Mikayıl Cabbarov 58 tələbə ilə görüşüb

Mikayıl Cabbarov 58 tələbə ilə görüşüb
  02 Sentyabr 2013    Oxunub:1218
2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 152 namizəd barəsində müsbət qərar qəbul olunub.
AzVision.az-a bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 31-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 58 tələbə ilə görüşüb.

Görüş zamanı nazir tələbələri təbrik edərək onların Azərbaycanın ən layiqli gəncləri sırasında yer tutduğunu söyləyib. Təhsil naziri qeyd etmişdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan nazir hazırda bu ənənənin dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib.

Nazir gənclərə ölkəmizlə daim sıx əlaqə saxlamağı tövsiyə etmiş, bu baxımdan Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) fəaliyyətinin əhəmiyyətli olduğunu söyləyib. Dövlət Proqramı üzrə təhsil alan tələbələrin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını nəzərə çatdıran təhsil naziri onların seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərin ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 152 namizəd barəsində müsbət qərar qəbul olunub. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.


Teqlər:  





Xəbər lenti