Müsavatdan Lalə Şövkətin Partiyasına sərt cavab

  31 Avqust 2013    Oxunub : 308
Müsavatdan Lalə Şövkətin Partiyasına sərt cavab
Azərbaycan Liberal Partiyasının (ALP ) sədri Əvəz Temirxan mətbuata açıqlamasında bildirib ki, ALP Cəmil Həsənli üçün imza toplamır. Onun sözlərinə görə, ALP-nin imza kampaniyasından kənarda saxlanılmasına səbəb Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat partiyalarıdır.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məsələyə münasibət bildirib. O deyib ki,Cəmil Həsənliyə imza toplamaq yalnız Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP )üzərinə düşmür:

`Müsavat heç vaxt deməyib ki, imzaları biz tək, yaxud da ki, AXCP ilə bərabər toplamalıyıq. Bu cür fikirləri deyən adamlara Cəmil Həsənlinin namizədliyi irəli sürüləndə, sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunanda müraciət olunmuşdu. Əslində müraciətə ehtiyac yox idi, onlar özləri seçki kampaniyasında istəklərini və arzularını bildirməli idilər. Biz, seçki qərargahının üzvləri həmin partiyanın rəhbərlərinə təklif etmişik ki, buyurun seçki qərargahına. Kimisi obyektiv, kimisi subyektiv səbəblərdən hələ cavab verməyib. Onları gözləyə bilməzdik, imza vərəqlərini təcili paylamalı idik. Amma seçki qərargahının işi təkcə imza toplamaqdan ibarət deyil. Seçki kampaniyası dövründə qarşıda kifayət qədər ciddi işlər var. Kimlərsə seçkidə köməklik göstərmək istəyirsə, seçki qərargahına müraciət etsin. Burada Cəmil Həsənlinin seçki qərargahı yazılıb, Müsavatın, ya da AXCP-nin seçki qərargahı yox. Avqustun 23-dən seçki kampaniyasına başlamışıq. Həmin vaxtdan sonra ALP-nin nümayəndələri Cəmil Həsənliyə hər hansı bir müraciət ediblər ki, seçki qərargahında iştirak etmək istəyirik. Müraciət ediblərsə, desinlər. Məncə, belə bir müraciət olmayıb. Kim iş görmək istəyirsə, seçki qərargahına gəlsin, bizi qınamaqla iş keçməyəcək`.

Nihadə Eyyubova

Teqlər: