İlham Əliyev Bakıda beş tunelin açılışında

İlham Əliyev Bakıda beş tunelin açılışında
  03 Sentyabr 2013    Oxunub:2040
`Qələbə meydanı` Bakının ən gözəl meydanlarından olacaq`
Sentyabrın 2-də Bakıda "Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı" layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər uğurla icra olunur.

Dövlətimizin başçısının Sərəncamına uyğun olaraq "Qələbə meydanı" adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin edilməsini nəzərdə tutan layihə artıq yekunlaşıb.

"Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı" adlanan layihə çərçivəsində inşa edilən 5 tunel artıq hazırdır. Bu layihəyə daxil olan 6 saylı tunel isə 2012-ci ilin dekabrında istifadəyə verilib.

Layihənin podratçısı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dir. Sinqapurun "Surbana International Consultants" şirkətinin layihələndirdiyi qovşağın məsləhətçi-nəzarətçisi Türkiyənin "Pro Yapı Proje İnşaat" şirkətidir.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına layihə barədə məlumat verdi.

Bildirildi ki, Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı əlavə tədbirlərin icrası uğurla həyata keçirilir. Qələbə-Gənclik adlanan ərazidə yol qovşağı da tamamilə yenidən qurulub.

Prezident İlham Əliyev layihənin icrasını əks etdirən filmə baxdı.

Sonra dövlətimizin başçısı inşa edilən tunellərin istiqamətini bildirən maketə baxdı.

Bildirildi ki, layihə üzrə ərazidə 16 giriş-çıxışlı, ümumi uzunluğu 2 min 512 metr, eni 8-15,5 metr, hündürlüyü 5,5 metr, hərəkət zolaqlarının sayı isə 5 olan 6 tunel tipli yol qovşağı inşa edilib.

Prezident İlham Əliyev inşa edilən tunellərlə tanış oldu.

Görülən işləri yüksək qiymətləndirən Prezident İlham ƏLiyev deyib:

"Üç il ərzində böyük iş görülübdür. Şəhər infrastrukturu yeniləşir, yollar, körpülər, tunellər. Son illərdə Bakıda onlarla, ölkə üzrə bəlkə də yüzlərlə körpü, keçid, tunel tikilib. Hər şey insanların rahatlığı, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır.
Gələcəkdə hələ ki görüləsi işlər çoxdur. Bakının yol infrastrukturunun yeniləşməsi, qurulması istiqamətində hələ böyük işlər görüləcəkdir. Ancaq görülən işlər kifayət qədərdir. İnsanlar tez-tez bu yeniliklərə öyrəşirlər.

İndi misal üçün 5, 7 il bundan əvvəlki vəziyyəti yada salanda görürük ki, yerlə göy qədər fərq vardır. Aeroport yolu, körpülər, qovşaqlar, tunellər tikilir, özü də hər yerdə. Təkcə şəhərin mərkəzində deyil, şəhərin bütün yerlərində böyük nəqliyyat infrastrukturu yaradılır. Hazırda Ziya Bünyadov istiqamətində də böyük qovşaq tikilir. Burada da - "Gənclik" metrosunun ətrafında əvvəllər də iki yol açılıb, iki istiqamətə aparan yollar. Bu yollar da elə bu qovşağın tərkib hissəsi olaraq indi fəaliyyət göstərir. Bütün binalar yenidən qurulub, abadlaşıb. Bu meydan doğrudan da yeni görkəm alıb. Futbol stadionu da əsaslı təmir edilibdir. Burada digər infrastruktur tikilir. Yəni, Bakının ən gözəl meydanlarından biri olacaq".

Qalereya




Teqlər:  





Xəbər lenti