Müqəddəs olmayan Məryəm
Jurnalistikanın “xamlıq etməsi” anlayışı yoxdur – Media istənilən qədər sərt, kəskin, hətta kinayəli yaza, kimlər üçünsə naqolay olan suallar qoya bilər. Amma diplomatın xamlıq etməsi anlayışı var, dərhal da çox pis şəkildə nəzərə çarpır.
Müqəddəs olmayan Məryəmi bu qədər əsəbləşdirən nədir? Azərbaycan jurnalistləri hansı hərəkətlərilə onun aşına su qatıblar? Günahımız böyükdür: Biz Dilqəm Əsgərov haqqında yazılarımızda soruşuruq ki, niyə Rusiya öz vətəndaşının hüquqlarını qorumaq üçün heç nə etmir? Və bu sualları onun özünə də ünvanlayırıq. Bu isə onu qəzəbləndirir.
Bir halda ki, belədir, təklif edirəm, indən sonra Rusiya XİN sözçüsünün brifinqləri bu cür xəbərdarlıqla keçirilsin: “Mariya əsəbləşir. Suallarınızı Müqəddəs Ruha ünvanlayın”.
Sözçünün bir nömrəli funksiyası sualları cavablandırmaqdır. Əgər bunu etməyəcəksə, onun daha heç bir dəyəri qalmır. Əgər məsələyə aydınlıq gətirmək əvəzinə, yazanları təhqir etmək yolunu tutacaqsa, bu, onun ən azı öz işində kompetent olmadığını göstərir.
Tutaq ki, Rusiya XİN niyə vətəndaşları Dilqəm Əsgərova sahib durmadıqları haqda heç bir açıqlama vermək istəmir. Və yenə də tutaq ki, bizim bu istiqamətdəki ritorikamız onları qıcıqlandırır. Aydındır və başa düşmək olar. Bu vəziyyəti çatdırmaq üçün uyğun diplomatik cavablar seçmək, yerinə düşən maneralardan istifadə etmək mümkündür axı. Amma durub kobudcasına bütöv bir ölkənin jurnaistikasına “xam” demək doğrudan, həyasızlıqdır. Bunu məsələn, ikinci blokda yaşayan Məryəm xala bir mərtəbə yuxarıdakı Azər əminin uşaqlarına deyə bilərdi; səsini başına atıb aşağıdan yuxarı “Ay uşaq, kiriyin orda!” qışqırardı. Rusiya boyda dövlətin XİN sözçüsü isə qonşu ölkənin – özü də dost, strateji tərəfdaş olan qonşu ölkənin!,- jurnalistlərinə münasibətdə belə ifadələr işlətməyi özünə rəva görməməlidir.
Xanım Zaxarovanın ermənipərəst olmağı təzə bir şey deyil, o, bunu gizlətməyə heç çalışmır da. Hətta əksinə, həvəslə gözə soxur. Amma ortada çox aydın bir xətt də olmalıdır ki, Mariya harada qurtarır, Rusiya XİN harada başlayır! Onun şəxsi ermənipərəstliyi diplomatiyasını təmsil etdiyi dövlətin mövqeyi ilə qarışmamalıdır. Bu gün çox təəssüf, əksi baş verdi.
Sovet diplomatlarından hansısa öz işlərinin nə qədər çətin və həssas olduğunu göstərmək üçün SSRİ-ni qab-qacaq mağazasına girmiş filə bənzədərək, deyirdi ki, hər bir ehtiyatsızlıq böyük ziyan vura bilər. Vəziyyət elə də dəyişməyib: Rusiya diplomatiyası da qab-qacaq mağazına girmiş fildir və yenə də buna uyğun davranmalıdır. Amma deyəsən, xanım Zaxarova işin bu tərəfini tam anlamır.
Biz, xüsusilə də regional məsələlərdə Rusiya diplomatiyasını daha həssas, onun təmsilçilərini isə daha təmkinli görmək istəyirik. Bu gün Azərbaycan jurnalistikasını “xam” sözüylə təhqir edən Zaxarova diplomat deyildi, aqressiv bir ermənipərəst qadın idi. Niyə aqressiv idi – burası bir az qaranlıqdır. Bəlkə də ona görə ki, sevdiyi ermənilərin əslində qondarma məhkəmə qərarı ilə ahıl, xəstə bir insanı yarımcan vəziyyətdə girovluqda saxlayacaq qədər mürtəce sifətinin göstərilməsi onu narahat edir. Axı “dostunu göstər, deyim kimsən” məsəlini heç kim ləğv etməyib. O isə erməniləri tez-tez “dostum” adlandırır.
Vüsal Məmmədov
AzVision.az
Teqlər: #Mariya-Zaxarova #diplomatiya #Rusiya #XİN