Xorvatiya ilə siyasi məsləhətləşmələr keçirilib

Xorvatiya ilə siyasi məsləhətləşmələr keçirilib
  27 Aprel 2017    Oxunub:1260
Bakıda, Xarici İşlər Nazirliyinin binasında Azərbaycan və Xorvatiya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Xorvatiya Respublikasını isə xarici və Avropa işləri nazirinin müavini Qordan Bakota təmsil edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə X. Xələfov Azərbaycanın Xorvatiya ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və bu xüsusda hökumətlərarası iqtisadi komissiyanın vacib mexanizm kimi iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu deyib. O, Xorvatiya ilə potensial vəd edən əməkdaşlıq sahələri qismində gəmiqayırma, maşınqayırma, sənaye, kənd təsərrüfatı, nəqliyyat və tranzit, həmçinin turizm sahələrini qeyd edərək, xüsusilə energetika sahəsində əməkdaşlığın qarşılıqlı faydalı ola biləcəyini söyləyib.

X. Xələfov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri qovşağında yerləşən Azərbaycanın nəqliyyat və tranzit sahələrində əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Bu xüsusda Xorvatiyanın Avropa qitəsinin nəqliyyat sistemində əhəmiyyətli yer tutduğunu və bu dəhlizlərin Avropa nəqliyyat sisteminə qoşulmasının çox mühüm qlobal iqtisadi inkişafa yol aça biləcəyini vurğulayıb.

Q. Bakota müntəzəm əsasda siyasi dialoqun davam etdirilməsinin məhsuldar fikir mübadiləsi və müzakirələr üçün önəmli olduğunu deyib və yüksək səviyyədə olan siyasi dialoqdan faydalanaraq, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üzrə birgə səylərin davam etdirilməsinin vacibliyinə diqqət çəkib. 2016-cı ilin oktyabrında Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar Kitaroviçin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin strateji səviyyəyə yüksəlməsində rolundan bəhs edən Q. Bakota 7 iyun 2017-ci il tarixində keçiriləcək hökumətlərarası komissiyanın iclasının qarşılıqlı faydalı ola biləcəyini söyləyib. O, Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq anlaşması üzrə danışıqlar prosesinin başlanmasını təqdirəlayiq hal kimi qiymətləndirərək, bu prosesdə Xorvatiya hökumətinin dəstəyini ifadə edib.

X. Xələfov regionda sülh və sabitliyə real təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində danışaraq, danışıqlar prosesinin hazırkı vəziyyətinin Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərdiyini bildirib. X. Xələfov Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyərək, Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət, o cümlədən demoqrafik vəziyyəti dəyişmək yolu ilə status-kvonu möhkəmləndirməyə çalışdığını əlavə edib. Q. Bakota Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

AzVision.az


Teqlər: Azərbaycan   Xorvatiya  





Xəbər lenti