Bakı sakinlərinin neçə faizi oruc tutacaq?

Bakı sakinlərinin neçə faizi oruc tutacaq?
  26 May 2017    Oxunub:3508
“ACT Azərbaycan” Ramazan ayının başlaması ilə bağlı sorğu keçirib.
Şirkətdən AzVision.az-a verilən məlumata görə, rəyi soruşulmuş respondentlərin tam yarısı (50 %) Ramazan ayında oruc tutacağını bildirir. Oruc tutanların 51 %-ni qadınlar, 46 %-ni isə kişilər təşkil edir.

Ramazan ayında yemək, içmək, siqaret çəkmək, intim əlaqə, hər cür qatı toz və tüstünü udmaq, qəsdən qusmaq, bədənə imalə etdirmək, qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışmaq, Quran ayələrini bilə-bilə səhv oxumaq, yalan hədislər söyləmək, qeybət etmək, ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsi orucu batil edir.

Bəs Bakı sakinləri Ramazan ayında hansı əməllərdən çəkinir ?
Rəyi soruşulan respondentlərin 5 %-i Ramazan ayında siqaretdən,11 % isə alkoqollu içkilərdən imtina edir. Paytaxt sakinlərinin əksəriyyəti bu ay ərzində söyüş söymək (15 %) və dalaşmaqdan da (25 %) çəkinir.

Maraqlısı odur ki, Ramazan ayında orucu pozan əməllər arasında toy mərasimlərinin keçirilməsi yer almasa da, rəyi öyrənilmiş bütün sakinlər bu ayda toy etməkdən imtina edir (100 %).

Qeyd edək ki, sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

AzVision.az


Teqlər: Ramazan   Oruc  





Xəbər lenti