Abituriyentlərin bilik səviyyəsi getdikcə azalır

Abituriyentlərin bilik səviyyəsi getdikcə azalır
  29 Aprel 2017    Oxunub:3481
Əvvəlki illərin məzunlarının topladıqları orta balın təhlili göstərir ki, məzun olunan il uzaqlaşdıqca toplanılan orta bal da azalır. AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2016-ci ilə dair illik hesabatda qeyd edilib.
Ali məktəblərə qəbul imtahanı zamanı ən mühüm göstəricilərdən biri həmin il üçün qəbul imtahanında orta bal hesab olunur. Müsbət haldır ki, orta qəbul balı ildən-ilə artaraq 177 baldan (2012) 209 bala (2016) çatıb. Aradakı 32 ballıq fərq həyata keçirilən düzgün strategiya, resursların optimal idarə edilməsi və reallaşdırılma layihələrinin müsbət nəticə verməsinin göstəricisidir.

Orta qəbul balını müəyyənləşdirirəkən nəzərə almaq lazımdır ki, bunu əvvəlki illərin məzunlarının ciddi təsiri var. Hər il universitetə sənəd verən bütün abituriyentlər həmin ili məzun olmur, yəni əvvəlki illərin məzunları da müxtəlif səbəblərdən sonrakı illər ali məktəbə qəbul olmaq üçün yenidən müraciət edir.

2016-ci ildə ali məktəblərə qəbul olmaq üçün sənəd verən abituriyentlərin 64 faizi cari ilin, 36 faizi əvvəlki illərin məzunu olub.

Əvvəlki illərin məzunlarının məzun olduqları illərə görə topladıqları orta balın təhlili göstərir ki, məzun olunan il uzaqlaşdıqca toplanılan orta bal azalır. Yəni illər ötdükcə abituriyentin bilik və hazırlığı, təbii olaraq azalır və bu da özünü imtahan nəticələrində göstərir.

İllər üzrə ballara nəzər salanda aydın olur ki, müəyyən ilin abituriyentlərinin orta balı cari ilə yaxınlaşdıqca özündən əvvəlki bir ilin abituriyentlərinin orta balından yüksək olur. (2013-cü ilin məzunları istisna olaraq özlərindən əvvəlki ilin məzunlarından 3 bal az toplayıb). Nümunə üçün 2010, 2011, 2012, 2014, 2015 və 2016-ci ildə məzun olan abituriyentlərin 2016-ci ildə qəbul imtahanında topladıqları orta bala baxsaq, görəririk ki, ballar müvafiq olaraq 86, 88, 96, 104, 156 və 254 olub.

Aydındır ki, eyni ildə imtahan verən abituriyentlər arasında əvvəlki illərin məzunlarının ümumi abituriyent sayındakı faizi (36 faiz) kifayət qədər böyükdür və həmin qrup abituriyentlərin topladıqları bal ümumi orta bala ciddi təsir göstərir. Yəni ümumi orta bal cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir, çünki orada əvvəlki illərin məzunlarının da sayı var.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Təhsil   Qəbul   Tələbə  





Xəbər lenti