Özündən 24 yaş böyük müəlliməsi ilə evlənən Makron kimdir? - DOSYE (FOTOLAR)

Özündən 24 yaş böyük müəlliməsi ilə evlənən Makron kimdir? - DOSYE (FOTOLAR)
  08 May 2017    Oxunub:23172
Emmanuel Makronun prezident seçiləcəyini iki il əvvəl kimsə Paris küçələrində söyləsəydi, həmin şəxsə heç kim ciddi reaksiya verməzdi. Düzdür, Makron buna qədər tanınmayan biri idi. Onun ən yadda qalan addımı maliyyə sahəsində yüksəkmaaşlı işdən Yelisey sarayına az maaşlı və sadə işə keçməyi olub. Bir il sonra sadə fransızlara “Makron kimdir” sualı verilsəydi, onu ancaq lənətləyərdilər.
Emmanuel Makron bir anda bütün Fransada məşhur oldu. Fransa iqtisadiyyatına güc verən Loi Macron (“Makron qanunu”) onu solçular və Həmkarlar İttifaqı ilə düşmən etdi. Hazırda isə onun adını çəkməyə ehtiyac yoxdur. Fransanın bütün şəhərləri yeni seçilən prezidentin şəkilləri ilə bəzədilib.

Makronun həyatı əslində ard-arda xoş təsadüflər əsasında formalaşıb. Makron çox uğurlu bir ailədə - varlı sosialist ailəsində dünyaya gəlib. Onun valideynləri həkim olublar.

O, Amen şəhərində prestijli məktəbdə oxuyub, nə siyasətçi nə də biznes karyerası haqqında düşünüb. Makron yazıçı, ən pis halda isə aktyor olmaq istəyib.



Lakin 16 yaşında hər şey dəyişdi. O, öz müəlliməsi Brijit Tronyeyə aşiq olub. Müəllimə ondan 24 yaş böyük olsa da, onun sevgisinə qarşılıq verib. Amen böyük şəhər olmasa da patriarxal şəhərdir. Emmanuelin valideynlərinin dünya baxışları yerli yepiksopdan heç də fərqlənmirdi. Ona görə də cütlüyün münasibəti ilə bağlı şəhərdə qalmaqal yaşananda valideynləri orta məktəbi bitirməsi üçün onu Parisə göndərib.



Getməmişdən əvvəl Makron Amen şəhərinə varlı olaraq qayıdacağına və sevgilisi ilə ailə həyatı quracağına söz verib.

Makron Parisdə latın məhəlləsində prestijli IV Henrix kollecinin şagirdi olub. Bu məktəbin məzunları adətən ən prestijli ali məktəblərə daxil olurlar. Məhz buna görə də Makron yazıçı və aktyor olmaq fikrindən vaz keçərək iqtisadçı və siyasətçi olmaq qərarına gəlib.

O, daha sonra dünyada məşhur olan Syans Po – Paris Siyasi Araşdırmalar İnstitutunda təhsilini davam etdirib.



Məşhur fransız filosof Pol Rikerin katibi işləyərkən Markon xeyli insanla tanış olub və nəticədə Fransanın İqtisadiyyat Nazirliyində işə başlayıb. Burada da onun bəxti gətirir. O siyasi görüşlərindən asılı olmayaraq bir çox Fransa prezidentlərinin dostu olan Jak Attalinin komandasında işləməyə müvəffəq olub. Deyilənə görə, o məhz Attalidən €50 min avro borc pul alaraq dövlətlə müqaviləsini pozduğu üçün cərimə ödəyib.

Markon daha sonra məşhur “Rothschild & Cie Banque” bankında işləməyə başlayıb. Onun bu vaxta qədər Sosialistlər partiyasına üzv olması nə ona, nə də sosialistlərə sevgi hissə bəsləməyən bank rəhbərləri David, Eduard, Erik və Flipə mane olurdu. 1981-ci ildə Rotşildlərin əvvəlki bankı sosialist Fransua Mitteran tərəfindən milliləşdirilib və qardaşları hər şeyi yenidən başlamağa məcbur olub.



Onun bankdakı ən böyük uğuru “Nestle” şirkəti tərəfindən uşaq qidası istehsalı ilə məşğul olan “Pfizer” şirkətinin bölməsinin alınması ilə bağlı müqaviləni uğurla həyata keçirməsi olub. Əməliyyatdan əldə olunan gəlir Makronu milyoner edib.

2012-ci ildə Makron prezidentliyə namizəd Fransua Ollandın komandasına daxil olub. Onları Attali tanış edib. Yaxşı işləməyin mükafatı olaraq Makron Fransanın prezident aparatının rəhbərinin müavini təyin edilib.

Yüksək vəzifəyə gəlməklə Makron yüksək əmək haqqından imtina edib. 2014-cü ildə isə Makron Fransanın iqtisadiyyat və maliyyə naziri təyin olunub və ona istənilən iqtisadi islahat səlahiyyəti həyata keçirmək imkanı verilib.

Bax, beləcə Makron ölkənin ən nifrət edilən siyasətçilərindən birinə çevrilib, onun rəhbəri – Olland isə yenidən seçilməklə bağlı son şanlarını da itirib.



Makronun islahatları qeyri-populyar olmaqla yanaşı, həm də zəruri idi. Onlar minimal əmək haqqına şamil olunur, işə götürənin hüquqlarını artırır, bazar günləri də işləməyə imkan verirdi. Bu islahatlar nəqliyyat, notariat, arbitraj, tikinti, kiçik biznes, əmək mübahisələri və digər sahələrə şamil olunurdu. İslahatların əhali və bir çox Sosialist partiyasının üzvləri tərəfindən qəbul olunmamasına görə, hökumət “Makron qanunu”nu xüsusi prosedurla qəbul edib. Belə ki, qanun layihəsi parlamentdə ilkin müzakirə olunmadan qəbul olunub.



Qeyd edək ki, Fransada keçirilən seçkilərin yekun nəticələri açıqlanıb. Fransanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, artıq bülletenlərin 100 faizi hesablanıb.

Emmanuel Makron 66,06% , Marin Le Pen isə 33,94 səs toplayıb. Makrona 20,7 milyon seçici səs verib. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib. Onlardan 11,5 faizi seçki qutularına boş bülletenlər atıb.

Bununla da Makron Fransanın yeni prezidenti kimi tarixə düşə bildi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Fransa   Makron   Prezident  





Xəbər lenti