Əkrəm Əylisli ilə bağlı daha bir bəyanat

Əkrəm Əylisli ilə bağlı daha bir bəyanat
  28 Fevral 2013    Oxunub:1965
200-dən çox QHT Əkrəm Əylisli ilə bağlı bəyanat imzalayıb.
Azərbaycan QHT-ləri Human Rights Watch və digər beynəlxalq təşkilatların yazıçı Əkrəm Əylislinin «Daş yuxular» romanı ətrafında baş verənlərə münasibəti ilə bağlı bəyanat yayıb. Bəyanatı 200-dən çox QHT-nin imzaladığı bildirilir.

Bəyanatda qeyd edilib ki, yazıçı Əkrəm Əylislinin «Drujba narodov» jurnalında (№12 2012) dərc olunmuş «Daş yuxular» romanı ölkə ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycan cəmiyyəti bədii əsərdə yer alan fikirlərə öz etirazlarını bildiriblər. Bir sıra beynəlxalq təşkilatlar isə «Daş yuxular» romanı ilə bağlı Azərbaycanda səslənən etiraz bəyanatları və açıqlamaları, müzakirələri yanlış olaraq ölkədə ifadə azadlığının pozulması, yazıçıya qarşı təqib və təhqir kampaniyası kimi qiymətləndirməyə çalışıblar.

“Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq bəyan edirik ki, bir sıra beynəlxalq təşkilatların bu cür mövqedən çıxış etməsi obyektiv reallığı və «Daş yuxular» romanı ilə bağlı ölkə ictimaiyyətinin reaksiyasının adekvat qiymətləndirilməsini əks etdirmir.

Bununla bağlı qeyd etməyi zəruri bilirik ki, yazıçısı Əkrəm Əylislinin Azərbaycan Konstitusiyasında və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdə təsbit olunan öz fikirlərini sərbəst şəkildə, heç bir müdaxilə olmadan ifadə etmək, yaymaq, öz mülahizələrini müdafiə etmək hüququ olduğu kimi onun vətəndaşı olduğu dövlətin vətəndaşlarının qanunvericilik çərçivəsində bu hüquqdan istifadəsini heç kim məhdudlaşdıra bilməz.

Əkrəm Əylislinin «Daş yuxular» romanı ilə bağlı Azərbaycanda baş verənləri və ölkə ictimaiyyətinin reaksiyasını qiymətləndirən zaman yalnız yazıçı Əkrəm Əylislinin ifadə azadlığının təmin olunması kontekstindən çıxış edilməsi birtərəfli dəyərləndirməyə və obyektiv gerçəkliyin təhrif olunmasıyla nəticələnir. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar məhz bu mövqedən çıxış edərək «Daş yuxular» romanının Azərbaycan cəmiyyətində niyə belə kəskin etirazla qarşılanmasına diqqət yetirmirlər”.

Bəyanat müəllifləri bildiriblər ki, “Daş yuxular” romanı eyni zamanda erməni işğalçıları və millətçilərinə Azərbaycana qarşı işğalçılıq siyasətinə haqq qazandırmağa əlavə arqumentlər verməklə sülh təşəbbüslərinə əngəl olanların mövqelərini möhkəmləndirməyə xidmət edir.

“Danılmaz faktdır ki, ermənilər Azərbaycan xalqına qarşı 20-cı əsrdə iki dəfə soyqırımı törədiblər. Əsrin əvvəllərində erməni daşnakları Azərbaycanın dinc əhalisinə qarşı görünməmiş vəhşiliklər ediblər. Erməni millətçiləri ötən sərin 90-cı illərində Xocalı faciəsini törətməklə bir daha öz vəhşi, təcavüzkar mahiyyətlərini bütün dünyaya nümayiş etdiriblər....

... Biz Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq bəyan edirik ki, ifadə azadlığı demokratik cəmiyyətlərin əsas özüllərindən biri olaraq hər bir şəxsiyyətin, cəmiyyətin inkişafı üçün müstəsna əhəmiyyət daşıyır. Beynəlxalq sənədlərdə təsbit olunan zəruri şərtlərsiz heç kimin ifadə azadlığı hər hansı bir formada məhdudlaşdırla bilməz.

Bununla belə ifadə azadlığı heç kimə milli, mənəvi dəyərləri aşağılamağa, xalqlar arasında nifrət yaratmağa, dini inancların təhqir olunmasına haqq qazandıra bilməz.
Bu cür cəhdlərə qarşı münasibət bildirilməsi də ifadə azadlığının tərkib hissəsidir. Demokratik dəyər və ənənələr də beynəlxalq təşkilatlar və ayrı-ayrı hüquq-müdafiəçilərinin də bu mövqedən çıxış etməsini şərtləndirir. Plüralizmin, dözümlülüyün və açıq fikirliliyin tələbləri belədir. Human Rights Watch və digər beynəlxalq təşkilatlar Azərbaycan yazıçısı Əkrəm Əylislinin «Daş yuxular» romanı ətrafında baş verənlərə münasibət bildirən zaman ifadə, yaradıcılıq azadlığının müdafiəsi ilə yanaşı bu cür təşəbbüslərin sülh danışıqlarına ziyan vurmasını, xalqlar arasında qarşıdurmanın güclənməsinə xidmət etdiyini nəzərə almaqla daha obyektiv olmalı, hadisələri adekvat qiymətləndirməlidirlər. Nəzərə alınmalıdır ki, yaradıcı insanlar da cəmiyyət və insanlar qarşısında mənəvi məsuliyyət daşıyırlar. İfadə azadlığının verdiyi imkanlardan yararlanan zaman bu məsuliyyəti hiss etməlidirlər. İfadə azadlığı heç bir halda xalqlar arasında düşmənçilik hisslərinin qızışdırılmasına, milli, mənəvi dəyərlərin, dini inancların təhqir olunmasına haqq qazandıra bilməz”.



Teqlər:





Xəbər lenti