“Qadınlar yaradır” layihəsinin icrasına başlanılıb

“Qadınlar yaradır” layihəsinin icrasına başlanılıb
  05 İyun 2017    Oxunub:3125
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi UNESCO-nun maliyyə dəstəyi ilə “Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” layihəsinin icrasına başlayıb.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tövsiyyəsi ilə reallaşan bu layihə çərçivəsində 17 ədib və 17 gənc rəssam qadının iştirakı ilə dörd günlük seminarların təşkili nəzərdə tutulur. Seminarlara Amerika Birləşmiş Ştatlarındakı Kaliforniya Dövlət Universitetinin müəllimi, şair-tərcüməçi Əlison Məndəvil və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva rəhbərlik edir.

Ötən həftənin şənbə günü uşaqların hərtərəfli inkişafına dəstək üçün yaradılan “Sevimli bala” MMC-in “Talaent studo”sunda start götürən seminarda gənc yaradıcı qadınların müxtəlif mövzularda diskussiyaları təşkil edilib, yazıçı ilə rəssamın birgə təxəyyülünün məhsulu olan əsərlərin yaradılması barədə fikir mübadiləsi aparılıb.

Növbəti seminarlar zamanı müasir Azərbaycan qadınının iş yerlərində, ictimai fəaliyyət sahəsində qazandığı uğurlar, eləcə də cəmiyyət qarşısındakı öhdəlikləri barədə müzakirələr aparılacaq, hər kəs bu mövzuya öz yaradıcı baxışını yeni əsərində əks etdirəcək.

Bu ilin payızında layihə başa çatarkən seminarlarda müzakirələr zamanı yaradılan rəsmlərin sərgisi və bədii nümunələrin oxu gecəsi təşkil ediləcək. Sonda ingilis dilinə tərcümə ediləcək bu əsərlərdən, eləcə də seminarlar zamanı çəkilən rəsmlərdən ibarət kitab-albom nəşr olunacaq. Bu kitab-albom nümunələri Bakıda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə, eləcə də beynəlxalq təşkilatların nümayəndəliklərinə hədiyyə ediləcək, ABŞ-da yayılması təmin olunacaq, habelə kitabın elektron versiyası internet resurslarında yerləşdiriləcək.



“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva əməkdaşımıza bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda gender bərabərliyi məsələsini qabartmaq, gənc qadınlarımızın yaradıcı potensialının inkişafına dəstək olmaqdır.

Qeyd edək ki, “Qadınlar yaradır” layihəsi UNESCO-nun “Üzv dövlətlərin 2016-2017-ci illər üzrə İştirak Proqramı” (“Programme of Participation in the activities of Member States for 2016-2017”) çərçivəsində həyata keçirilir.



Teqlər: #QHT   #Qadınlar-yaradır  





Xəbər lenti