`Antikorrupsiya Qış Məktəbi` təşkil olunub - Fotolar

`Antikorrupsiya Qış Məktəbi` təşkil olunub - Fotolar
  16 Fevral 2017    Oxunub:4165
4-8 Fevral tarixlərində Qəbələ şəhərində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin və Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) təşkilatçılığı ilə “Antikorrupsiya Qış Məktəbi” təşkil olunub.
Tədbirin açılış mərasimi 4 fevral tarixində Qəbələ regional “Asan xidmət” mərkəzində baş tutmuş və tədbir ELSA Azərbaycanın sədri Məhəmməd İsmayılovun açılış nitqi ilə başlayıb. Daha sonra AZAKA Keçid Qrupunun üzvü, millət vəkili Vüsal Hüseynov, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev və Qəbələ regional “Asan xidmət” mərkəzinin direktoru Əbdül Əiyev çıxış ediblər. Günün ikinci yarısında iştirakçılara AZAKA keçid qrupunun üzvü Yalçın Rəfiyev və Vüsal Hüseynov tərəfindən “Korrupsiyanın tarixi, anlayışı və səbəbləri” və “Korrupsiyanın qarşısının alınması üzrə tədbirlər” mövzularını əhatə edən təlimlər keçirilib.



“Antikorrupsiya Qış Məktəbinin” növbəti günlərində "Milli Antikorrupsiya Strategiyası üzrə ictimai dinləmələr", "Etik qaydaların korrupsiyanın qarşısının alınmasında rolu: Parlament nümunəsi", "Korrupsiyaya qarşı mübarizə metodları - hüquqi vasitələr", “Korrupsiya cinayətlərinin prosessual aspektləri”, “Özəl sektorda korrupsiya və onunla mübarizə” və s. mövzularda təlimlər baş tutmuş, bir sıra praktiki məşğələlər həyata keçirilib. Tədbir ərzində AZAKA keçid qrupunun üzvü Yalçın Rəfiyev və Vüsal Hüseynov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı, Beynəlxalq Antikorrupsiya Akademiyasının məzunu Vüqar Məmmədov, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, Antikorrupsiya sahəsində bir sıra beynəlxalq təşkilatlarda Azərbaycan nümayəndə heyətinin üzvü Elnur Musayev, “Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi Məhəmməd Muradov təlimçi qismində dəvət olunubar.



Tədbir Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən olan hüquqşünas və qeyri-hüquqşünas 30 tələbənin iştirakı ilə keçirilib. "Antikorrupsiya Qış Məktəbi”nin təşkili azərbaycanlı hüquqşünas və qeyri-hüquqşünas tələbələr arasında fikir mübadiləsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaradacaq. Həmçinin azərbaycanlı tələbələrin Avropa ölkələrində oxşar tədbirlərdə iştirakı üçün imkanlar təmin edəcək.



ELSA-Azərbaycan təşkilatının fəaliyyəti nəticəsində ötən il ölkəmizdə bir neçə beynəlxalq və yerli tədbir təşkil edilib. Yüzdən çox azərbaycanlı hüquqşünas tələbə xaricdə beynəlxalq seminar və konfranslarda iştirak edib. Avropanın 43 ölkəsində fəaliyyət göstərən ELSA 230 universitetdə təhsil alan 48 mindən artıq gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsi və cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsidir.​



AzVision.az


Teqlər:  





Xəbər lenti