“Ümid edirik ki, Qarabağ münaqişəsi öz həllini tapacaq” - Ruhani
H.Ruhaninin bəyanatında qeyd olunub:
- Azərbaycan ilə İran tranzit məsələlərində, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır və Astara-Astara dəmir yollarının birləşdirilməsi bu mühüm layihənin gerçəkləşməsində birinci vacib addımdır.
Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək və iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq. Hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir. İran İslam Respublikası Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək.
Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıblar və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək. Azərbaycan Respublikası və İran Xəzər dənizinin sahilində yerləşir və bu dənizin çirklənməsinin qarşısının alınması və ekosistemin qorunması hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.
İstər məhdud tərkibli, istərsə də geniş tərkibli görüşlərdə müzakirə etdiyimiz mövzular sırasında bu vacib məsələyə toxunduq ki, mövcud olan konvensiyalar, eləcə də sahilyanı beş ölkə arasında əldə olunan razılaşmalar həyata keçirilsin və Xəzər dənizinin ekosisteminin qorunmasında qazınılan uğurların şahidi olaq.
Xəzər dənizi ilə bağlı iki vacib məsələ də var ki, onlardan biri sahilyanı beş ölkə arasında dənizin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasıdır. Bu məsələdə Azərbaycan Respublikası və İran İslam Respublikası arasında fikir birliyi və qarşılıqlı tərəfdaşlıq önəm kəsb edir. Ötən illər ərzində biz bu məsələni müzakirə etmişik və bugünkü görüşlərimizdə də son nəticənin əldə olunması istiqamətində əməkdaşlığımızı davam etdirəcəyimizi bəyan etdik. Eyni zamanda, Xəzər dənizindəki neft mənbələrinin istifadəsinə dair əməkdaşlığımızı davam etdirməklə bağlı fikir mübadiləsi apardıq və hər iki ölkənin neft nazirləri bu məsələni uğurla nəticələnənə qədər diqqət mərkəzində saxlayacaqlar.
Bugünkü danışıqların mövzularından biri də üçtərəfli əməkdaşlıq formatı olub. Üçtərəfli əməkdaşlıq formatı - Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan gündəlikdədir. Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində önəmli addımlar atılıb. Üç ölkənin dövlət başçıları səviyyəsində bu məsələ ilə bağlı toplantı da keçirilib. Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı çərçivəsində də bu günə qədər əhəmiyyətli işlər görülüb və bu sahədə işlər davam etdirilməlidir. Bugünkü görüşümüzdə isə Azərbaycan-İran-Gürcüstan üçtərəfli formatı ilə bağlı müzakirələr apardıq və belə qərara gəldik ki, bu məsələni diqqət mərkəzində saxlayaq.
Bugünkü danışıqlarımızda regional məsələlərlə bağlı müzakirələrimiz oldu. Azərbaycanın və İranın regional məsələlərlə əlaqədar mövqeləri bir-birinə yaxındır. Bu fikirdəyik ki, terrorist fikirlər və terrorist ideyalar bu bölgədə həmişəlik yox olsun. Suriya və İraq məsələləri ilə bağlı ortaq mövqelərimiz var. Bugünkü görüşlərimizdə ümid etdiyimizi bildirdik ki, üç ölkənin - Rusiya, İran və Türkiyənin səyləri Suriya məsələsində nəticə versin. Astanada başlanan yol nəticədə uğurla başa çatsın və Suriya məsələsi danışıqlar yolu ilə həllini tapsın. İran İslam Respublikası bu əqidədədir ki, ölkələrin ərazi bütövlüyünə hörmət edilməli, regiondakı münaqişələr danışıqlar və diplomatik yollarla tənzimlənməlidir. Ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapacaq.
Sonda bir məqamı vurğulamaq istəyirəm ki, Azərbaycan-İran münasibətləri dostluğa və qardaşlığa əsaslanan strateji münasibətlərdir.
AzVision.az