Aeroport yolunda qəza baş verib, ölən var - YENİLƏNİB

  30 Avqust 2013    Oxunub : 355
Aeroport yolunda qəza baş verib, ölən var - YENİLƏNİB
Bakıda aeroport yolunda bir-birinin ardınca iki ağır yol qəzası baş verib.
Bu gün Bakıda aeroport yolunda qəza törətmiş sürücünün və həlak olan piyadanın adları məlum olub. Suraxanı Rayon Polis İdarəsindən APA TV-yə bildiriblər ki, Heydər Əliyev prospektində maşınla vurulan piyada 1991-ci il təvəllüdlü qadındır. İlkin məlumata görə, onun adı Günay Məmmədovadır.

Onu Verdiyev Təhmin Rəhman oğlunun idarə etdiyi BMW X5 markalı avtomobil vurub.

Hadisə şahidləri maşınla vurulan piyadanın üzərindən bir neçə maşının keçdiyini bildirib. Polis əməkdaşları isə bu məlumatın həqiqətə uyğun olub-olmamasının dindirmələrdən sonra məlum olacağını deyib. Lakin onlar bildirib ki, meyit tanınmaz halda olub.

Hazırda hadisəni törədən avtomobilin sürücüsü tibbi müayinədən keçirilir.

Qeyd edək ki, hadisə yerinin bir neçə metrliyində yerüstü piyada keçidi var. Amma həlak olan piyada keçiddən istifadə etməyib.


***

AzVision.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hər iki hadisə axşam saatlarında qeydə alınıb.

BMW markalı avtomobil yolu keçən, şəxsiyyəti hələ dəqiqləşməmiş 18-20 yaşlı qızı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Aeroport yolunda baş verən digər qəza yolun Xəzər rayonundan keçən hissəsində qeydə alınıb. “Mercedes”, “Nissan”, VAZ-2107 və KİA markalı avtomobillərin toqquşması ilə nəticələnən zəncirvarı yol qəzasında ölən olmasa da, maşınların hamısına ciddi ziyan dəyib. Polisdən həmçinin bildirilib ki, qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Hər iki faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az

Teqlər: