Milli Şura növbəti sessiyasını keçirib

Milli Şura növbəti sessiyasını keçirib
  04 Sentyabr 2013    Oxunub:1018
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sessiyası keçirilib.

Sessiyada seçki kampaniyasının təşkili məsələləri müzakirə olunub.

AXCP sədri Əli Kərimli deyib ki, Milli Şuranın vahid namizədinin prezidentliyə qeydiyyata alınması ilə bağlı imzatoplama prosesi yekunlaşmaq üzrədir: “Bu prosesin əsas ağırlığı könüllülərin üzərinə düşür. Bu kampaniyaya minlərlə fəalın cəlb edilməsinə ehtiyac var”.

Ə. Kərimli seçki kampaniyası üçün lazım olan təbliğat-təşviqat resursları haqda danışıb və təkliflərin reallaşdırılacağını da qeyd edib. AXCP sədri seçki kampaniyasını aparmaq üçün fond yaradılmasını və bu fonda maliyyə vəsaitləri cəlb etməyi təklif edib: “Bu məsələdə Milli Şuranın üzvləri öncül olaraq ilk addımı atmalıdırlar”.

Sessiyada Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahının həmsədrləri, Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı və AXCP Ali Məclisinin sədri Həsən Kərimov məlumat xarakterli çıxış ediblər. Çıxışlarda MSK-nın fəaliyyəti tənqid edilib və C. Həsənlinin namizədliyi ilə bağlı məsələyə qanunvericilikdə nəzərdə tutulandan gec baxıldığı qeyd olunub. Seçki qərargahının nümayəndələri bildirib ki, imzaların böyük hissəsi toplanıb, Müsavat Partiyasında seçki qərargahının fəaliyyətinə şərait yaradılıb. Onlar imzatoplama prosesinə ciddi maneə yaradılmadığını vurğulayıblar.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli çıxışında seçki kampaniyasının ilkin mərhələsini müsbət dəyərləndirib. O, “El” Hərəkatının bəzi üzvlərinin istintaqa cəlb olunmasını pisləyib. C. Həsənli ölkədəki sosial problemlər, insan hüquqları və digər məsələlər haqda danışıb.

Sessiyada Milli Şura üzvləri Mehriban Vəzir, Kamil Vəli Nərimanoğlu, Seymur Həzi, Hacıbaba Əzimov, Əbülfəz Qurbanlı, Natiq Ədilov, Mirmahmud Mirəlioğlu, İsa Qəmbər də çıxış edərək, seçki kampaniyasının təşkili ilə bağlı müəyyən təkliflərlə çıxış ediblər. Çıxışlarda Milli Şuranın loqosunu müəyyənləşdirmək, Rusiyanın Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsində maneə yaratmasına münasibət bildirmək, prezidentliyə namizədin vahid platformasını hazırlamaq, Milli Şuranın strukturlarının aktiv fəaliyyəti təmin etmək təklif olunub. (apa)




Teqlər:  





Xəbər lenti