Prezident dörd həmkarı ilə görüşdü - Yenilənib

Prezident dörd həmkarı ilə görüşdü - Yenilənib
  16 Mart 2017    Oxunub:1736
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Latviya Respublikasının Prezidenti Raymonds Veyonis ilə görüşüb.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı Latviya Prezidenti Raymonds Veyonisin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirdi və bu tədbirin artıq bir ənənəyə çevrildiyini vurğuladı. Latviya Prezidenti Raymonds Veyonis V Qlobal Bakı Forumunda 53 ölkədən nümayəndələrin iştirakının önəmini qeyd etdi və Azərbaycan tərəfinin bu tədbiri yüksək səviyyədə təşkil etdiyini vurğuladı. Raymonds Veyonis Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olmasından qürur hissi keçirdiyini dedi.

Prezident Raymonds Veyonis Prezident İlham Əliyevin Latviyaya rəsmi səfərə dəvət məktubunu dövlətimizin başçısına təqdim etdi və bu səfərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. Azərbaycan ilə Latviya arasında müxtəlıf sahələrdə əlaqələrə toxunan Raymonds Veyonis təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin görüldüyünü bildirdi və azərbaycanlı tələbələrin Latviya universitetlərində təhsil almaları üçün müvafiq tədbirlərin həyata keçirildiyini qeyd etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Makedoniya Respublikasının Prezidenti Georgi İvanov ilə görüşüb. Prezident İlham Əliyev Makedoniya Prezidenti Georgi İvanovun V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Makedoniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd etdi. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun artıq çox əhəmiyyətli tədbirə çevrildiyini və burada dünyada gedən siyasi proseslərin müzakirə edildiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə Makedoniya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq ölkələrimizin iqtisadi, o cümlədən idxal-ixrac və sərmayə imkanlarının araşdırılmasının vacibliyini qeyd etdi.

Makedoniya Prezidenti Georgi İvanov V Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı. Georgi İvanov Azərbaycan ilə Makedoniya arasında siyasi münasibətlərin əla səviyyədə olduğunu qeyd edərək iqtisadi sahədə əlaqələri gücləndirməyin zəruriliyini bildirdi.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Buyar Nişani ilə görüşüb. Albaniya Prezidenti Buyar Nişani V Qlobal Bakı Forumuna dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, dövlətimizin başçısı ilə görüşməkdən məmnunluq hissi keçirdiyini dedi. Prezident Buyar Nişani Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğuladı. O, Albaniya xalqının səmimi salamlarını Azərbaycan xalqına çatdırdı. Albaniya Prezidenti Buyar Nişani Prezident İlham Əliyev ilə görüşünün münasibətlərimizin perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.

Albaniya Prezidentinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bu Forumun müzakirələrin aparılması baxımından vacib beynəlxalq tədbir olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və yaxşı perspektivləri olduğunu dedi. Hər iki ölkənin enerji sektorunda yaxşı tərəfdaşlar olduğunu qeyd edən Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin üçüncü toplantısında albaniyalı nazirin iştirakının önəmini vurğuladı. Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin çox uğurla həyata keçirildiyini bildirdi. Azərbaycan ilə Albaniyanın siyasi əlaqələrinin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyədə qarşılıqlı dəstəyin və beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlığın olduğunu qeyd etdi, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. Azərbaycan ilə Albaniya arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində işlərin görülməsinin vacibliyini bildirən dövlətimizin başçısı bunun ölkələrimizin qarşısında duran əsas məqsədlərdən biri olduğunu dedi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç ilə də görüşüb. V Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini vurğulayan Prezident İlham Əliyev Forumda iştirakına görə Filip Vuyanoviçə minnətdarlığını ifadə etdi, görüşün, eyni zamanda, ikitərəfli münasibətlərimiz ətrafında fikir mübadiləsinin aparılması üçün yaxşı fürsət olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında əlaqələrin çox uğurla inkişaf etdiyini dedi, əməkdaşlığımızın razılıq doğurduğunu qeyd etdi.

V Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirən Monteneqro Prezidenti Filip Vuyanoviç Prezident İlham Əliyevlə görüşündən məmnunluğunu bildirdi. Açılış mərasimində söylədiyi nitq münasibətilə dövlətimizin başçısını təbrik edən Filip Vuyanoviç Prezident İlham Əliyevin daxili və regional vəziyyətlə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğuladı. İkitərəfli əlaqələrimizin səviyyəsindən razılığını ifadə edən Filip Vuyanoviç Prezident İlham Əliyevin Azərbaycan-Monteneqro əlaqələrinin inkişafına verdiyi töhfəni çox yüksək qiymətləndirdiklərini vurğuladı, ölkələrimiz arasında bu cür yaxın, uğurlu və dost münasibətlərin olmasında Prezident İlham Əliyevin verdiyi dəstəyin vacibliyini qeyd etdi.

Görüşdə iki ölkə arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.





AzVision.az




Teqlər:





Xəbər lenti