Akademik Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edilib

Akademik Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edilib
  29 Mart 2017    Oxunub:4108
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabı Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatı tərəfindən çap edilib.
AzVision.az xəbər verir ki, akademik Ramiz Mehdiyevin iki cildlik əsərinin bu kitabı XX əsrin sonunda müstəqil Azərbaycan dövləti yaradılması probleminin təhlilinə, müasir dövrdə milli identikliyin formalaşmasına həsr edilib. Əminliklə demək olar ki, bu sanballı tədqiqatda Azərbaycan xalqının milli ideyasının formalaşmasının və reallaşmasının əsas mərhələləri ilk dəfə açıqlanır.

Azərbaycanın dövlət müstəqilliyinin 25 illik dövrü ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında ən müxtəlif hadisələrlə zəngindir. Müstəqil Azərbaycanın ilk illəri ölkədə hökm sürən qeyri-sabitliklə bağlı xaotik proseslərlə, dövlətçiliyin olmaması, o vaxtkı iqtidarın dövlətin əsaslarını möhkəmlədə, Azərbaycan xalqının müharibəyə cəlb etmiş ümumi düşmənə qarşı davam gətirə bilməməsi ilə yadda qalıb. Filosof alim Ramiz Mehdiyev müstəqilliyin ilk illərində gedən prosesləri hərtərəfli təhlil edərək məhz dövlət quruculuğunun struktur xassələrini açıqlayır, milli ideyanın və dövlətçiliyin yaradılması üçün zəruri olan əsas elementləri nəzərdən keçirir. Müəllif göstərir ki, iqtidar dövlətçiliyin fəlsəfi əsasını, dövlət quruculuğunun möhkəmlənməsi üçün zəruri olan struktur elementlərini anlamadığı o təlatümlü illərdə belə məsələlərin reallaşdırılması mümkün deyildi. Akademik Ramiz Mehdiyev qeyd edir ki, ölkəni bu cür sistemsiz vəziyyətdən çıxarmağa yalnız dövlətçiliyin əsaslarını dərindən bilən şəxsiyyət nail oldu: “Məhz xarizma, öncəgörmə, iradi keyfiyyətlər, təcrübə, başqa sözlə desək, Heydər Əliyev şəxsiyyəti həmin dövrdə bizim üçün sistem əhəmiyyəti kəsb edən “millət, dövlətçilik”, “idarəetmə sistemi”, “hakimiyyət”, “inkişaf etmiş iqtisadiyyat”, “mənəvi dirçəliş”, “liderlik”, “transformasiya”, “çoxvektorluluq” kimi dəyərlərin – XXI əsrdə müstəqil Azərbaycan dövlətinin mahiyyətini açıqlayan dəyərlərin təşəkkülündə və möhkəmlənməsində çox mühüm rol oynadı”.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin qurulması dövrünü nəzərdən keçirən akademik Ramiz Mehdiyev qeyd edir ki, 1993-cü ilin ortalarından başlayaraq Azərbaycan öz strateji seçimini etdi. Azərbaycan müasir, dünyəvi, beynəlxalq aləmə inteqrasiya edən, demokratiyanın əsaslarına sadiq olan ölkə kimi inkişaf etməyə başladı. Məhz Heydər Əliyevin milli müstəqilliyin, dövlət suverenliyinin qorunub saxlanması, milli identikliyin inkişaf etdirilməsi siyasəti sayəsində azərbaycançılıq Azərbaycan cəmiyyətini birləşdirən milli ideyaya çevrildi. Akademik Ramiz Mehdiyev yazır: “Bu gün azərbaycançılıq milli inkişaf ideologiyası kimi müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə birləşməsi deməkdir. O, güclü dövlət hakimiyyətinin mövcudluğuna və milli maraqları ifadə edən yüksək milli intizama, formalaşmaqda olan milli mənlik şüuruna əsaslanır, ən müxtəlif sosial təbəqələrdə həmrəylik axtarır, millətin və dövlətin öz potensialından irəli gələn, təkamülə əsaslanan daimi islahatçılığı təbliğ edir”.

Müəllif kitabda milli ideyanın formalaşması mərhələlərini ətraflı təsvir edir, bu ideyanın təşəkkülündə Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyət xadimlərinin rolunu təhlil edir, Azərbaycan etnomədəni məkanına xas olan modelləri nəzərdən keçirir. Alim XXI əsrdə Azərbaycan ideyasının inkişafı yollarını da diqqət mərkəzində saxlayır. Akademik Ramiz Mehdiyev tarixi prosesləri, müasir dünyada mövcud meyilləri və Azərbaycanın imkanlarını nəzərə alaraq əmin olduğunu bildirir ki, ölkəmiz keyfiyyətcə yeni texnoloji cəmiyyətə keçməlidir: “Kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik intellektualların sayının artması Azərbaycanda inkişaf etmiş müasir cəmiyyət yaradılmasına gətirib çıxaracaq hərəkətverici qüvvə ola bilər. Millətin bu keyfiyyətləri milli ideyanın maddiləşməsinin əsas tərkib hissəsi kimi ölkənin innovasiyalı modernləşməsinin əsasını təşkil etməlidir”.

Alim qeyd edir ki, 2003-cü ildə başlanmış yeni inkişaf mərhələsi bu gün dövlətimiz tərəfindən ölkənin bütünlüklə modernləşməsinə nail olmaq üçün davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan insan kapitalının yaradılması, elmin ən yeni nailiyyətlərinin, yeni texnologiyaların və yeni idarəçilik metodlarının tətbiq edilməsi əsasında bu hədəfə çatmağı qarşıya məqsəd qoyub. Bu baxımdan kitabda milli kreativ elitanın formalaşmasının müəllif tərəfindən qeyd edilən yolları, nümayəndələri innovasiyalara oriyentasiya edən, iqtisadi inkişafı hədəf seçən kreativ sinfin tərifi diqqəti cəlb edir.

Müəllif bu fundamental əsərində gələcək Azərbaycanın qurulmasında gəncliyin rolunu, informasiya cəmiyyətində onun yerini və innovasiyalı inkişafda gənclərin iştirakını təhlil edir.

Akademik Ramiz Mehdiyev qəti əmin olduğunu bildirir ki, Prezident İlham Əliyevin dövlətçilik istedadı sayəsində Azərbaycan xalqı bundan sonra da XXI əsrin tələbləri səviyyəsində sosial-iqtisadi inkişaf, milli ideya məsələlərinin həlli yolu ilə irəliləyəcək. Müəllif əmindir: “Bu quruculuq yolu Azərbaycanı yeni postsənaye cəmiyyətinə gətirib çıxaracaq”.

Min nüsxə tirajla çap edilmiş kitab sosial inkişafın müasir nəzəriyyələri ilə maraqlanan oxuculara ünvanlanıb.



AzVision.az


Teqlər: Azərbaycan   PrezidentAdministrasiyası   RamizMehdiyev   Kitab  





Xəbər lenti