Azərbaycan tarixinin yeni konsepsiyası yaradılıb

Azərbaycan tarixinin yeni konsepsiyası yaradılıb
  19 Aprel 2017    Oxunub:2445
Azərbaycan Milli Elmlər Akade­miyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Ümumi yığıncağının 29 aprel 2016-cı il tarixli qəra­rının icrası haqqında hesabat təqdim edilib.
Qurumun mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, "AMEA Rəyasət Heyətinin 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında" qəra­rın müvafiq bəndlərində Rəyasət Heyətinə bir sıra tapşırıqlar verilib və həmin bəndlər üzrə mühüm işlər görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyində qarşıya qoyduğu vəzifələri və müəyyən etdiyi prioritetləri rəhbər tutaraq "Azərbaycan elminin inkişaf doktrinası"nın layihəsinin hazırlandığı qeyd edilib. Sənədin layihəsi Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında geniş müzakirə olunub. Şura üzvlərinin təklif və tövsiyələri nəzərə alınmaqla layihə yenidən işlənilib və razılaşdırılması üçün müvafiq nazirliklərə təqdim edilib. Nazirliklər tərəfindən verilən rəy və təkliflər nəzərə alınıb. Rəyasət Heyətinin 18 noyabr 2016-cı il tarixli qərarı ilə layihə bəyənilib və baxılması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunub.

Vurğulanıb ki, 2016-cı ildə aktual elmi və texnoloji problemlərin həllinə, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində multidissiplinar tədqiqatların aparılmasına yönəlmiş elmi tədqiqat proqramlarının maliyyələşdirilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən qəbul edilmiş qərarların icrası təmin edilib.

"Müstəqillik yollarında - 25" kitabının hazırlandığı, həmçinin ölkə başçısının 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi haqqında sərəncamından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə Rəyasət Heyətinin təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" və "Multikulturalizm: meyillər və reallıqlar" kitablarının nəşr olunduğu, AMEA-da "Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm" mövzusunda beynəlxalq elmi konfrans keçirildiyi diqqətə çatdırılıb.

Hesabat ilində informasiya texnologiyalarının tətbiqinin aktual məsələləri araşdırıldığı, biliklər cəmiyyəti şəraitində müəllif hüquqlarının, intellektual mülkiyyətin qorunmasının aktual məsələləri, o cümlədən plagiatlıq, piratçılıq, vərəsəlik, habelə elmin kommersiyalaşdırılması, patentləşdirmə, intellektual mülkiyyətin sığortalanması məsələləri ilə bağlı mövcud problemlər, internet mühitində bu məsələ ilə bağlı yaranan əlavə çətinliklərin araşdırıldığı, Azərbaycanda müvafiq problemlərin həllinə dair təkliflər irəli sürüldüyü qeyd olunub. Bildirilib ki, Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində "Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması (Nizami layihəsi)" üzrə bir sıra işlər görülüb, ölkənin hərbi sənayesinin inkişafı və müdafiə qüdrətinin gücləndirilməsi istiqamətində elmi tədqiqat işləri genişləndirilib, müvafiq elmi müəssisələrdə yeni yüksəkməhsuldar bitki sortlarının yaradılması üzrə molekulyar və genom seleksiyası, bitki genomlarının oxunması, biomüxtəlifliyin mühafizəsi, münbitliyini itirmiş torpaqların bərpası və məhsuldarlığının yaxşılaşdırılması, balıqçılıq və kənd təsərrüfatı heyvandarlığı sahələrində təhlükəsiz ərzaq məhsullarının yaradılması, yeni qida əhəmiyyətli bitki növlərinin introduksiyası istiqamətlərində innovativ multidissiplinar tədqiqatlar aparılıb.

Ötən il elm və təhsilin, ümumilikdə elmi-texniki sferanın normativ-hüquqi bazasının hazırlanması istiqamətində bir sıra işlər görülüb, normativ-hüquqi sənədlərin bu sahədə qəbul olunmuş aktlara və mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması işləri davam etdirilir.

Bildirilib ki, humanitar və ictimai elmlər sahəsində aparılan elmi-tədqiqat işlərində azərbaycançılıq məfkurəsinin tədqiqi və təbliğinə böyük diqqət yetirilib, Azərbaycan tarixinin elmi nəzəri-metodoloji əsaslarına yenidən baxılıb, Azərbaycan tarixinin yeni konsepsiyası yaradılıb.

AMEA-nın innovasiya fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib və bu sahədə innovasiya yönümlü qurumlarla əməkdaşlıq genişləndirilib. Akademiyanın elmi müəssisələrində elmin kommersiyalaşdırılması, elmtutumlu məhsulların istehsalı, ideyaların praktikada tətbiqi istiqamətində fəaliyyətlərini artırmaqla büdcədənkənar əlavə maliyyə vəsaitinin cəlb edilməsinə nail olmaq üçün məqsədyönlü işlər aparılıb.

Məruzədə AMEA-nın Təcrübə-Sənaye Zavodunda həyata keçirilən xüsusi təyinatlı işlərin genişləndirildiyi, istehsal olunan malların dünya bazarına çıxarılması üçün məqsədyönlü işlər aparıldığı qeyd olunub. Vurğulanıb ki, zavodda 60 çeşiddə sürtkü yağları, yuyucu vasitələr və digər məhsulların istehsal olunub.

Bildirilib ki, alimlərimiz BAK-ın (Böyük Adron Kollayderi) ATLAS və ALİCE layihələrində fəal iştirak edirlər. Hazırda 22 azərbaycanlı mütəxəssis Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) çalışır. Onlardan dörd nəfəri eyni zamanda ATLAS layihəsi çərçivəsində Avropa Nüvə Tədqiqatı Mərkəzində (CERN) fəaliyyət göstərir, iki mütəxəssis isə ALİCE layihəsi çərçivəsində CERN-də tədqiqat aparır.

Rəyasət Heyəti yuxarıda sadalanan və qeyd olunan digər məsələləri nəzərə alaraq AMEA-nın Ümumi yığın­cağının 29 aprel 2016-cı il tarixli qəra­rının icrası ilə bağlı görülmüş işləri qənaətbəxş hesab edib. Başa çatdırılmamış işlərin cari ildə davam etdirilməsi istiqamətində tapşırıqlar verilib.

AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti