"Diplomatiyanın şeyxi" - Ruhani necə prezident oldu? (DOSYE)

"Diplomatiyanın şeyxi" - Ruhani necə prezident oldu? (DOSYE)
  20 May 2017    Oxunub:17461
Həsən Ruhani İranda keçirilən prezident seçkilərində qalib gəlib. İkinci dəfə prezident kürsüsünə yiyələnən Ruhani seçicilərin 57 fazinin səsini toplayıb. Onun rəqibləri Mustafa Mirsəlim 478 215, Mustafa Haşimitəba isə 215 450 səs yığa bilib. Ruhaninin prezident seçilməsi artıq rəsmən elan edilib. Bununla da İranın hazırki və gələcək prezidenti Həsən Ruhani dünyanın diqqət mərkəzində olan simaya çevrilib.
AzVision.az Həsən Ruhaninin avtobioqrafiyasını oxuculara təqdim edir:

-Həsən Ruhani 1948-ci il noyabr ayının 12-də İranın Simnan ostanındakı Sürxə şəhərində şah əleyhdarı ailəsində anadan olub. Dini təhsilə 1960-cı ildə Simnan mədrəsəsində başlayıb. 1961-ci ildən Qum şəhərindəki mədrəsədə təhsilini davam etdirib. Müəllimləri dövrünün məşhur ilahiyyatçıları Seyid Mohaqqiq Damad, Şeyx Murtuz Hayəri, Fazil Lənkərani, şeyx Məhəmməd Şahabadi və Seyid Məhəmməd Rza Qolpəyəgani olub. Bundan əlavə o, dünyəvi təhsil də alıb. 1969-cu ildə Tehran Universitetinə daxil olub, 1972-ci ildə bu universiteti məhkəmə hüququ üzrə bakalavr dərəcəsi ilə bitirib. Ruhani bundan sonra təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb. 1999-cu ildə elmlər namizədi olub.

Gənc yaşlarından ayətullah Xomeyninin ideyalarını dəstəkləyərək şah əleyhinə təbliğat aparmağa başlayıb. Buna görə şah hakimiyyəti tərəfindən dəfələrlə həbs olunub, ona ictimai yerlərdə çıxış etmək qadağan edilib.

1977-ci ilin noyabrında Mustafa Xomeyninin anım tədbirində ilk dəfə ayətullah Xomeyninin ünvanına "İmam" sözünü işlədib. Buna görə təqiblərə məruz qalacağına görə ayətullah Məhəmməd Behiçtinin məsləhəti ilə ölkəni tərk edib, Parisə gedib.

Ruhani 1980-ci ildə İran İslam Şura Məclisinə üzv seçilib. 20 il (1980-2000) məclis üzvü olduğu müddətdə müxtəlif vəzifələri icra edib. İran-İraq müharibəsi dövründə 1982-ci ildən 1988-ci ilə qədər Ali Müdafiə Şurasının üzvü, Müharibəyə Dəstək komissiyasının üzvü, həm də onun icra komitəsinin sədri (1986-1988), İran Ordu komandanının müavini (1983-1985), İran Hərbi Hava Qüvvələrinin komandanı (1986-1991) və s. vəzifələr icra edib. Müharibədəki xidmətlərinə görə Fəth (Qələbə) medalı ilə mükafatlandırılıb.

İranın Ali Rəhbəri Ayətullah Xomeyninin Məclisdəki nümayəndəsi təyin edilib və 1989-cu ildən 2005-ci ilə qədər 16 il müddətində Təhlükəsizlik Şurasının katibi olub. Həmçinin sabiq İran prezidenti Hatəminin 2000-2005-ci illərdə Təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutub.

O, məsul vəzifələrlə yanaşı, elmi fəaliyyətini də davam etdirib. 1995-1999-cu illərdə Tehran Universitetinin hamilər şurasının üzvü olub. 1991-ci ildən Strateji Araşdırmalar Mərkəzində çalışıb, araşdırmaçı-professor adı alıb, fars, ərəb və ingilis dillərində çoxlu elmi kitab və məqalələrin müəllifidir.

Ruhani İranın Qərblə nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən əsas simalardan biri olub. Təhlükəsizlik Şurasının katibi və Məclisin vitse-spikeri kimi xarici nümayəndələrlə nüvə proqramı barədə diplomatik müzakirələrdə, o cümlədən MAQATE-ilə danışıqlarda iştirak edib. Buna görə ölkəsində "Diplomatiyanın şeyxi" adını alıb.

Həsən Ruhani 2013-cü ildə ilk dəfə İran İslam Respublikasının prezidenti seçilib.

Qeyd edək ki, Ruhani 20 yaşı olarkən 14 yaşlı xalasıqızı Sahibə Ərəbi ilə ailə qurub. Onların 4 övladı var.

AzVision.az


Teqlər: İran   Ruhani  





Xəbər lenti