“Mavi balina” uşaqlarımızı uda bilər! – Ləman Ələşrəfqızıdan SOS siqnalı

“Mavi balina” uşaqlarımızı uda bilər! – Ləman Ələşrəfqızıdan SOS siqnalı
  04 Aprel 2017    Oxunub:63317
Bu gün sosial şəbəkənin əsas qəhrəmanı 11 yaşlı Ağamir oldu. Elə facebooku açan kimi gördüm ki, jurnalist həmkarım Əzizə bu balaca oğlanın şəklini və itkin düşməsilə ilə bağlı xəbəri paylaşıb, üzüntüsünü ifadə edib. Bir kədər smayliki də mən qoydum.
Bir Allah şahiddir ki, əlimi göyə də açdım, balacanı pənahında saxlaması üçün o gözəgörünməzə dua elədim. Beynimdə isə qara-qara fikirlərdi. Birdən usagı öldürsələr? Axı cəmi bir gün əvvəl Keşlədə manyakın biri bacı ilə qardaşı öldürmədimi? 16 yaşlı oğlanın meyidi maşının yük yerindən tapılmadımı? “Allah, sən özün saxla, anası yazıqdır bu körpənin” deyib, bir də facebooka girəndə gördüm bıy, uşaq tapılıb!

Haradan? İnternet klubdan! Bəli, 11 yaşlı oğlan bütün gecəni internet klubda keçirib. Uşağın atası məhz belə bir açıqlama verib ki, oğlum internet oyunların xəstəsidir, zəng elədi, gedib gətirdim.

Əslində bu, SOSdur, dostlar! Fərqindəsinizmi ki, uşaqlarımızı biz yox, internet oyunları idarə edir?

Uşaqlarımız əməlli-başlı internetin bəndinə düşüb. Vaxtilə biz bənövşənin bəndinə düşən kimi. Yadınızdadır,
“Bənövşə, bəndə düşə
Sizdən bizə kim düşə?”- deyirdik. Ad çəkirdik, komandada nisbətən güclü olanın adını. O da qaçaraq gəlib bəndi qırır, sıramızdan bir nəfəri özüylə aparırdı. Müasir oyunlar isə uşaqlarımızı hətta o biri dünyaya belə aparır.

Hər halda, “Mavi balina” internet oyunu haqqında oxuduqlarım son vaxtlar bir valideyn kimi məni ciddi narahat edir. Bu yazıda isə jurnalist kimi həyəcan təbili çalıram.

Hamınıza, hamımıza!
Diqqətli olaq. Uşaqların ölümünə səbəb olan bu komputer oyununu Fillip Budeykin adlı biri tərtib edib. Həbs edilərkən o, deyib ki, bu oyunu tərtib etməkdə məqsədi dünyanı lazımsız adamlardan təmizləməkdir. Hətta belə adamları “yaşamağa layiq olmayan zibil” adlandırıb. Bu oyun kütləvi şəkildə gənclərin həyatına son qoyub. Oyunun xarakteri gəncləri cəlb etmək, onlara yüngül işlər tapşırıb sonra intihara sövq eləməkdir.

Deməli,oyunu təşkil edənlər öz sosial qruplarına gəncləri dost kimi daxil edir, sonra onların kompüterlərinə link göndərirlər. Linki klikləyəndən sonra İP adresinə sızıb, ailələri və ünvanları haqqında məlumat toplayır və onlara tapşırıqlar verirlər. O tapşırıqlar müxtəlifdir. Gecə konkret vaxtda oyanıb dəhşətli videolara baxmaq da var həmin tapşırıqların arasında, musiqi dinləmək də, gecəyarısı dama qalxmaq da və s və i.

49 belə tapşırığı yerinə yetirən gənc üçün 50-ci tapşırıq intihar olmalıdır.Əks halda, uşağın ailə üzvlərini öldürəcəkləri ilə hədələyirlər.

Məlumatlara görə, gənclərin kütləvi surətdə ölümünə səbəb olan sosial qruplar xüsusilə “Mavi Balina”, “Sakit ev” və “Məni saat 4:20-də oyat”dır. Bu qruplar təkcə Rusiyanın Perm vilayətində bir ildə 120 gəncin həyatına son qoyub.

Bu haqda düşünmək belə adamı qorxudur, dostlar. O səbəbdən evdə uşaqlarınıza nəzarəti gücləndirin, lütfən. Və yadınızda saxlayın: Mavi balinalar təkcə okeanlarda üzmürlər. Onlar hər yerdədir. Hətta evimizin içində belə. Gecə saat 4.20-də uşağımızı oyada və... uda bilər. Hamımız ayıq-sayıq olmalıyıq ki, udan biz olaq.


Teqlər: #Təhlükə   #Oyun   #SOS  





Xəbər lenti