At əti satanlar tutulub - Fotolar
Həmçinin köhnə quşçuluq fermasında kəsim üçün primitiv quraşdırılmış müxtəlif alət və ləvazimatlar (3 ədəd balta, 6 ədəd bıçaq, 2 ədəd primitiv quraşdırılmış tal, ətləri asmaq üçün qarmaqlar, 1 ədəd işıq generatoru, 1 ədəd bıçaq itiləmək üçün dəzgah, çoxlu miqdarda laxtalanmış qan gölməçələri) antisanitar vəziyyətdə aşkar olunub. Bildirilib ki, Saqif Abbasov burada antisanitar şəraitdə, qanunsuz, gizli olaraq, baytarlıq nəzarətindən kənar at kəsimi və at ətinin tədarükü ilə məşğul olub. Ferma sahibinin dediyinə görə, tədarük olunan at ətlərini Bakı şəhərindən xüsusi adamlar gəlib aparıblar.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında kəsilmiş atların daxili orqanlarından (qaraciyər və ağciyər s.) və baş nahiyəsinin ətlərindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Fermanın həyətində xüsusi qazılmış çalaya atın müxtəlif orqanları (atın baş-ayağı, qaraciyərləri, mədə və bağırsaqları, at skeletləri, atın dəriləri və s.) yığılaraq qanuna müvafiq şəkildə zərərsizləşdirilib.
Xatırladırıq ki, Abbasov Saqif Tərlan oğlunun bu ilk əməl deyil. Alınan məlumata görə, Abbasov Saqif xeyli müddətdir bu işlə məşğul olub. Həmçinin 17 mart 2017-ci il tarixində də Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayonun Maşlıq kənd sakini Abbasov Saqif Tərlan oğlunun idarə etdiyi “QAZel" markalı 90-DG-562 dövlət nömrə nişanlı yük avtomobilində 1220 kq yararsız ətlər aşkar edilib.
Qeyd edək ki, Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən həmin ətlərdən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin hamısının aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at və iribuynuzlu heyvan əti (41 nümunədən 27-nin at 14-nün isə iribuynuzlu əti) olması müəyyən edilib.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında aşkar edilən kəsilmiş atlardan (atların daxili orqanlarından və baş nahiyəsinin ətlərindən) götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.
AzVision.az