Xərçəng hüceyrələrini müəyyənləşdirən cərrah bıçağı

Xərçəng hüceyrələrini müəyyənləşdirən cərrah bıçağı
  27 Avqust 2013    Oxunub:2695
Yeni alət vasitəsilə 81 əməliyyat aparılıb
Böyük Britaniyanın İmperial kollecinin tədqiqatçıları Macarıstanın Debresen Universitetindən olan həmkarları ilə birgə əməliyyat zamanı bədxassəli hüceyrələri müəyyənləşdirən cərrah bıçağı icad ediblər.

Yeni elektrobıçağın köməyi ilə əməliyyat zamanı bədxassəli şişlə sağlam toxumanı 3 saniyə ərzində fərqləndirmək mümkündür.

İstənilən hüceyrə ətraf mühitdən membran lipidi ilə ayrılır. Indiyədək membran lipidlərinə görə sağlam hüceyrəni xəstə hüceyrədən ayırd etmək üçün bu hüceyrələri ayırmaq lipidlərdən təmizləmək və mass-spektrometrin köməyilə analiz etmək lazım gəlirdi.

Macar kimyaçısı Zoltan Takaçu bu lipid analizini birbaşa əməliyyat masasında qan damarlarını yandıran elektrocərrah bıçağının köməyilə aparmaq fikrini irəli sürüb. Bu üsul tətbiq edilərkən yetərli qədər ionlaşdırılmış molekul yaranır ki, onların köməyilə hüceyrənin lipid portretini müəyyən etmək mümkündür. Dağlama zamanı yaranan buxar və tüstünü mass-spektrometrə istiqamətləndirmək olar ki, bu alət vasitəsilə elektrobıçağa düşən hüceyrələrin bəd və ya xoşxassəli olduğunu bilmək mümkün olacaq.

Yeni aləti sınaqdan keçirmək üçün 300 pasiyent üzərində aparılmış əməliyyat zamanı 3 minə yaxın toxuma nümunəsi götürülüb. Tədqiqatçıların açıqlamalarına görə, “ağıllı bıçaq” (iKnife - Intelligent Knife) müxtəlif orqanlarda sağlam toxumaları şişdən ayıra bilib.
Bundan əlavə, alət hətta metastaz nəticəsində yaranmış ikinci şişi də müəyyən edib. “Ağıllı bıçaq” vasitəsilə 81 əməliyyat aparılıb. Bütün əməliyyatlarda alət xərçəngi sağlam toxumadan ayırıb. Nəticə 1-3 saniyədən sonra əldə olunub ki, bu da ənənəvi metodlarla edilən analizdən daha əlverişlidir.

Çox güman ki, yaxın vaxtlarda iKnife onkoloji əməliyyatlarda adi alətlərdən olacaq. Lakin əvvəlcə tədqiqatçılar onun şişi həqiqətən də dəqiq təmizlədiyinə əmin olmalıdırlar ki, bunun üçün də “ağıllı bıçaqla” əməliyyat olunmuş pasiyentləri müəyyən müddət ərzində nəzarətdə saxlamaq lazımdır.


Teqlər:  





Xəbər lenti