Bakı Amerika Mərkəzinin 10 illiyi qeyd edilib – Fotolar

Bakı Amerika Mərkəzinin 10 illiyi qeyd edilib –  Fotolar
  05 İyun 2017    Oxunub:3986
Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümümü ilə bağlı universitetin həyətində tədbir keçirilib.
Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən AzVision.az -a daxil olan məlumata görə, tədbir çərçivəsində qısa çıxışlar olub, Bakı Amerika Mərkəzinin son on il ərzində həyata keçirdiyi fəaliyyətlərini əks etdirən fotoşəkillər nümayiş edilib, “Maker Space” (Yaradıcılıq Məkanı) fəaliyyətləri nümayiş olunub, qonaqlara dadlı təamlar təklif edilib və tədbirdə tanınmış musiqiçi Elçin Şirinovun qrupu çıxış ediblər. Tədbirə, Mərkəzin xidmətlərindən uzun müddət istifadə etmiş əsasən tələbələr, müəllimlər və təhsil işçiləri dəvət olunublar. Eyni zamanda tədbir zamanı ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsinin qaliblərinə Səfir tərəfindən mükafatlar da təqdim olunub.

Bu tədbir, ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş fəaliyyətlər çərçivəsində baş tutub.

Bakı Amerika Mərkəzi, Amerika mədəniyyəti, dəyərləri və ABŞ-ın təhsil sistemi haqqında informasiyanın daha geniş auditoriyaya çatdırılması baxımından Səfirliyin həyata keçirdiyi ən səmərəli proqramlarından biridir. Bu Mərkəz, məktəb şagirdlərini, tələbələri, ABŞ-da təhsil almış məzunları, təhsil işçilərini, ingilis dili müəllimlərini və mədəniyyət sahəsində çalışanları bir araya gətirir. Fəaliyyət göstərdiyi 10 il ərzində Bakı Amerika Mərkəzi 5,000-dən çox tədbir təşkil etmiş, 250,000-dən çox iştirakçını qəbul etmiş və 500 stajçı və könüllünün bilik və bacarıqlarının inkişaf etməsinə kömək göstərib.

Bütün bu illər ərzində Bakı Amerika Mərkəzinə ev sahibliyi etmiş Azərbaycan Dillər Universiteti ilə ABŞ Səfirliyi arasında həyata keçirilən əməkdaşlığın əhəmiyyətini daha da möhkəmləndirmək baxımından 10-cu ildönümünün qeyd olunması çox vacib məqamdır. Fəaliyyətinə yalnız bir kitabxana otağı ilə başlamış Bakı Amerika Mərkəzində bu gün təlim otaqları, Uşaq Guşəsi və uşaqlara, gənclərə elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə proqramları öyrənmək imkanı yaradan, bu yaxınlarda yaradılmış “Maker Space” (Yaradıcılıq Məkanı) fəaliyyət göstərir.

Tədbirdə iştirak etmək, uğur hekayələri, Mərkəz və Mərkəzin innovativ proqramlarında, xüsusilə peşəkar inkişaf üçün resurs rolunu oynayan “Maker Space” (Yaradıcılıq Məkanı) və ingilis dili proqramlarında iştirak etməklə əldə etdikləri nailiyyətlər barəsində məlumat vermək üçün Bakı Amerika Mərkəzi keçmiş əməkdaşlarını və fəal istifadəçiləri də dəvət edib.
Bakı Amerika Mərkəzi, Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri və hazırda Vaşinqton DC-də Beynəlxalq İnformasiya Proqramları (BİP) Koordinatorunun müavini vəzifəsini icra edən Conatan Henik və Azərbaycan Dillər Universitetinin keçmiş rektoru, professor Səməd Seyidovun dəstəyi ilə 2007-ci ildə fəaliyyətə başlanılıb. Tədbirdə cənab Henikin əvvəlcədən yazılmış video müraciəti də təqdim olunub.

Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Bakı Amerika Mərkəzi haqqında ətraflı məlumatı https://www.facebook.com/americancenterbaku/ Facebook səhifəsindən və yaxud 488 3300 (daxili 3617) telefon nömrəsinə zəng etməklə ABŞ Səfirliyinin İnformasiya Mərkəzindən əldə edə bilərsiniz.


















Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Bakı-Amerika-Mərkəzi  





Xəbər lenti