran məsələ odur ki, niyə məhz Əli Kərimlinin adı hallanır? Niyə digərləri yox, məhz Əli Kərimli suçlanır..? Axı, müxalif düşərgənin siyasi komandasında Müsavat Partiyasının başqanı İsa Qəmbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, millət vəkili, keçmiş baş nazirin birinci müavini Əli Məsimli, Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Milli Dirçəliş Hərəkatının sədri, millət vəkili Fərəc Quliyev, keçmiş millət vəkili İbrahim İbrahimli və daha hansı tanınmış simalar olmayıb..? Nə üçün təkcə Əli Kərimlinin adı mənfi olaylarla bağlı hallanır? Niyə, İsa Qəmbərin, Mirmahmud Mirəlioğlunun, İbrahim İbrahimlinin, yaxud Əli Məsimlinin adı deyil, məhz Əli Kərimovun adı biabırçı əməllərdə suçlanır..?

Söhbət təkcə Əbülfəz bəyin zəhərlənməsindən getmir, digər bulanıq-çirkli məsələlərdə də məhz Əli Kərimovun adı həmişə öndə olur. Bunun səbəbi nədir? Əlbəttə, Əli Kərimlinin tərəfdarları o dəqiqə deyəcəklər ki, rəhbərləri daha nüfuzlu, daha yüksək reytinqli olduğu üçün guya iqtidar onu hədəf seçib. Bu arqument tənqidə dözümlü deyil. Məgər Əli Kərimli İsa Qəmbərdən və digərlərindən daha nüfuzludur, populyardır?.. Qətiyyən. Bəlkə, Əli Kərimli öz tərəfdarlarının dediyi kimi guya daha ciddi rəqibdir, bəlkə geniş sosial bazası var? Bu variant da ağlabatan deyil. Çünki 2003-cü ilin prezident seçkilərində Əli Kərimlinin dəstək verdiyi Azərbaycan Milli İstiqlal Partiyası çox aşağı göstərici ortaya qoydu. Deməli, Kərimovun tərəfdarlarının dedikləri həqiqətə uyğun deyil. Ona görə də, Əli Kərimlinin suçlanmasının əsas səbəbini məhz onun özündə axtarmaq lazımdır. Yəni barəsində deyilən bütün mənfi olayları cənab Əli Kərimov özü qazanıb.

Köhnə dostlar xəyanətkara çevrildi

Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasını xərcləyə-xərcləyə axırda yerdə xırda bir qrup saxlayıb. Bu isə bacarıqlı, nüfuzlu siyasətçi olmaqla bir araya sığmır. Əgər Əli Kərimov öz komandasında olan dəyərli insanlardan, yaxın tələbəlik dostlarından, müəllimlərindən heç birini də qoruyub saxlaya bilmədisə, bunun səbəbini indiki iqtidarda deyil, məhz özündə axtarmalıdır. İqtidar Əli Kərimovun bacanağı, yaxın silahdaşı Əliməmməd Nuriyevi onun əlindən necə ala bilərdi?.. Axı, bu, ailə məsələsidir. Əgər Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri öz tələbə dostları Fuad Mustafayevi, Qüdrət Həsənquliyevi, Fazil Mustafanı, Əli Mustafayevi rəhbərlik etdiyi partiyada qoruyub saxlaya bilmirsə, hansı liderlikdən danışmaq olar?..

Yaxud bir vaxtlar “Yurd” birliyinin və Əli Kərimlinin əsas aparıcı fiqurları olan Asim Mollazadənin, Əli Məsimlinin, Qulamhüseyn Əlibəylinin bu gün başqa-başqa təşkilatlarda olmasını nə ilə izah edək? Həm də məsələ yalnız bu şəxslərin AXCP-dən, Əli Kərimlinin rəhbərliyindən imtina etməsində deyil. Adları çəkilənlər Kərimlini bir siyasətçi, dost, insan kimi öz dəftərlərindən siliblər. Bəs bütün bunlara nə ad verək? Axı bu adamların çoxu keçmişin haqq-salamını, duz-çörəyini nəzərə alıb, abrına təpinib susub. Əli Kərimli isə bütün bunları ayağının altına atıb köhnə dostları xəyanətkar elan etmək üçün bütün təbliğat vasitələrini işə salıb. Necə deyərlər oğru elə bağırıb ki, doğrunun bağrı yarılıb. Amma iş bununla bitmir...

Satqın kimdir? Yaxud kor kora kor deməsə...

Əli Kərimli onun kimi düşünməyənlərə, onun ətrafında olmayanlara, onun liderliyini qəbul etməyənlərə “satqın” damğası vurmağı vərdiş edib. Əsl reallıq isə fərqlidir.

Çox adi bir fakta nəzər yetirək. AXC hakimiyyəti dövründə bəzi hakimiyyət nümayəndələrinə qanuni mənzil növbələrinə uyğun olaraq, mənzil verilmişdi. O cümlədən, Əli Kərimova. Hakimiyyət devrilən kimi məhkəmələr həmin mənzillərin orderlərini ləğv etdi. O cümlədən, Əli Kərimovun. Maraqlıdır ki, "hüququna toxunulan 6 nəfərin adlarını yazan (Sabit Bağırov, Vurğun Əyyubov, Qulamhüseyn Əliyev, Əli Məsimov) "Azadlıq" qəzeti orderi ləğv edilmiş Əli Kərimovun adını qeyd etməyi "yaddan çıxarıb". Səbəbi sonradan məlum olur. 10 sentyabr 1994-cü il mitinqində həbs olunan Əli Kərimovu bir neçə gündən sonra azad etməklə bərabər, mənzilini də qaytarırlar. Hazırda Əli Kərimov yeganə müxalifət nümayəndəsidir ki, tənqid etdiyi iqtidarın yüksək vəzifə sahibləri ilə birlikdə polis tərəfındən mühaflzə olunan binada yaşayır. Mənzil, bahalı avtomobillər, cangüdənlər, qəzetlər, muzdlu yazarlar dəstəsi... 1993-cü ildən problemlər içərisində yaşamasına baxmayaraq, əqidə davası aparan minlərlə müxalifətçidən fərqli olaraq, bütün bunlara sahib olmaq faktı özlüyündə hər şeyə cavab verir.

Hələ o zamanlar mətbuatda Əli Kərimova ünvanlanan "bu imkanlar haradandır?" sualına adətən "dostlarım kömək edir" məzmunlu cavab verirdi. Maraqlıdır, başda Elçibəy olmaqla, bütövlükdə Xalq Cəbhəsi və onun üzvlərinin əksəriyyətinin ehtiyac içərisində olduğu illərdə Kərimovu Elçibəy qarşı yazarlar dəstəsi, qəzetlər, təşkilatlar saxlamağa, uzun illər AXC-AXCP-ni zəiflədərək aradan çıxarmağa maddi dəstək verən, cangüdənlərlə, avtomobillərlə, ən məşhur yerlərdə istirahətlə təmin edən bu "dostlar" kimlər idi? Həmin “dostlar”a satılan kim idi?...

Əli Kərimlidən necə lider düzəltdilər?

…1993-cü ildə Elçibəy hökuməti devrildikdən sonra Əbülfəz bəy başda olmaqla AXC rəhbərliyinə daxil olan yüksək vəzifə sahibləri ya həbs olundu, ya da proseslərdən kənarlaşmağa məcbur oldular. Fəqət çox keçmədi ki, 1994-cü ildə, yəni cəmi bir il sonra Əli Kərimov heç bir maneə olmadan Bakıya qayıtdı və AXC sədrinin birinci müavini qismində təşkilata rəhbərlik etməyə başladı.

Komandanın lideri Əbülfəz Elçibəy Kələkidə, yıxılmış hökumətin digər yüksək vəzifə sahibləri – baş nazir, nazirlər, bir sözlə ictimai-siyasi səhnədə ciddi fiqur olan hər kəs ya həbsdə, ya da paytaxtdan kənarda olduğu bir zamanda Əli Kərimli nəinki Bakıya gəldi, hətta ona sərbəst siyasi fəaliyyət şəraiti də yaradıldı. İbrahim İbrahimli, İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Fərəc Quliyev, İsgəndər Həmidov kimi nüfuzlu müxalif liderlərin kölgəsində qalmamaq üçün Əli Kərimlinin süni şişirdilməsi planı da işləndi. 94-cü ilin 21 may mitinqində cibində qumbara ilə həbs edilən Ə.Kərimli haqqında həbsdə olduğu müddətdə “gördünüzmü, hakimiyyət ondan çəkinir, qorxur”, həbsdən çıxdıqdan sonra isə “Əli Kərimlini həbsdə saxlamağa gücləri çatmadı” təbliğatı aparıldı və beləcə, müxalif düşərgənin ilk separatçı və hər an hakimiyyətlə anlaşmağa hazır süni lideri hazırlandı.

Ustadına kəm baxan şagird

Bakıya dönüşündən və əldə etdiyi səlahiyyətdən sui-istifadə edərək, öz tərəfdarlarından ibarət olan «Yurd» birliyini dirçəltməyə və AXC-nin bütün strukturlarını «yurdlaşdırmağa» girişən gənc siyasətçi buna qismən nail oldu. Təşkilatda mövqeyini möhkəmləndirən keçmiş dövlət katibi gizli şəkildə Əbülfəz Elçibəyi nüfuzdan salmaq üçün məqsədyönlü fəaliyyətlə məşğul olur, hətta qəzetlərə Elçibəyi təhqir edən məqalələr sifariş etməkdən belə, çəkinmirdi. Konkret olaraq “Azadlıq”, “Bu gün”, “Çağ”, “Ulus”, və adlarını xatılamadığım digər qəzetlərdə gedən materialları misal göstərmək istərdim. 1995-ci ildə Əli Kərimov artıq AXCP-nin proporsional siyahısına başçılıq edərək parlament seçkilərinə qatıldı və Milli Məclisin deputatlığına layiq görüldü.

Növbəti yazılarda bu məsələlərə toxunacağıq:

- İbrahim İbrahimlinin AXC-dən getməsinin şok səbəbi;
- AXC-nin AXCP-yə çevrilmə qurultayının nizamnamə pozuntuları;
- Əli Kərimovun Kələki səfərinin ilginc detalları;
- AXC Gənclər Komitəsinin ilk sədrinin təşkilatdan xaric olunması;
- Pənah Hüseynovun AXCP-yə gəlişinə qadağa qoyulmasının səbəbləri;
- AXCP MNTK üzvü, mərhum hərəkatçı Şamil Quliyevin partiyadan kənarlaşdırılması;
- Elçibəyin iştirakı ilə keçirilən AXCP Ali Məclisinin son iclasında baş verənlər...



Teqlər:  





Xəbər lenti