“Gənclərimiz dəqiq elmləri öyrənsinlər” – ABŞ-da elmi araşdırma aparan gənc azərbaycanlı

“Gənclərimiz dəqiq elmləri öyrənsinlər” – ABŞ-da elmi araşdırma aparan gənc azərbaycanlı
  27 Aprel 2017    Oxunub:11177
Samir Hüseynov 1986-cı ildə Naxçıvan şəhərində doğulub. Atası mühəndisdir, anası isə əvvəl riyaziyyat müəllimi işləyib, indi mühəndis kimi çalışır. S.Hüseynov Bakıdakı 1 saylı fizika-riyaziyyat təmayüllü liseydə oxuyub, Prezident təqaüdçüsü olub. İqtisad Universitetinin xüsusi istedadlar qrupunda təhsilini bitirdikdən sonra Macarıstanda Mərkəzi Avropa Universitetində magistratura təhsili alıb. Hazırda o, xaricdə təhsil üzrə 2007-2015-ci illər üzrə Dövlət Proqramı çərçivəsində Texas A&M Universitetində doktoranturada oxuyur.

S.Hüseynov Amerikanın Milli Elm Fondu tərəfindən tədqiqat mükafatına layiq görülüb. 42,6 min dollar həcmində olan bu mükafat S.Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin İnsan Davranışları Laboratoriyasında sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcək.

Qeyd edək ki, S.Hüseynov son 5 ildə bu mükafata layiq görülən 10-cu, Texas ştatından isə ilk doktorantdır. Ailəsi ilə birlikdə Amerikada yaşayan S. Hüseynov iki oğul atasıdır.




Samir Hüseynov AzVision.az-a müsahibəsində bildirib ki, Milli Elm Fondu ABŞ federal hökuməti tərəfindən maliyyələşdirilir və hər il elmi inkişaf etdirəcək, əhalinin rifahını yüksəldəcək araşdırmalara verilərək, elm adamlarını dəstəkləyir. Fondun qrant mükafatları alimlər arasında böyük nüfuza sahibdir. Bu mükafat referilərin rəyi və komissiyaların qərarları nəticəsində ən yüksək perspektivli elmi işlərə verilir.

- Mən Fondun “Qərarvermə, risk və idarəetmə” proqramı üzrə mükafatına layiq görüldüm. Burada bizim İnsan davranışları laboratoriyamız var. Hazırda həmin laboratoriyanın böyüdülməsi prossesi gedir. Yəni dünyanın ən böyük davranış laborotoriyalarından biri olacaq. Biz burada müxtəlif seçimlər, qida seçimi, bu zaman istehlakçının seçiminə təsir göstərən amillər, Neyro əsaslar – yəni, beyin dalğaları, göz hərəkəti, emosiyalar və s. üzərində çalışırıq. Eyni zamanda, iqtisadi nəzəriyyənin müəyyən modellərini laborotoriyada test edirik.

1920-1930-ci illərdə neoklassik iqtisadiyyatın əsas modellərinin yarandığı dövrə nəzər salsaq, görərik ki, o vaxtlar da insanın iqtisadi davarnışlarını üzə çıxarmaq üçün bir sıra addımlar atılıb. Məsələn, siz bir istehlakçısınız və marketə daxil olub, bazarlıq edirsiniz. Sizin doldurduğunuz səbətdəki məhsulların qiymətinə, keyfiyyətinə baxmaqla əvvələr sizin haqqınızda bir istehlakçı profili, davranışı formalaşdırmağa çalışırdılar. Düşünürdülər ki, başqa bir məlumata ehtiyac yoxdur. Yəni siz nə almısınızsa, ortaya qoyun və biz sizin haqqınızda məlumat verək.

Amma 1960-cı illərdən başlayaraq iqtisadiyyatda yeni bir xətt yarandı. Yəni istehlakçı barədə istənilən məlumatı versəniz, agentlər onu qəbul edəcək və qərarlarını ehtimallaşdıracaqlar. Bəzən istehlakçılara məlumat veriləndə onlar bu məlumatları görməzdən gəlirlər. Və yaxud da, məlumat çoxluğu onları bezdirir və qərarlarını daha da yaxşılaşdırmaq istəyirlər. Bundan sonra belə bir fikir ortaya çıxdı ki, bəlkə insanların seçimləri ilə yanaşı, bu seçim prossesinə daha çox fikir vermək lazımdır. 1980-ci illərdə bu istiqamətdə neyrotətqiqatların inkişaf etməsi və neyro-datanın tətqiqatçıların istifadəsinə verilməsindən sonra ikinci xətt daha da gücləndi. Yəni Alfa, Beta, Qamma dalğalarını ölçməyə başladıq. Bununla da iqtisadi seçimlər arasında əlaqə tapmağa çalışırıq.


