"Cahil insanlar zəif olurlar" - Nərgiz Paşayeva

"Cahil insanlar zəif olurlar" - Nərgiz Paşayeva
  28 Aprel 2017    Oxunub:4672
“Mükafata layiq görüldüyüm üçün AMEA-nın prezidentinə minnətdaram”.
AzVision.az xəbər verir ki, bu barədə AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına qızıl medalı"na layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Onun sözlərinə görə, bu mükafat başqa alimə də verilə bilərdi: “Elmi müəllimlərimdən öyrənmişəm. Bu məqamda müəllimlərimə minnətdaram. Onlar bizi öyrədiblər, indi də öyrədirlər. Sözügedən mükafatın dəyərini və məsuliyyətini anlayıram. Dünyada aqillər qüvvətli, cahillər isə zəif olurlar.

Arzu edirəm ki, əməyim elmimizi daha qüvvətli etsin. Azərbaycan elmi, daha geniş müstəvidə, beynəlxalq müstəvidə öz təsdiqini tapsın, “Oksford” kimi universitetdə öz təzahürünü, layiqli yerini tapsın. Nizami Gəncənin adı “Oksford” Universitetində daimi qalsın. Çünki, “Oksford” Universitetinin devizi belədir: “tanrı məni işıqlandırır”. Nizami Gəncəvi isə yazmışdı ki, “mənim misralarımdan gözlərə işıq gəlir”. Bu gün Nizami işığının və bizim elmimizin, mədəniyyətimizin təntənəsidir".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 28-də keçirilən ümumi yığıncağında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" öz sahiblərinə təqdim olunub.

Müsabiqənin nəticələrinə görə, müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsinə verdiyi xüsusi dəstəyə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland Qızıl medala layiq görülüblər.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti