DİN Zaqatalada narkoəməliyyat həyata keçirib

DİN Zaqatalada narkoəməliyyat həyata keçirib
  28 Fevral 2013    Oxunub:1470
Əməliyyat nəticəsində ümumi çəkisi 11 kiloqram olan həşiş götürülüb.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Zaqatalada əməliyyat keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz əldə edilib saxlanması və satışında təqsirli bilinən Muğanlı kənd sakini, 49 yaşlı Əliməmməd Əliyev yaxalanıb. Saxlanılan şəxsdən sellofan torbada ümumi çəkisi 11 kiloqram olan həşiş götürülüb.

Polis tərəfindən dindirilən Ə. Əliyev bildirib ki, narkotik maddəni bir müddət əvvəl tanış olduğu Cəlilabad rayon sakinindən satmaq məqsədilə alıb. Daha sonra isə həşişi satmaq üçün müştəri axtarıb. O, narkotik maddəni satmaq üçün alıcı tapıb və 60 min ABŞ dollarına satmağa razılaşıb. Ə. Əliyev həşişi satarkən cinayət başındaca həbs edilib.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs əvvəllər də narkotik maddələrin qanunsuz əldə edib saxlama və satışında təqsirli bilinərək məhkum olunub. O, 1995-ci ildə Gürcüstana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirib satdığı üçün tutulub və 7 il məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb. Hazırda istintaq qrupu narkotik maddənin mənbəyini və Ə. Əliyevin digər cinayət əlaqələrini araşdırır.


Teqlər:





Xəbər lenti