Qafqaz müsəlmanları İdarəsindən Obamaya çağırış

  03 Sentyabr 2013    Oxunub : 465
Qafqaz müsəlmanları İdarəsindən Obamaya çağırış
Qafqaz müsəlmanları İdarəsi Suriyada müharibə başlanılacağı ilə bağlı yayılan xəbərlərlər bağlı bəyanat yayıb.
QMİ-dən AzVision.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, günahsız insanların cəzalandırılmasını heç bir halda qəbul edə bilməzlər:

"Amerika Birləşmiş Ştatları tərəfindən Suriya ərazisində hərbi əməliyyatlara başlanılacağı barədə xəbərlər bütün dünya ictimaiyyətini, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsini narahat edir və diqqət mərkəzindədir. Belə ki, bu hadisələrin gedişatı ümumən bəşəriyyətin taleyinə təsir edə bilər.

Suriya torpağı tarixən müxtəlif dinlərin nümayəndələrinin yaşadığı və zəngin mənəvi irs yaratdığı məkan olmuşdur. Hazırda bu torpaqlarda müqəddəs məkanların, o cümlədən, İslam ziyarətgahlarının dağıdılması və insanların kütləvi məhvi bizim qəlbimizi sarsıdır və hədsiz hiddətləndirir. Heç bir vəchlə bu hadisələrə haqq qazandırmadan, əsl günahkarların ciddi şəkildə müəyyən edilib, beynəlxalq mühakiməyə verilərək cəzalandırılmasının tərəfdarıyıq. İnsanlıq əleyhinə cinayət törətmişlərin məhvi adı ilə günahsız insanların cəzalandırılmasını isə heç bir halda qəbul edə bilmərik.

Heç bir dövlətə demokratiyanı süngü uclarında gətirmək müyəssər olmadığı kimi, təcavüz və kənardan müdaxilə ilə də heç bir xalqı xoşbəxt etmək mümkün deyil. Bunun sonu görünməyən acı nəticə və gələcək fəsadlarını dünya Əfqanıstan və İraqın nümunəsində görməkdə davam edir.

Qafqaz Müsəlmanları İdarəsi vaxtilə 11 sentyabrda Nyu-York və Vaşinqton şəhərlərində törədilmiş terror aktlarına da birmənalı qiymət vermişdi. Biz o hadisələri təkcə Amerika xalqı əleyhinə deyil, bütün sivil bəşəriyyətə qarşı yönəldilən ən çirkin cinayət kimi qiymətləndirmişdik.

Azərbaycan xalqı özü təcavüzün və terrorun qurbanlarından biridir. Erməni terroru nəticəsində ölkəmizin 20 faizi işğal olunmuş, minlərlə həmvətənimiz məhv edilmişdir. Əgər vaxtilə dünya birliyi Ermənistan təcavüzünə layiqli sipər çəksəydi, bu gün terror və təcavüzlər bu qədər vüsət almazdı.

Bu gün həyat sübuta yetirir ki, bütün qlobal problemləri, habelə qaynar nöqtələrdəki gərginliyi bəşəriyyət birgə səylərlə, beynəlxalq hüquq normalarına uyğun şəkildə aradan qaldırmalıdır. Heç bir siyasət dinc əhalinin qırğınına, nahaq qanların tökülmasinə, kəndlərin, müqəddəs ibadətgahların dağıdılmasına bais olmamalıdır. Bunun əksi bəşəriyyəti böyük qarşıdurmaya gətirib çıxarar, sonsuz qisasın və yeni faciələrin əsasını qoyar. Müsəlmanların Müqəddəs Kitabı Qurani-Kərimdə buyurulduğu kimi: “ Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin” (əl-Maidə, 2).

Biz ümidvarıq ki, ABŞ vətəndaşlarının iradəsini ifadə edən Konqress bütün dünyadan səslənən «Müdaxiləyə yox» sədalarına biganə qalmayacaq və Suriyada hərbi əməliyyatlarla bağlı qərara yox deyəcəkdir. Bu, həm ABŞ-ın dünyadakı nüfuzunu artırar, həm də dünyamızı daha böyük fəlakətlərdən xilas edər. Dünya miqyasında sülh mükafatına layiq görülmüş ABŞ Prezidentindən də gözləntimiz məhz bu yöndədir.

Əminik ki, veriləcək qərar Amerika xalqının milli maraqlarına ən uygun bir qərar olub, bu dövlətin bütün dünyada nüfuz və qüdrətinin daha da artmasına dəlalət edən müdrik qərar olacaqdır.

Biz dünya ictimaiyyətini, Birləşmiş Millətlər Təşkilatını, dünya dini liderlərini Suriyadakı qanlı münaqişənin tezliklə qarşısının alınması üçün səylərini qətiyyətlə səfərbər etməyə və problemin yalnız dialoq yolu ilə həllinə çalışmağa səsləyirik.

Biz O Bir Olan Allaha dua edirik ki, Suriya torpağında hərbi əməliyyatlar barədə qərar tezliklə xətm olunsun, beynəlxalq hüququn gücü ilə həm bu torpaqlarda, həm də bütün dünyamızda sülh bərqərar olsun.

Qoy Uca Yaradan köməyimiz olsun!"

Teqlər: