“Milli Şuranın gələcəyi yoxdur”
Bunu virtualaz.org saytına eksklüziv açıqlamasında Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin sədri, Milli Şuranın üzvü, sabiq deputat Zəminə Dünyamalıyeva deyib.
Onun sözlərinə görə, avqustun 12-də Cəmil Həsənli Milli Şuranın vahid namizədi olmaqdan imitna edib, amma on gündən sonra öz fikrini dəyişib. “Axı nə baş verdi? Bu dəyişiklik nə ilə bağlı idi? Mən Cəmil Həsənlidən bunu birbaşa soruşdum. Amma o, sualıma cavab tapa bilmədi. Verdiyi cavablar isə məni qane etmədi.
Eyni sualları İsa Qəmbər və Əli Kərimliyə də ünvanladım. Onlara açıq şəkildə dedim ki, axı sizin partiyalar seçkilərdə ayrı-ayrılıqda iştirak etməklə bağlı qərar vermişdi? Niyə indi öz mövqeyinizdən imtina etmisiniz? Onların da cavabları məni qane etmədi. Milli Şuranın iclasında onlara açıq sual verdim ki, siz bizi hara aparırsınız? Mən hər şeyi onların üzünə demişəm və qorxmağa da lüzum bilmirəm.
Müxalifət liderlərinin siyasi fəaliyyətini təhlil edərkən bu fikri söyləyə bilərəm ki, Milli Şuranın gələcəyini görmürəm. Çünki orada baş verənlər nə xalqımızı, nə də demokratik qüvvələrin maraqlarına cavab vermir. Bu o demək deyil ki, partiyamızın Milli Şuradan çıxmaq qərarını mən verməliyəm. Bu partiyamızın Ali Məclisisnin səlahiyyətlərinə aiddir. Amma Milli Şuranın gələcəyi yoxdur. Biz bu məsələni müzakirə etməliyik. Bir daha bəyan edirəm ki, Milli Şuranın gələcəyini görmürəm”.