(Övladları- Atilla və Mete)

Hazırda bir məqalə üzərində çalıram. Orada göstərirəm ki, insanın seçimləri ilə beyinin qamma dalğaları arasında böyük əlaqə mövcuddur. 2007-ci ildə Amerikada qəbul olunan qanuna görə, bütün restoranlar menyularında təqdim olunan yeməklərin kalorisi ilə bağlı məlumat verməlidirlər. Bu qanunun əsas məqsədi insanları yüksək kalorili qidalardan çəkindirməkdir. Amma qanunun tətbiqi gözlənilən nəticəni vermədi və əhalinin kalori istehlakında azalma müşahidə olunmadı. Mənim qurduğum nəzəri-davranış modelinə görə, yüksək kalorinin təqdim edildiyi mühitdə (restoranlarda və s.) insan beyni daha ləziz görünən, çox kalorili və sağlam olmayan qidaların pozitiv xüsusiyyətlərini önə çəkir, neqativ xüsusiyyətlərini isə görməzdən gəlir və bu yolla qeyri-sağlam qidalanmaya səbəb olur.

S.Hüseynov insanın emosiyalarını, beyin dalğalarını və göz hərəkətlərini də ölçməyi və bu yolla qida seçiminin neyro-əsaslarını araşdırmağı planlaşdırır.

-Milli Elm Fondu 2016-ci ildə elmə təxminən 7.5 milyard dollar vəsait ayırıb. Onlar əsasən dəqiq eləmlərə, mühəndislik və sosial, eyni zamanda iqtisadiyyat elmlərinə pul ayırırlar. Bu maliyyə ancaq tədqiqatlara verilir. Yəni şəxsi istehlak üçün nəzərdə tutulmayıb. Biz laboratoriyamızda təcrübə aparacağıq. Bu zaman kompensasiya da ödəməliyik. Burada mənim əsas məqsədim ehtiras və tamah (temptation) altında iqtisadi qərarların verilmə mexanizmini araşdırmaqdır.

Növbəti bir ildə biz bu tədqiqatları aparıb, məlumatlar toplayacağıq. Daha sonra nəticələri analiz edib, müvafiq elmi jurnallarda çapa göndərəcəyik. Eyni zamanda, bizə maliyyə ayıran ABŞ Milli Elm Fonduna da hesabat verməliyik. Amma çalışacağıq ki, aldığımız nəticələri elmi içtimaiyyətlə bölüşək və yeni bir debatın başlanmasına səbəb olaq.

- Azərbaycanlı bir tələbənin belə bir mükafata layiq görüləməsini ətrafınızdakılar necə qarşıladılar?

- Professorlarım çox sevindi. Departament rəhbərləri məni təbrik etdilər. Burada çox hallarda Azərbaycanı yaxşı tanımırlar. Hər dəfə izah etməli oluram. Bəzən də Azərbaycan haqqında daha dolğun məlumatlara sahib olan insanlarla qarşılaşıram. Burada milli mənsubiyyət ön plana çəkilmir. Əsas görülən işdir. Digər faktorlar elə də böyük rol oyanamır.



- Xaricdə Təhsil üzrə Dövlət Proqramının dayandırılmasına münasibəniz necədir?

-Mən çox istərdim ki, həmin proqram yenidən bərpa olunsun. Məsələn, mən 5 ildir ki, təhsil alıram. Bunun real meyvələrini əldə etmək isə hardasa 10 il ərzində mümkün olacaq. Biz indidənAzərbaycandan kənara, xüsusilə də Amerikaya yüzlərlə tələbə göndərsək, bunun nəticəsini yəqin ki, növbəti 10 il ərzində görəcəyik. Çox uzun bir prossesdir. Səbrlə yanaşmaq lazımdır. Tələbələri daha çox doktorantura üzrə xaricə təhsil almağa göndərmək lazımdır. Dəqiq elmələrə - fizika, riyaziyyat, kimya, mühəndislik üzrə sahələrə üstünlük vermək lazımdır.

- Azərbaycanlı gənclərə nə məsləhət verərdiniz?

- Məsləhət görərdim ki, gənclərimiz daha çox dəqiq elmlərə diqqət ayırsınlar.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: ABŞ   Təhsil   Elm   Azərbaycanlı  





Xəbər lenti