Prezident səfirlərin etimadnamələrini qəbul edib

Prezident səfirlərin etimadnamələrini qəbul edib
  04 Sentyabr 2013    Oxunub:1168
Azərbaycan prezidenti İlham Əliyev Belçika Krallığının ölkəmizdəki səfiri xanım Karen Petitin etimadnaməsini qəbul edib.

AzVision.az-ın məlumatına görə, xanım Karen Petit fəxri qarovul dəstəsinin qarşısından keçib. Diplomat etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlət başçısı bu münasibətlərin gələcək illərdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. İqtisadi əməkdaşlığımızın yaxşı nəticələri olduğunu deyən prezident İlham Əliyev Belçikanın bəzi şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin önəmini qeyd edib. Azərbaycan ilə Belçika arasında iqtisadi və siyasi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin Avropa İttifaqı çərçivəsində əməkdaşlığından məmnunluğunu ifadə edib.

Xanım Karen Petit Belçika kralı Əlahəzrət Filippin şahzadə olarkən Azərbaycan Prezidenti ilə görüşünü məmnunluqla xatırladığını deyib. Diplomat ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının önəmini qeyd edib.

Görüşdə ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, ticarət, sərmayə qoyuluşu, qeyri-neft sektoru, təhsil, səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonun, Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqasın, Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielsenin etimadnaməsini də qəbul edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti