Gəncədə `Çiyələk Yarmarkası`- FOTOLAR

Gəncədə `Çiyələk Yarmarkası`-  FOTOLAR
  23 Avqust 2013    Oxunub:3832
Oksfam Azərbaycan təşkilatı bu gün ilk dəfə Gəncənin `Xan Bağı`nda `Çiyələk Yarmarkası` keçirib.
Yarmarka SMART – yoxsul fermerlərə dəstək layihəsi çərçivəsində həyata keçirilib.

Yarmarkada Ağdam, Bərdə, Tərtər, Göygöl və Cəlilabaddan olan fermerlər çiyələk məhsulunu satışa çıxarıb. Burda emalçı müəssisələrdən – «İnterpark», «Azərsun», «Elsu», «Badamlı», «Dağ çiçəyim», «Nord» öz məhsullarını nümayiş etdirib.

Təşkilatın ölkə üzrə rəhbəri Şövkət Əlizadə bildirib ki, yarmarka xüsusi olaraq məhz Gəncə üçün düşünülüb: “Fermerlər dəfələrlə öz məhsulunu digər bölgələrdə satışa çıxarıb. Bu gün məqsəd təkcə yeni `Viktoriya` çiyələyini Gəncə sakinlərinə tanıtmaq deyil, həm də məhsulu emalçı müəssisələrə təqdim etməkdir. Çünki Gəncədə emal potensialı yüksəkdir”.

Ş.Əlizadə deyib ki, fermerlərlə emalçıların əməkdaşlığı davamlı və uğurlu alınsa, Azərbaycan məhsulu xarici bazara da çıxa bilər: “Yerli böyük emal müəssiləri əsasən çiyələyi Azərbaycana Türkiyə, Çin və İrandan gətirir və ondan mürəbbə, cem, dondurma məhsulları hazırlayr. Amma yerli çiyələk istehsalı ölkə üzrə genişlənsə və emalçı müəssələrin tələbatını ödəsə, nəticədə Azərbaycan emal müəssisələri çiyələyi yerli fermerlərdən ala bilər”.

SMART layihəsinin əlaqələndiricisi Elvin Nəbiyev bildirib ki, bu gün fermerlər yarmarkaya 3 tona yaxın məhsul çıxardıb. `Məqsəd fermerlərlə emalçılar arasında əlaqə yaratmaq, onların əməkdaşlığını təmin etmək, nəticədə fermerlərə dəstəkdir`. E.Nəbiyevin dediyinə artıq 2 yerli emal müəssisəsi fermerlərə dəstək istəyi gəlib: “`İnterpark` və `Elsu` emalçı şirkətləri bizim layihədəki fermerlərin kontakt siyahısını istəyiblər. Onlar kompot məhsulu üçün çiyələyi bizim fermerlərdən almağı düşünür”.
Məhsulun qiymətinə gəlincə, Elvin Nəbiyev bildirib ki, yarmarkadakı qiymətlər bazar qiymətindən ucuzdur: “Fermerlərin əkdiyi Viktoriya çiyələyi bazarda 2 manatdırsa, burda qiymətlər 1,30-1,50 manat civarındadır”.

Tədbirdə SMART layihəsinin maliyyə donoru İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin Proqramlar üzrə məsul əməkdaşı Zahir Əhmədov bildirdi ki, Gəncədəki yarmarka fermerlərə məhsuldarlığı artırmaq üçün gözəl şansdır: `Yerli fermerlərin əkdiyi çiyələk gələcəkdə bütün ölkə, eləcə də qonşu ölkələr, keçmiş Sovetlər məkanının bazarına uğurla çıxa bilər. Bununçün gözəl potensial var`.

Yarmarkanın sonunda Oksfam Azərbaycan alıcılar arasında viktorina keçirib. Viktorinada çiyələk əkimi, onun sortları, emalçı müəssisələr barədə suallar verilib. Qalib alıcılar Oksfam Azərbaycandan hədiyyələr qazanıb.

SMART layihəsi Böyük Britaniyanın Oksfam Humanitar təşkilatı və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (İİƏA) maliyyə dəstəyi ilə Bərdə, Tərtər və Ağdam rayonlarında icra edilir. 2010-cu ilin noyabrında başlamış layihə 2013-cü ilin oktyabrında bitəcək. Layihənin əsas məqsədi Mərkəzi Aran regionunda qadın və kişi fermerlərinin həyat şəraitinin yaxşılaşdırılması və yoxsulluğun azaldılmasından ibarətdir. Layihə hökumətin “Yoxsulluğun Azaldılması Strategiyası”na uyğundur. Layihə Toxum və Çiyələk Dəyər Zəncirlərində qadın və kişi fermerlərin üzləşdiyi çətinliklərin aradan qaldırılmasına, eləcə də onların ticarətçilər, anbar sahibləri, toxum dükanları və təchizatçılarla əməkdaşlığının dərinləşdirilməsinə xidmət edir. Layihənin işçi heyəti yerli hakimiyyət orqanları ilə əlaqəli şəkildə çalışır.

Qalereya




Teqlər:





Xəbər lenti