Polşa mətbuatı Novruz bayramından yazıb

Polşa mətbuatı Novruz bayramından yazıb
  21 Mart 2017    Oxunub:2686
Cari ilin 20 mart tarixində Polşanın www.ttg.com.pl (Travel Trends Group) saytında “Azərbaycanda Yeni il” başlıqlı məqalə dərc edilib (http://ttg.com.pl/leczenie-produktami-naftowymi-w-azerbejdzanie/).
Məqalədə yeni ilin yazda qeyd edilməsinin qədim ənənələrə söykəndiyi, şumerlər, akkadlar, romalılar və etrusklar tərəfindən qeyd edildiyi, Azərbaycanda isə yaz bayramının qeyd edilməsi ənənnəsinin qədim türkdilli skiflər tərəfindən başlandığı bildirilir. Daha sonra bildirilir ki, bu bayramı qeyd edən xalqlar ya dünya xəritəsindən silinmiş ya da bu ənənəni yaddan çıxarmışlar. Xaricdən gələn dinlərin nümayəndələrinin bu bayramı qadağan və ya assimilyasiya etmək cəhdləri uğursuzluqla nəticələnmiş, Azərbaycan xalqı bu bayramı ilkin formasında və saflıqda qorumağa müvəffəq olmuşdur. Sovet dövründə bu bayramın tamamilə qadağan olunmasına baxmayaraq, Azərbaycan xalqı bayramı bağlı qapılar arxasında da olsa qeyd etmiş, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra isə bayram dövlət statusu almışdır.

Bu Yeni il bayramının adı Novruz bayramı adlanır. Novruz fars sözü olub mənası yeni gün deməkdir. Bayram isə türk sözü olub “bay” və “aram” sözlərinin birləşməsidir. “Bay” sözü türk xalqlarının ən qədim tanrısının adını ifadə edir, “aram” isə qədim türk dilində işarə deməkdir. Beləliklə, bayram sözü “Qədim tanrının işarəsi” mənasını ifadə edir. Bu isə özünü təbiətin transformasiyasında göstərir.

Daha sonra məqalədə Azərbaycanda Yeni ilin – birinci dəfə təqvim üzrə 1 yanvar tarixində və təbiətin canlanması ilə isə ikinci dəfə qeyd edildiyi, bayramın əsas mahiyyətinin təbiətin canlanması ilə bağlı olduğu, səkkiz gün qeyd edildiyi, hər günün isə bir tanrıya aid edildiyi diqqətə çatdırılır. Bayramın ilk dörd günü təbiətin canlanması ilə əlaqədar olub – ilk gün Səma tanrısına, ikinci gün Su tanrısına, üçüncü gün Torpaq tanrısına, dördüncü gün isə Alov tanrısına aid edilir. Əsas bayram isə 22 mart tarixində qeyd edilir, bu gündə köhnə il ilə sağollaşırlar, gecə və gündüzün bərabərləşməsi baş tutur. Bu gün Günəş tanrısına ibadət edilir.

22 mart tarixindən sonra qeyd edilən 3 bayram insanın dirçəlişinə həsr edilib. İlk gün əcdadların yad edilməsi günü ilə, ikinci günü gələcəyin öncədən görülməsi ilə, üçüncü gün isə xeyirxahlıqla bağlıdır.
Sonda astronomik təqvim ilə Azərbaycanda yeni ilin yerli vaxtla 14:29-da, Polşa vaxtı ilə isə 11:29-da başlayacağı qeyd edilir.

AzVision.az





Teqlər: Polşa   Novruz   Azərbaycan  





Xəbər lenti